Modern.az

Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı - Alınan SİLAHLAR...

Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı - Alınan SİLAHLAR...

25 Sentyabr 2018, 13:02

Azərbaycan hazırda silah-sursat bazarında Rusiya silahının əsas alıcılarından sayılır. Stokholm Sülh Araşdırmaları İnstitutunun hesablamalarına görə, 2006-2016-cı illərdə Azərbaycanın xaricdən aldığı silahların 32%-i Rusiyanın payına düşür.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1991-ci ildə SSRİ-nin dağılmasından ta 2005-ci ilə qədər tərəflər arasında silah müqavilələri imzalanmayıb. 2005-2010-cu illərdə isə rəsmi Bakı güc strukturları üçün helikopterlər almağa başlayıb. Mi-172 helikopteri Gömrük Komitəsi, üç ədəd Mi-171B Fövqəladə Hallar Nazirliyi və üç ədəd Mi-171B Daxili İşlər Nazirliyi üçün alınmışdı.

 

2008-ci ildə Fövqəladə Hallar Nazirliyi Rusiyadan Be-200ÇS amfibiya təyyarəsi və 2010-cu ildə 2 ədəd Ka-32A helikopterlərinə sahib olmuşdu.

 

2007-ci ildə Azərbaycan Müdafiə Nazirliyi 62 T-72B tankları, 4 ədəd zirehli təmir-evakuasiya maşını olan BREM-1 və daha 6 ədəd 152 mm-lik qoşqulu “Msta-B” qaubitsası almışdı.

2008-2010-cu illərdə daha 70 ədəd BTR-80A zirehli transportyoru və yeni KamAZ hərbi avtomobilləri, həmçinin 2010-cu ildə 100 ədəd “Kornet” tank əleyhinə raket kompleksi əldə olunmuşdu.

 

2009-cu ildə Azərbaycan S-300 zenit-raket kompleksinin 2 divizonunu satın almaq barədə Moskva ilə razılaşmışdı. 300 milyon dəyərində müqavilə 2010-2011-ci illərdə reallaşmışdı. İmzalanan digər sazişlər əsasında 2013-2018-ci illərdə Azərbaycan Rusiyadan quru qoşunları üçün 100 ədəd T-90C tankı, 118 ədəd BMP-3 piyada döyüş maşını, 230 ədəd BTR-82A zirehli transportyoru, 166 ədəd artilleriya sistemi, o cümlədən 152 mm-lik 18 özüyeriyən “Msta-S” qaubitsası, 120 mm-lik 18  ədəd “Vena” özüyeriyən topu, 18 ədəd 300-mm-lik “Smerç” reaktiv yaylım atəşi sistemi və 24 “TOS-1” ağır odsaçan artilleriya sistemi satın almışdı.

 

Rusiyalı ekspertlər ümumilikdə, həmin hərbi müqavilələrin toplam dəyərinin 1 milyard dollardan çox olduğunu və həmin müqavilədə “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksinin 2 divizionu, 152 mm-lik “Msta-B” qoşqulu qaubitsası, 120 mm-lik “Sani” minomyotları, avtonəqliyyat, mühəndis əmlakı, zirehli “BREM-M1” VƏ “BREM-L” təmir-evakuasiya maşınları və çoxlu sursatın Azərbaycana tədarükünün baş tutduğunu açıqlamışdılar.

 

Ayrı müqavilə ilə 2010-cu ildə Azərbaycan Rusiyadan Dövlət Sərhəd Xidməti üçün 24 ədəd Mİ-35M döyüş helikopteri (müqavilənin dəyəri 360 milyon dollar) və 71 ədəd Mi-171B helikopteri alıb. Onların 40-ı Hərbi Hava Qüvvələrinə, 20-si Sərhəd Xidmətinə, 6-sı Dövlət Mühafizə Xidmətinə və 5-i Daxili İşlər Nazirliyinin balansına göndərilmişdi.

 

Hava Hücumundan Müdafiə Sistemlərinin alınması üçün də addımlar atılmışdı. Buna əsasən, 2011-2012-ci illərdə Azərbaycan 300 atış qurğusu və 1500 ədəd “İqla-S” zenit-raket kompleksi əldə etmişdi. Bəzi mənbələr “TOR-M2E” zenit raket kompleksinin 2 batareyasının da Rusiyanın ölkəmizə satdığı silahlar arasında olduğunu iddia etsə də, bu xəbər tam təsdiqini tapmayıb.

  

2010-cu ilin noyabrında əldə edilən razılaşmaya əsasən, Azərbaycan ərazisində Rusiya şirkətlərinin lisenziyası əsasında, 2021-ci ilə qədər 120 minə qədər “Ak-74M” avtomatı və onlar üçün 5,45 mm-lik güllələr istehsal olunacaq.

 

2011-ci ildə imzalanan müqavilə ilə Azərbaycan BMP-1 və BMP-2 döyüş maşınlarını “Berejok” döyüş hissəsi və “Kornet-E” tank əleyhinə sistemlə möhkəmləndirmişdi.

 

2014-cü ildə Azərbaycan Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətə sahil mühafizəsi üçün “Bal-E” raket kompleksinin 1 divizionunu almaq məqsədilə müraciət etmişdi. Müqavilənin hələ də müzakirə ərəfəsində olduğu bildirilir. Bundan başqa, Rusiyadan yeni 100 T-90C tankları və 12 ədəd Mi-35M helikopterinin alışı ilə bağlı müqavilələr də naməlum səbəblərdən imzalanmayıb.

Bundan başqa, Moskvanın "İsgəndər-M" operativ zenit-raket kompleksini satmaq istəməməsi də rəsmi Bakını Belarusdan "Polonez" raketlərinin simasında alternativ tapmağa vadar etmişdi.

 

Ölkələr arasında hərbi-texniki əməkdaşlıq 1997-ci il iyulun 3-də imzalanmış Qarşılıqlı Dostluq, Əməkdaşlıq və Təhlükəsizlik müqaviləsi əsasında həyata keçirilir. Bundan başqa, 2010-cu ildən bəri Azərbaycan və Rusiya Xəzərdə birgə hərbi təlimlər keçir. Artıq 18 ildir ki, azərbaycanlı hərbiçilər Müdafiə nazirlikləri xətti ilə Rusiyanın nüfuzlu ali hərbi məktəblərində təhsil alırlar.

 

Bütün bu faktlar Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın ümidinə sığınan Ermənistanın siyasi rəhbərliyində qısqanclıq və narahatlıq hissi yaradır. Onlar anlayırlar ki, Bakı ilə Moskva arasında sıxlaşan münasibətlər rəsmi Yerevana Qarabağda daimi status-kvonu saxlamağa imkan verməyəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır