Modern.az

Komitə sədri xaricdən məhsul sifarişi limitinin azaldılmasına AYDINLIQ GƏTİRDİ

Komitə sədri xaricdən məhsul sifarişi limitinin azaldılmasına AYDINLIQ GƏTİRDİ

Aktual

26 Avqust 2020, 11:42

Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişiklik sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib ki, əsasən də online sifarişlər ilə bağlı komitə üzvlərinə də vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub. Sədrin sözlərinə görə, daxil olan müraciətlər və Dövlət Gömrük Komitəsinin təqdim etdiyi arayışlar əsasında komitə üzvləri arasında müzakirə aparılıb:

 

“Müzakirə zamanı aydın olub ki:

1) Poçt vasitəsilə aylıq rüsumsuz limitin 300 dollara endirilməsi zamanı digər ölkələrin təcrübəsindən istifadə edilib. Belə ki, bu limit Gürcüstanda 125 dollar, Rusiyada 200 avro, Avropa Birliyi ölkələrində isə 150 avrodur.

2) Məlum olub ki, bu ilin 7 ayı ərzində online sifariş edən vətəndaşların 85%-nin sifariş etdiyi məhsulun dəyəri 300 dollardan aşağıdır.

3) Vətəndaşlar aylıq 300 dollarlıq limiti bir neçə sifariş ilə də yerinə yetirə bilərlər. Yəni, məsələn, ay ərzində 10 dəfə 30 dollarlıq məhsul sifariş edə bilərlər.

4) Bu qərar ilə xüsusi APP üzərində vətəndaş online formada hər bir sifarişini gömrüyə bəyan etməli olacaq. Bu zaman ay ərzində 300 dollara qədər sifarişlər çatanadək vətəndaşdan heç bir rüsum tutulmayacaq. Məqsəd sadəcə informasiya toplamaqdır.

5) Aylıq 300 dolları aşan sifarişlər limitdən artıq məbləği rəsmiləşdirməli olacaqlar. Rəsmiləşdirmə ya online, ya da daşıyıcı şirkət tərəfindən həyata keçiriləcək.

6) Gömrük ödənişlərinin həcmi 18%-dən 36%-dək dəyişəcək.

 

Komitə üzvləri bu mexanizmin gələcəkdə təkmilləşdirilməsi ilə bağlı fikirlərini də bildiriblər. Xüsusilə də, bu qərarın 01 yanvar 2021-ci ildən qüvvəyə minməsinin daha məqbul olacağı qeyd edilib.

Aparılmış təhlillər göstərir ki, eyni məhsulların xarici online platormalarda satış qiymətinin ölkəmizdəki satış qiymətlərindən xeyli fərqlənməsi və bir çox məhsulların çeşidlərindəki kasadlıq vətəndaşlara online sifarişlərə üz tutmasına rəvac verməkdədir. Sahibkarlara da tövsiyəmiz qiymətlərin daha rəqabət qabiliyyətli olmalarına və vətəndaşların seçim imkanlarının bol olmasına çalışmalarıdır. İndi texnologiyalar dövrüdür, vətəndaşın zövqünü oxşayan və ədalətli qiymətlərlə ona məhsul təqdim edən sahibkar hər zaman udacaqdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır