Modern.az

“Hagibis” tufanı Yaponiyada fəsadlara yol açdı: ölənlər var

“Hagibis” tufanı Yaponiyada fəsadlara yol açdı: ölənlər var

Aktual

12 Oktyabr 2019, 10:05

Oktyabrın 12-də çox güclü “Hagibis” tufanının Yaponiyanın şərq sahillərinə çatması bir sıra fəsadlar törədib, ölənlər var.

Modern.az ”Azərtac”a istinadla xəbər verir ki, tufanın artıq çatdığı Çiba prefekturasının İçihara şəhərində güclü küləyin aşırdığı kiçik yük maşınının sürücüsü huşsuz vəziyyətdə tapılıb. Sonradan həkimlər onun öldüyünü təsdiq ediblər.

NHK telekanalının tufanın çatdığı ərazilərdən yaydığı video görüntülərdə su basmış küçələr, damları qopmuş binalar, çevrilmiş avtomobillər aydın görünür. Yerli hakimiyyət orqanları Tokio, Şizuoka, Yamanaşı, Kanaqava, Mia, Çiba və Qunma prefekturalarında 1 milyon 800 minədək insanın təxliyəsi barədə xəbərdarlıq yayıblar.

Tufan bir sıra ərazilərdə elektrik enerjisinin verilində fasilələr yaradıb. Paytaxt Tokionun Maçida şəhərində 10 minədək, Kanaqava prefekturasında 23 min, Çiba prefekturasında isə 27 min evin elektrik enerjisiz qaldığı bildirilir.

Tufan nəqliyyatın hərəkətində ciddi fəsadlar yaradıb, artıq iki minədək aviareysin təxirə salındığı bildirilir. Bir sıra dəmir yolu operatorları qatarların, o cümlədən “Şinkansen” sürətli ekspreslərinin hərəkətini dayandırıb. Tufanın keçdiyi ərazilərdə sürətli avtomobil yollarının bağlandığı da bildirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır