Modern.az

Paxıl qonşunun nağılı

Paxıl qonşunun nağılı

Aktual

23 May 2012, 18:52

Fikrət Şiriyev

Bakı Dövlət Universiteti HİK-in sədri

Mən uşaq olanda nənəm bir nağıl danışardı: ”Paxıl qonşunun nağılı”. Yazıq kişi nə edərmişsə, paxıl qonşu bunu pisliyə yozarmış. Bu da xeyirxah adammış, kəndə yol çəkdirərmiş, körpü saldırarmış, ağac əkərmiş, paxıl da öz işində, hər şeyə qara yaxmağında. Bu gün görülən işlərə bəzi münasibətləri görəndə o nağıl yadıma düşür. Ay qardaş, nə istəyirsən? 800 milyonluq Avropadan 9 milyonluq Azərbaycan o boyda yarışmanı aldı gətirdi, min söz düzəltdin, ay biabır olacağıq, biz hara, Eurovision hara, zalı düzəldib başa çatdıra bilməyəcəyik, bulvar qurtarmayacaq, nə bilim nə, nə, nə... Hələ qar yağanda işlərin dayanmağına nə qədər sevindin, bir özün bilirsən, bir də işlərin pozulacağını bayram edən adı bədnam sponsorların! Yenə allah böyüklüyünü, haqqın tərəfində olduğunu bir daha göstərdi, hər şey vaxtında və yüksək səviyyədə yekunlaşdı. İndi istədiyin nədir, özün bilirsənmi? Dövlətçilik tarixi 1000 ildən çox olan Avropalıları 20 yaşlı bir ölkə nə qədər heyrətləndirə bilərsə, ondan 20 dəfə artığı olub. Hər şeyə yuxarıdan aşağı, iztehza ilə baxmağa vərdiş etmişlər də etiraf edirlər ki, burada olanlar Eurovision tarixində ən yaxşısıdır. Hamı bilir ki, Almaniya, Fransa, ya qeyrisi üçün bu yarışmanı təşkil etmək İranda şər atmaq kimi asan bir şeydir: bir konsert salonunu kosmetik təmir edirsən, vəssalam!

Rəqəmsal televiziya ötürücüsündən hava limanina kimi, küçələrin asfalt örtüyündən otellərə kimi hər şey, az qala yüz ildir, yüksək səviyyədə var. Yenicə ayaq üstdə durmaq istəyənlər üçün isə, təbii, hər iş problemdir: dil də öyrənməliyik, taksi də dəyişməlidir, yeni konsert salonu da tikilməlidir, olanlar da əsaslı təmir edilməlidir. Sən ağılda olan Buzovnalı bir dostum 3-4 il bundan qabaq öz-özündən küsüb Bakıdan getmişdi, o gün bir hadisə ilə əlaqədar qayıtmalı olub. Deyir, evimizi tapa bilmirdim, hava limanında az qala havalandım, yollar, evlər, ağaclar nə qədər dəyişib, yəni bu doğrudan həmin Bakıdır? Gözlərini qəsdən yummayanlar bunu görməyə bilməzlər ki, ölkə nə qədər qabağa gedib. Son bir ildə isə xüsusi sıçrayış oldu. Bəzi Avropa ölkələrinin 100 ilə getdiyi yolu biz 2-3 ilə getmişik. Paxıl qonşu da öz işindədir, biz daha parladıqca, o daha çox partlayır. Deyən lazım ki, a kişi, iki qardaş birləşib bizim qeybətimizi qırınca, gedin öz işlərinizi səhmanlayın da. 5-10 ildir bütün dünya bar-bar bağırır, tək region üçün yox, bütün bəşər üçün təhlükə olan xatalarınızı yığışdırın, qulaq asmırsınz, biriniz Metsamoru, o biriniz Buşəhri Domokl qılıncı kimi qulağımızın dibindən asmısınız, bizim mədəniyyət tədbirimizi, musiqi yarışmamızı isə çevirmisiniz iki qardaş düzəltmək istədiyiniz atom bombasından da təhlükəli bir zada. Güya “Branovskiye babuşki” sizin papağınızı yerə soxub namusunuzu əlinizdən alıb. (Amma yazıq babuşkalar İranın qorxusundan çadra ilə oxuyurlar.)  Nə isə...

Mənim əsas sözüm bu vətənin daşı olmağı bacarmayan vətəndaşadır. Onları başa düşürəm, sənin üçün niyə bu vətənin daşı ağırdır? Sən deyildinmi “yox millətimin xətti bu imzalar içində” deyən? 10-15 il bundan əvvəl bizi heç kəs tanımayanda, imdad diləyəndə əl uzatmaq istəyən olmayanda, kinolarda-zadda hamar yol, işıqlı küçə, abad şəhər, bol çeşidli mağaza görəndə ürəyi qana dönən sən deyildinmi? Gəl sevməyi bacaraq, sevinməyi bacaraq, qədrini bilək, dərdini bölək, ancaq düşmən dəyirmanına su tökməyək, onsuz da ora cürbəcür sular axır, Səyavuş Aslan demişkən “françuzki, amerikanski, russki, iranski”... Paxıl qonşunun paxırını çox açmayaq...

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır