Modern.az

"370 yaşayış məntəqəsini birləşdirən 1030 kilometrlik yol çəkilib" - Saleh Məmmədov

"370 yaşayış məntəqəsini birləşdirən 1030 kilometrlik yol çəkilib" - Saleh Məmmədov

9 Oktyabr 2017, 23:26

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın ümumi istifadədə olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir. Bu günədək "Azəravtoyol" ASC tərəfindən 370 yaşayış məntəqəsini birləşdirən 56 layihənin icrası başa çatdırılıb". Modern.az xəbər verir ki, bunu “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

 

S.Məmmədov qeyd edib ki, ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 26 yeni körpü və 8 piyada keçidi tikilib: "Siz, həmçinin yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək, bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanmısınız, bu dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edərək, öz dəyərli tövsiyə və tapşırıqlarınızı vermisiniz".

 

"Azəravtoyol" sədri vurğulayıb ki, İdman ölkəsi kimi tanınan respublikamızda və onun paytaxtı Bakı şəhərində uğurla keçirilmiş mötəbər beynəlxalq idman yarışları ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən bu dövr ərzində ASC-yə verilmiş bütün tapşırıqlar da vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib:

 

"Bu ilin yanvar ayında Sizin sədrliyinizlə keçirilən 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda kəndlərarası 40 avtomobil yolu layihəsinin həyata keçirilməsi məsələləri kollektivimiz qarşısında mühüm tapşırıq kimi qoyulub. Sizin imzaladığınız 81 Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu günə kimi, Cəmiyyətimiz tərəfindən 2 milyon nəfər əhali yaşayan, 370 yaşayış məntəqəsini birləşdirən uzunluğu 1030 kilometr olan 56 layihənin icrası uğurla başa çatdırılıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2016-cı ilin aprelində düşmənin nəzarəti altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi nəticəsində yaşamaq üçün təhlükəsiz əraziyə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən 9 kilometr uzunluğunda yolun bərpası ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamınız uğurla yerinə yetirilib və iyunun 14-də Sizin iştirakınızla yolun açılış mərasimi keçirilib. Bu istiqamətdə Bəhramtəpə-Horadiz-Mincivan magistral avtomobil yolunun 64 kilometrlik hissəsinin bərpası işləri də sürətlə davam etdirilir və cari ilin sonunda başa çatdırılacaq., Şimal-Cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək olan 69 kilometr hissənin, həmçinin uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla tikintisi 2018-ci ildə, Şərq-Qərb istiqamətində İpək Yolunun Gəncə şəhərindən keçməklə Gürcüstan ilə dövlət sərhədinədək qalan 130 kilometrlik hissəsinin dörd hərəkət zolaqlı olmaqla 2020-ci ilədək və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 kilometr hissəsinin iki hərəkət zolağı əlavə edilməklə yenidən qurulması işlərinin isə cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

İşsizliyin aradan qaldırılması istiqamətində Sizin tapşırığınıza uyğun olaraq, 2016-cı ildə Cəmiyyətimizdə 2300 yeni iş yeri yaradılıb, bu iş yerlərinə əksəriyyəti məcburi köçkün və qaçqınlardan ibarət olan vətəndaşlar qəbul edilib ki, bu gün də onlar əmək fəaliyyətlərini uğurla davam etdirirlər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir