Modern.az

İki deputat Modern.az-da tələbələri mükafatlandırdı – FOTOLAR

İki deputat Modern.az-da tələbələri mükafatlandırdı – FOTOLAR

Aktual

17 Mart 2012, 20:24

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti  qalibləri mükafatlandırılıb.

Martın 17-də Modern.az-ın redaksiyasında keçirilən təqdimetmə mərasimində millət vəkilləri Jalə Əliyeva və Elmira Axundova qalib tələbələrə öz mükafatlarını  veriblər. 
 
Öncə deputat Elmira Axundova qalib tələbələrə mükafatlarını təqdim edib. O, birinci yerin sahibinə telefon, ikinci yerə layiq  görülən iki tələbəyə isə pul mükafatı verib. Üçüncü yerin qalibi isə ətir dəsti ilə mükafatlandırılıb. Bundan əlavə, deputat hər üç qalibə özünün müəllifi və ya redaktoru olduğu kitabları təqdim edib.

Daha sonra Jalə Əliyeva da öz qaliblərini mükafatlandırıb. O hər üç yerin sahiblərinə qızıl zəmanətli telefon hədiyyə edib.

Qeyd edək ki, millət vəkili Elmira Axundovanın təqdim etdiyi ““Aldığınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda  Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Türkan Xəlilovanın yazdığı “Mən xalqın aynasıyam” adlı məqalə birinci yerə layiq görülüb. İkinci yerin qalibləri isə iki nəfər olub. Millət vəkili BDU-nun tələbəsi Aqşin Zamanovun “Aldığım təhsilə görə hər gün özüm-özümü vicdan məhkəməsinə verirəm” yazısını və İqtisad Universitetinin tələbəsi Tofiq Ağayevin “Təhsil və mən” məqaləsini ikinci yerə çıxarıb. Üçüncü yerə isə “Gənclərin cəmiyyətdə öz yerini tapa bilməməsinin öz səbəbləri var” adlı yazı ilə Bakı Slavyan Universitetinin magistri Aytən Əliyeva layiq görülüb.

Millət vəkili Jalə Əliyeva “Dilimiz mənəviyyatımızdır” mövzusunda BDU-nun 4-cü kurs tələbəsi Əfzələddin Ağalarovun “Dilim-dilim doğranılan ana dilim!” adlı yazısını 1-ci yerə layiq görüb. Deputat 2-ci yeri Bakı Dövlət Universitetinin  Jurnalistika fakültəsinin tələbəsi Hacıbəy Heydərlinin “Bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini əlindən al” adlı yazısına, 3-cü yeri Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin  3-cü kurs tələbəsi Xəyalə Mahmudovanın “Dilimiz varsa, biz də varıq” adlı məqaləsinə verib.

Sonda deputatlar tələbələri Novruz bayramı  münasibətilə  təbrik edib və işlərində uğurlar arzulayıblar.

Xatırladaq ki, bundan əvvəl  deputatlar Vahid Əhmədov, Qənirə Paşayeva da Modern.az saytının “Deputat-tələbə əməkdaşlığı” layihəsi çərçivəsində özlərinin təqdim etdikləri mövzuya uyğun yazıların müəllifləri olan tələbələr arasından qalibləri seçib və mükafatlandırıblar.

 

 

 

 

 

 

 

 


Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı