Modern.az

Nəslimin yarpaq tökümü

Nəslimin yarpaq tökümü

Aktual

12 Dekabr 2018, 17:09

Hidayət Elvüsal


Hə, Nazim Hikmətin sözüdür. Amma həm adi, həm də inanılmaz dərəcədə həyati bir anlayışdır. Ömrün sonlarında bunu daha dəqiq bir şəkildə anlayırsan.

Yaşıdlarımızdan, dostlarımızdan, həmkarlarımızdan daha biri (!!!), jurnalist Surxay Əlibəyli də bizi qabaqladı, haqq dünyasına qovuşdu.  

Surxay gözlərində dəniz maviliyi, dəniz sonsuzluğu, dəniz coşqusu, dəniz sakitliyi yaşadan bir dostumuz idi. Milli Azadlıq Hərəkatının fəallarından biri idi. Qarabağ həsrətini ürəyində gəzdirən vətənpərvər idi. Həsrət qaldığı Ağdamdan, külli Qarabağdan yazdığı kitablardan da onun yanar hissləri duyulurdu.

Surxayı hamı çox istəyirdi. Kimi kişiliyinə görə, kimi istedadına, kimi yumorlarına və açığı kimi də yeyib-içməyinə görə. Onun cılız bədənində böyük bir dünya vardı və bu dünyada hər kəsə yer tapılırdı.

O qədər yol yoldaşı olmuşuq ki... Hətta bir dəfə dedi ki, Sücaəti, yəni qardaşımı görmək istəyir. Gəncəyə getdik. Və gördüm ki, elə qardaşım da Surxayı çox sevdi. Gecənin bir aləminə qədər heç zaman etmədiyini etdi... şeirlərini oxudu. Adətən belə görüşlərdə belə etməzdi, amma Surxaya görə elədi. Mat-məəttəl qalmışdım. Səhər Sücaətdən soruşanda dedi:

- Heç nədən korluğu yoxdur. Mən də dadmadığı şeirlərə qonaq elədim...

Dedim axı, yumorla dolu bir həyatı da vardı. Yenə bir dəfə mənim maşınımla Gəncəyə gedirdik. Qobustan qəsəbəsində bir araq götürdük ki, “paxmelimizi” açaq. Bir gün əvvəl toyda həddini aşmışdıq. Arağı alan kimi açmaq istədi. Qışqırdım:

- Neynirsən, ə?

- İçməyək?

- Ə, səhərin gözü açılmamış araq içərlər?

Dinmədi. Təsəvvür edin ki, düz Yevlaxa kimi dinmədi. Amma daha bilmədi və məni də sanki yuxudan ayıltdı ki, yavaş-yavaş gəldiyimiz yol az qala 4-5 saat çəkib.

- Sonra da başağrısı verəcək! - deyib üsyan eləyən Surxay məni o qədər güldürdü ki, daha kababa-filana ehtiyac qalmadı, doydum.

Və əgər belə deməsəydi, elə min fikir içində Gəncəyə qədər ac-susuz gedəcəkdik.

Surxay Əlibəyli jurnalistikada iz qoymuş bir həmkarımız, dostumuzdur. Sərgüzəştləri ilə, məqalə və kitabları ilə həmişə özünü xatırladacaq bir insandır.

Biz onu çox sevdik, çox istədik və tez itirdik. Bəlkə də biz ondan əvvəl bu dünyadan getməli idik. Qismət olmadı. Axı, həm də Surxay hamımızı həmişə hər şeydə geridə qoyurdu.

Elə öləndə də...

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır