Modern.az

Gənclər Fondu gənclərə nə verəcək?

Gənclər Fondu gənclərə nə verəcək?

Qarabağ

12 Mart 2012, 11:33

Statistik məumatlara görə bu gün Azərbaycanda 3000-ə yaxın qeyri-hökumət təşkilatı  mövcuddur  ki, bunlardan da 200-ə qədərini gənclərin qeyri-hökumət təşkilatlarıdır. Onlar da öz məqsəd və vəzifələrinə uyğun olaraq gənclərin inkişafı istiqamətində  müxtəlif layihələrin icrasını təmin edərək, gənclərin vətəndaş cəmiyyətinin qurulmasında iştirakını gücləndirməyə çalışır, ictimayyətin diqqətini təhsil, ekoloji, mədəni və digər problemlərin həllinə yönəltməyə səy göstərirlər.

Məlum olduğu kimi, ötən ilin dekabr ayında dövlət başçısının fərmanı ilə  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılmışdır. Qeyd etmək lazımdır ki, artıq bir neçə il idi ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşklatlarıının müxtəlif sahələri əhatə edən layihələrinə maliyyə dəstəyi göstərilir və həmin layihələrin icrasına yardım edilirdi.

Ekspertlərin də fikrincə, Gənclər Fondunun yaradılması gənclər təşkilatlarının fəaliyyətinə və onların layihələrinə maliyyə dəstəyinin göstərilməsi işini daha da təkminləşəcək. Fondun yaradılmasında əsas ideya ölkədə fəaliyyət  göstərən gənclər təşkilatlarının milli və  beynəlxalq miqyaslı strateji layihələrin keçirilməsinə dəstək verməkdir.

Gənclər Fondu ideyası  Azərbaycada tətbiq olunan  yeni bir modeldir.  İlk dəfə Gənclər Fondu 1999-cu ildə İngiltərədə gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə yaradılmışdır. Bu gün Gənclər Fondu dünyada yeni bir model kimi artıq İngiltərə ilə yanaşı dünyanın bir çox ölkələrində: Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Hindistan, Kanada, Balkan yarımadası ölkələrində həyata keçirilən yeni bir gənclik konsepsiyasıdır. Düşünürik ki,  növbəti illərdə Azərbaycan Gənclər Fondu modeli və bizim gənclərin təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilməyə başlanılcaqdır və həmin ölkələrdə Azərbaycan təcrübəsindən istifadə olunacaqdır. 

 Bir məqamı da qeyd etmək lazımdır ki,Gənclər Fondunun yaradılıması ötən ildə hazırlanan və təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında  nəzərdə tutulumuşdur.

Gənclər Fondunun əsasnaməsində gənclərlə iş sahəsində ən müxtəlif  sahələrdə strateji layihələri icra etmək, gənclər təşkilatlarının bu sahədə təşəbbüslərinə dəstək vermək və gənc təşkilatlarının fəaliyyətinin stimullaşdırılması kimi maraqlı məqamlar öz əksini  tapıb.

Əsasnaməyə görə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimullaşdırır.

Eyni zamanda, gənclərlə iş sahəsində maddi-texniki bazanın gücləndirilməsi, dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında çalışan gənc kadrların hazırlanması da qurumun yerinə yetirəcəyi əsas vəzifələrdəndir. Eyni zamanda bu fondda toplanan vəsaitlərdən elm sahəsində çalışan yaradıcı, istedadlı gənclərin stimullaşdırılması üçün müxtəlif mükafat, təqaüdlərin təsis olunması nəzərdə tutulub.

Gənclər Fondu  gənclər təşkilatları   üçün müxtəlif  yönümlü ideyaların dəstəklənməsinə yeni imkanlar yaradır.  Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideyadır.

Fondun yaradılması ilə  müxtəlif  layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə,
liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkminləşəcəkdir. Eyni zamanda  Fond gənclərin cəmiyyətdə özünü müəyyənləşdirmə, iqtisadi cəhətdən fəallıq və sərbəstlik və aid olduqları icmaların sosial və iqtisadi inkişafında fəal iştirakının təmin edilməsi üçün müvafiq bilik, bacarıq və münasibətlər aşılanması istiqamətində
mühüm rol oynayacaq.                                                                                                                                                                                                    

Gənclər Fondunun əsasnaməsinə görə Fond həm dövlət büdcəsindən, həm də kənardan maliyyələşə bilər. Bura ianələr, qrantlar, fondun öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər və s. daxildir. Gənclər Fonduna 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat ayrılmışdır.

Yəqin ki, yaxın vaxtlarda Fondun müəyyən olunmuş prioritetlərinə uyğun olaraq  ayrılan maliyyə vəsaitindən asılı olaraq qrant layihələri elan olunacaq və gənclər təşkilatları  tərəfindən irəli sürülən layihələrə maliyyə yardımı ayrılması təmin olunacaqdır.

Ümumiyyətlə, Azərbaycanda  Gənclər Fondunun yaradılıması müxtəlif gənclər təşkilatları tərəfindən  gənclərin problemlərinin həllinə və onların  inkişafına yönələn layihələrin icra olunması üçün imkanların kifayət qədər artmasına səbəb olacaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır