Modern.az

Ömrün 71-ci ilində 11 illik həsrətin sonu - FOTO

Ömrün 71-ci ilində 11 illik həsrətin sonu - FOTO

Aktual

7 İyun 2020, 21:22

Verdiyini alan dünyadır, bu “alış-veriş”də insan aciz və məğlubdur. Nahaq deməyiblər ki, dünya gəlimli-gedimli dünyadır. Amma böyük Səməd Vurğunun məşhur bir misrası da var: Soyuq məzara da zinətdir insan. O insanlar ki, sağlıqlarında həyat yollarında xoş izlər qoyub, bir ömür payına düşən illərdə ən böyük titulunu, “yaxşı insan” adını qazanıb. Qayğıkeş ana, sədaqətli həyat yoldaşı, nəvazişini əsirgəməyən nənə və gözəl pedaqoq Raya Ağayeva kimi...

 

Raya xanım 1949-cu ildə Qubadlı rayonunun Məzrə kəndində anadan olub. Anasını çox erkən, uşaq yaşlarında, 1954-cü ildə itirib. Orta təhsilinə rayonun Eyvazlı kənd səkizillik məktəbində başlayıb. Beşinci sinifdən sonra nənəsi ilə Bakıya, dayısı Məmməd Həsənovun yanına köçüblər. Həmin dövrdə müxtəlif məsul vəzifələrdə işləyən Məmməd müəllim Raya xanıma əsl atalıq qayğısı göstərib, o, nənəsinin və dayısının himayəsində böyüyüb. Bakının Nərimanov rayonundakı 36 saylı orta məktəbi bitirdikdən sonra, Raya xanımLenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil alıb. İnstitutu bitirdikdən sonra Bakı məktəblərində pedaqoji fəaliyyətə başlayıb. 1968-ci ilin iyulun 17-də Raya xanım Aqil müəllimlə ailə həyatı qurub.

 

Raya xanım ömrünün 50 ilə yaxın bir müddətini məktəbə, gələcək nəsillərin maariflənməsinə həsr edib. Müəllimi olduğu şagirdlər cəmiyyətdə öz yerlərini tutduqca, əsl vətəndaşlıq mövqelərini nümayiş etdirdikcə, o, bir pedaqoq kimi qürur hissi keçirib, bu uğurlar onun ən böyük hədiyyəsinə, gərgin pedaqoji fəaliyyətinə verilən ən böyük mükafata çevrilib.

 

Sadəliyi və sadə həyat tərzinə üstünlük verməyi ilə seçilən Raya xanım ətrafdakılar üçün nümunəvi bir insan obrazı yaradıb. Hər şeyin qədərini, sözünün ölçü-biçisini, cəmiyyətdə baş verən hadisələrə məntiqli münasibəti onu çoxlarından fərqləndirib. Bütün münasibətlərdə həssas olan dəyərli pedaqoq insanlara həssaslıqla yanaşıb, hansısa bir məsələnin çözülməsində o, fikirlərini göstəriş formasında deyil, məsləhət kimi ifadə etməyi bacarıb, kiçiklə kiçik, böyüklə böyük dilində danışmağa müyəssər olub.

 

Raya xanım nə qədər qayğıkeş ana olubsa, övladlarına qarşı bir o qədər də tələbkar yanaşıb. Məhz bu tərbiyənin sayəsində İlham, Mahirə, Pərviz cəmiyyətdə təqdirəlayiq mövqe tutublar.

 

Mən Ağayevlər ailəsini 30 ilə yaxındır  tanıyıram. İdeal ailələrdən söhbət düşəndə bütün məsuliyyətimlə, gördüklərimlə, şahidi olduqlarımla, müşahidə etdiklərimlə bu ailə haqqında ürəklə danışa bilirəm, Azərbaycanın dəyərli ziyalısı, filologiya elmləri namizədi Aqil Ağayevin ağsaqqallığından, ziyalı xanım Raya Ağayevanın əsl Azərbaycan xanımlarına məxsus qadın şərəfindən, ismətindən, qayğıkeşliyindən ağızdolusu danımağa çəkinmirəm.

 

Otən ilin dekabr ayında Raya xanımın 70 illiyi qeyd olundu, yaxınları, doğmaları ona ən xoş arzularını çatdırdılar. Ömür isə bu arzuların gerçəkləşməsinə imkan vermədi. Ömrünün 71-ci ilində Raya xanımı 40 ilə birgə ömür sürmüş, 11 il əvvəl dünyasını dəyişən ömür-gün yoldaşı Aqil müəllimə qovuşdu, 11 illik həsrətə son qoyuldu.
Mənə doğma olan insanlara, İlhama, Mahirəyə, Pərvizə təskinlik üçün  deməyə söz tapmaqda çətinlik çəkirəm. Və ailənin yaşadığı Badamdar qəsəbəsindən geri dönərkən bu qarışıq həyatımızda yaddaşıma aydın insanlar kimi həkk olunan mərhumlar haqqında bu sözləri ürəyimdə dönə-dönə təkrarlayıram:
“Cənnətdəki yeriniz, yeni vüsalınız mübarək, əziz Aqil müəllim və əziz Raya xanım...”

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır