Modern.az

Bakıdan Qəbələyə “RLS-ə yox!” yürüşü barədə bəyanat verildi

Bakıdan Qəbələyə “RLS-ə yox!” yürüşü barədə bəyanat verildi

Qarabağ

14 Mart 2012, 18:40

2002-ci ildə Rusiyaya 10 illiyə icarə verilən Qəbələ Radiolakasiya Stansiyası (RLS) ilə bağlı müqavilənin müddəti bu ilin sonunda bitəcək. Rusiya bu hərbi obyekti bağlamaq fikrində deyil. Əksinə, Kreml Qəbələ RLS-in fəaliyyətini daha da təkmilləşdirmək niyyətindədir. Bu gün Qəbələ RLS-in daha 25 il müddətinə Rusiyanın ixtiyarına verilməsi üçün danışıqlar gedir. 

“Moskvanın bu stansiyaya nə ad verməsindən asılı olmayaraq, obyekt hərbi obyektdir və onun müstəqil Azərbaycanın ərazisində fəaliyyət göstərməsi bütün parametrlərdən dövlətimizin və millətimizin mənafeyinə uyğun deyil. 30 ilə yaxındır ki, Qəbələ RLS Azərbaycan ekologiyasına çox ağır zərbə vurmaqda davam edir. Bu stansiya millətimizin genefondu üçün böyük təhlükə mənbəyi olaraq qalmaqdadır. Təxminən yarım milyon Azərbaycan vətəndaşının başının üzərində RLS kabusu dolaşır”-deyə Modern.az-a “RLS-siz Azərbaycan” hərəkatı təşəbbüs qrupunun sədri Səxavət Əlisoy bildirib.

O, xatırladıb ki, 1999-cu ildə Litva, 2004-cü ildə Macarıstan öz ərazilərində olan RLS-in fəaliyyətini dayandırmağa müvəffəq olub. Rusiya ziyalılarının səyi nəticəsində Moskva ətrafındakı RLS-lərin birinin iş gücü minimuma endirilib. Yaxınlarda Ukrayna Rusiyaya məxsus RLS-in fəaliyyətinə xitam verib.

“Biz isə su qiymətinə Rusiyaya icarəyə verdiyimiz fəlakət mənbəyini siyasi bazarlıq elementinə çevirmişik. Bu Azərbaycan tarixinə qara ləkə kimi həkk olunacaq. Düşündürücüdür, Rusiya Azərbaycanda nəhəng bir hərbi obyekt saxlayır, digər tərəfdən də İrəvana atalıq qayğısı göstərir. O İrəvana ki, 20 ildir torpaqlarımızın 20 faizini məhz Rusiyanın dəstəyi sayəsində işğalda saxlayır. Müstəqil Azərbaycanın ərazisində Rusiyanın hərbi obyektinin yerləşdirilməsi Ana  Yasamıza ziddir. Hesab edirik ki, bu məsələ yalnız və yalnız ümumxalq səsverməsi-REFERENDUM yolu ilə nizamlanmalıdır”.

S.Əlisoy deyib ki, Qəbələ RLS işğal altında qalan torpaqlarımızdan sonra Azərbaycanın ikinci ən böyük problemidir.

“Başa düşüləndir ki, bəzi vəziyyətlərdə dövlət reallığa rəğmən susmağa üstünlük verir. O zaman ziyalılarımız səsini qaldırmalıdır. Azərbaycanı radiasiya təhlükəsindən xilas etmək gərəkdir. Bu gün bir dövlət yetkilisi, bir ekspert belə Qəbələ RLS-in Azərbaycan ekologiyası, genefond üçün təhlükəsiz olduğunu sübut edə bilmir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir soydaşımız Qəbələ RLS-in bağlanması üçün sözünü deməlidir”.

S.Əlisoyun fikrincə, səsimizi dünyaya çatdırmağın zamanıdır. Odur ki, “RLS-siz Azərbaycan” hərəkatı mart ayının 3-cü günlüyündə “Qəbələ RLS-ə YOX!” şüarı ilə Bakıdan Qəbələyə yürüş gerçəkləşdirmək niyyətindədir.

“Etiraz yürüşünə qoşulmaq üçün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara, Qeyri Hökumət Təşkilatlarına (QHT), Gənclər Təşkilatlarına, fədakar, vətənpərvər vətəndaşlarımza səslənirik. Və xatırladırıq ki, etiraz yürüşündə “Qəbələ RLS-ə YOX!” şüarından savayı heç bir şüar səslənməyəcək.
Ekologiya və Təbii Sərvətlər nazirliyinə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinə, Yeni Azərbaycan Partiyasına, iqtidar yönümlü partiyalara, İctimai Palataya, Azərbaycan Xalqının Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərakatına, “Qarabağ” blokuna, Ziyalılar Forumuna, Avro-Atlantik Şuraya, bloklara qoşulmayan siyasi partiyalara, QHT-lərə, və nəhayət, vətənsevər soydaşlarımıza rica edirik ki, etiraz yürüşündə bizə dəstək versinlər.
Etiraz səsimizi bütün dünyanın duyması üçün Kütləvi İnformasiya Vasitələrinin dəstəyinə böyük ehtiyacımız var. Qəzet redaktorlarından xahiş edirik ki, nümayəndələri yürüşdə təmsil olunsun.  
Qəbələ RLS məsələsi milli məsələdir və Azərbaycan siyasi mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, burada yaşayan hər kəsin vətənidir. Bu vətənin torpağını, suyunu, təbiətini qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Gəlin, birlikdə sözümüzü deyək. Azərbaycanın o füsünkar guşəsini RLS kabusundan xilas edək”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır