Modern.az

2011-ci ildə məhkəməyə verilmisiniz..? - Redaktorların cavabı

2011-ci ildə məhkəməyə verilmisiniz..?  - Redaktorların cavabı

Aktual

11 Yanvar 2012, 10:35


Modern.az
saytı Azərbaycanda fəaliyyət göstərən bir sıra qəzetin geridə qoyduğumuz 2011-ci illə bağlı məhkəmə işinin olub-olmadığını araşdırıb.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan bildirib ki, 2011-ci ildə onların 1 milyon 650 min manatlıq məhkəmə iddiaları olub. A.Ayxanın sözlərinə görə, Azərbaycanın üç qüdrətli naziri "Yeni Müsavat"a qarşı məhkəmə iddası qaldırıb: “Onlar bizim qəzeti məhkəməyə veririblər. Özləri birbaşa məhkəmə iddiasında bulunmayıblar. Müdafiə naziri Səfər Əbiyevin müavini bizi məhkəməyə verib. Fövqalədə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq" və  nəqliyat naziri Ziya Məmmədovun oğlu  Anar Məmmədov qəzetə qarşı məhkəmə iddasında bulunublar”.  

Azər Ayxanın sözlərinə görə, “Yeni Müsavat”a qarşı Səfər Əbiyevin müavini 100 min manatlıq, Kəmaləddin Heydərovun şirkəti 1 milyon manat məbləğində, Ziya Məmmədovun ağlu Anar Məmmədov isə məlum "ayı məsələsi" ilə bağlı 250 min manatlıq iddia qaldırıb: ”Bunlar da üst-üstə 1 milyon  650 min manat məbləğ deməkdir və bu, bildiyiniz kimi Azərbaycan mətbuatında görünməmiş bir məbləğdir. Həm də iqtidar üçün görünməmiş  bir biabırcılıqdır. Ona görə biarbırcılıqdır ki, Azərbaycan hakimiyyəti vaxtaşırı beynəlxalq təşkilatlar tərəfindən tənqid olunanda bizim iqtidar nümayəndələri Azərbaycanda söz və mətbuat azadlığının boğulmamasına dair iddialar qaldırırlar. Deyirlər ki, o təşkilatlar qeyri-obyektivdir. Amma gözlə görülən budur ki, Azərbaycanda hakimiyyətin ən üst pilləsində təmsil olunan məmurlar  söz və mətbuat azadlığını boğmağa çalışırlar”.  
A.Ayxan qeyd edib ki, qəzeti sonuncu dəfə məhkəməyə 2011-ci ildə müdafiə naziri verib. Bu, nazirliyin qəzetə qarşı qaldırdığı dördüncü məhkəmə iddiasıdır.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, ötən il bu qəzetin məhkəmə işi olmayıb. Baş redaktorun sözlərinə görə ümumiyyətlə “Xalq Cəbhəsi” qəzeti onun redaktor olduğu dövrdə qanunla bağlı hər hansı məsuliyyətə cəlb olunmayıb.

“Olaylar” qəzetnini baş redaktoru Yunus Oğuz bildirib ki, qəzetin uzun illərdir məhkəmə problemi olmayıb. "Olaylar” sonuncu dəfə 2006-2007-ci ildə məhkəməyə verilib.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev bildirib ki, ötən il bu qəzet üçün məhkəməsiz keçib.Y.Rzayevin sözlərinə görə, “525-ci qəzet”in sonuncu dəfə məhkəməyə verildiyini vaxtını dəqiq xatırlamır. Onun sözlərinə görə, bir necə il bundan əvvəl Müdafiə Nazirliyi bir mətbuat konfransına görə, bir necə kemiş hərbçini məhkəməyə veribmiş. Bu mətbuat konfransı “525-ci qəzet”də dərc olunub. Buna görə də bu məhkəmə prosesində qəzetin də adı hallanıb. Ancaq daha sonra Müdafiə Nazirliyi tədbiri keçirənlərlə razılaşdığı üçün məsələ də öz həllini tapıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, bu qəzetin ötən ildə məhkəmə işi olmayıb. Ancaq A.Aşırlı deyib ki, qəzetdə dərc olunan bir yazıya görə müəllif Xacmaz rayonunda məhkəməyə verilib. “Şərq” qəzeti bu məhkəmədə ittiham olunan tərəf olmayıb: “Məhkəmənin bizə qətnaməsi daxil olub. Sadəcə bu proses olub, buna məhkəmə demək olarsa”.  A.Aşırlı qeyd edib ki, “Şərq” qəzeti sonucu dəfə 2001-ci ildə məhkəməyə verilib.

Üç nöqtə” qəzetinin baş redaktor müavini Şahin Əliyev bildirib ki, 2011-ci ildə onların hər hansı məhkəmə çəkişməsi olmayıb. Ş.Əliyev qeyd edib ki, bu qəzet tarixində cəmi bir dəfə məhkəmə prosesinə cəlb olunub. “Dəqiq xatırlamıram, qəzet nəşrə başalyandan 1-2 il sonra məhkəməyə verlib. Bundan sora qəzetin fəaliyyət göstərdiyi 13 il müddətində hər hansı məhkəməyə verilmə hadisəsi olmayıb”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun sözlərinə görə, bu qəzetin sonuncu məhkəməsi Ziya Məmmədovun oğlu Anar Məmmədovun qaldırdığı iddia ilə bağlı olub. “Təxminən, 2011-ci ilin payız aylarından başlayan məhkəmə prosesi indi də davam edir, yanvarın 13-də bizim məhkəməmiz olacaq”.  
S.Şərifov qeyd edib ki, hazırda “Azadlıq” qəzetinin üzərində dondurulmuş bir necə məhkəmə prosesi var. Yəni məhkəmə qərarlarının icrası hələ ki, saxlanılıb.  

Media Hüququ İnstitutunun (MHİ)  məlumatına görə, 2011-ci il ərzində 72 jurnalist 90 halda fiziki , psixoloji basqıya, təzyiqə məruz qalıb. Açıqlanan səndə görə,  mediaya, jurnalistlərə qarşı böhtan və təhqirə görə azı 32  iddia qaldırılıb, 8 jurnalistin isə yazılarına görə  cinayət məsuliyyətinə cəlb olunması istənilib.  Diffamasiya iddiaları ilə bağlı “Azadlıq”, “Yeni Müsavat”,  “Xural” qəzetlərinə qarşı məhkəmə iddiaları çoxluq təşkil edilib.
Ümimilikdə jurnalistlərdən 2 700 000 AZN  təzminat istənilib. Jurnalistlərin üzərinə ümumilikdə 46 000 AZN-dən artıq  təzminat ödəmək vəzifəsi qoyulub. Jurnalistlərə qarşı iddia və şikayətlərin  müəlliflərinin  əksəriyyətinin məmurlar, millət vəkilləri, dövlət qurumlarının nümayəndələridir.

Sədaqət SÜLEYMANOVA  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır