Modern.az

 Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova 

 Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova 

18 Noyabr 2019, 15:48

Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər açıq və şəffaf keçirilib, müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib.

 

Bu fikri Modern.az-a açıqlamasında Belarusda parlament seçkilərini müşahidə edən Milli Məclisin deputatı Sahibə Qafarova söyləyib.

Avropa Şurası Parlament Assambleyasının müşahidəçi qrupunun tərkibində səsvermə prosesini izləyən S.Qafarova müşahidə etdiyi məntəqələrdə hər hansı ciddi qanun pozuntusu qeydə alınmadığını vurğulayıb. “Paytaxt Minskdə 20 məntəqədə seçkiləri izləmişəm. Həmin məntəqələrdə seçici fəallığı var idi”, - deyə deputat əlavə edib. O əlavə edib ki, AŞPA-nın ümumilikdə 20 müşahidəçisi Belarusda parlament seçkilərini müşahidə edib.

Qeyd edək ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Mindən artıq beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyib. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edib. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyib.

Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili də olub.

Xatırladaq ki, Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib. Növbədənkənar səsvermə noyabrın 12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39,41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28,56 faiz) qeydə alınıb.

Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, seçicilərin 70 faizdən çoxu səsvermədə iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir