Modern.az

Məhkumların azad edilməsi humanist siyasətin növbəti təzahürüdür - Kamilə Əliyeva  

Məhkumların azad edilməsi humanist siyasətin növbəti təzahürüdür - Kamilə Əliyeva  

8 Aprel 2020, 16:08

Hazırda nəinki ölkəmiz, bütün dünya həyəcan dolu günlər yaşayır. Planetimiz təhlükəli koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparır. Virusa yoluxanların və həyatını dəyişənlərin sayı gündən-günə kəskin şəkildə artmaqdadır.


Azərbaycan ilk günlərdən etibarən koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirməyə başladı. Nazirlər Kabineti yanında Operativ Qərargah, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nümunəvi addım ataraq birillik əməkhaqlarını fonda ianə etdilər. Ardınca isə nazirliklər, şirkətlər, idarələr və insanlar koronavirusla mübarizə üçün vəsait köçürdülər. Bu, xalq-iqtidar birliyini, milli həmrəylimizi bir daha nümayiş etdirdi.

 

Bunu modern.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib. 

 

Deputatın sözlərinə görə, Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, vaxtında qəbul edilən düzgün qərarlar bir çox fəsadların qarşısını aldı. Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha sabit olması alqışlanmalıdır:

 

“Dövlətimiz tərəfindən görülən bütün işlər xalqımızın bu bəladan mümkün qədər az itkilərlə çıxmasına xidmət edir. Biz hazırkı inkişafımıza məhz birliyimiz, həmrəyliyimiz sayəsində nail olmuşuq. Xalqımız dövlətimizin başçısına inanır və Prezidentimiz də hər zaman xalqın yanında olduğunu sübut edib. Prezident İlham Əliyevin Sərəncamına əsasən yaşı 65-dən yuxarı olan məhkumların azad edilməsi bunu bir daha göstərdi. Dövlətimizin başçısı həmin insanları diqqətdən kənarda qoymayaraq COVID-19 ilə əlaqədar onları əfv etdi. Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürü oldu” ,– deyə K.Əliyeva diqqətə çatdırıb.


Deputat Azərbaycan Prezidentinin koronavirus pandemiyası ilə mübarizədə iqtisadi sahədə apardığı siyasətdən də danışıb. Bildirib ki, dövlət virusun iqtisadi sektora təsirini aradan qaldırmaq üçün vaxtında hərəkətə keçib. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə İşçi Qrup yaradılıb və bu qrup koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı təkliflər hazırlayaraq təqdim edib. Dövlət tərəfindən 2,5 milyardlıq dəstək paketi hazırlanıb. Bu, MDB-də ən böyük dəstək paketidir. Bununla yanaşı, 300 mindən çox işçinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək.


Dövlətin hər zaman xalqın yanında olduğunu vurğulayan deputat deyib: “Azərbaycan xalqı çox humanist, milli adət-ənənələrə hörmət edən xalqdır. Biz bundan da çətin günlər görmüşük, amma çox şükür ki, hamısını adlamışıq. İnanıram ki, Prezidentimizin dəstəyi, xalqın birliyi və Tanrının köməyi ilə bu təhlükənin də öhdəsindən gələcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir