Modern.az

İTBAŞI (12-ci bölüm)

İTBAŞI (12-ci bölüm)

17 Sentyabr 2020, 16:30

Mahir Qabiloğlunun romanı

 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ)

 

 

Aylar keçir. Saray. Şahənşah səs-küyə ayılır. Pəncərədən eşiyə boylanır. Görür ki, camaat sarayı mühasirəyə alıb. Ayaqları sustalır. “Hə, Göyverən, sonun gəldi. İtbaşı bunu deyirmiş. İndi mən şahzadə Göyverənləri köməyə necə çağırım? Yüz nəfər şahzadəylə və mühafizlərlə bu boyda insanın qabağında necə dayanmaq olar?” deyə öz-özünə düşünür. Baş vəzir Qüdrət, baş mühafiz Aslan və baş fərraş Qəşşaş özlərini hövlnak otağa salırlar.

– Şahənşahım, üsyan. Camaat sizi tələb edir.

– Məni beləcə sakitcə təhvil vermək istəyirsiniz? Axı hardan bilirsiniz üsyandır?

– Mən çıxdım qabaqlarına, fitə basıb qovdular, – deyə baş vəzir dilləndi, – Dedilər ki, şahənşahı istəyirik. Onu da əlavə etdilər ki, özü gəlməsə qapıları sındırıb zorla içəri girəcəyik. Daha bəsdir dözdük. Bu qədər təhqir, zülm-zillət olar? Aclıqdan, səfalətdən bezmişik.

– Yaxşı. Çıxıram indi.

– Olmaz, şahənşahım. Təhlükəlidir. Əsir alarlar sizi, – deyə Aslan təkid etdi.

– Əsir alıb nə edəcəklər ki? Öldürəcəklər də... Sən, ya onlar. Nə fərqi? Başqa təklifin varsa de.

– Onda birinci eyvana çıxın. Ordan danışın. Görək nə deyirlər.

Şahənşah Aslan deyən kimi edir. Eyvana çıxır. Sarayın qarşısına yığılanlar onu görüb alqışlamağa başlayırlar. Şahənşah çaş-baş qalır. Başını baş vəzirlə Aslana tərəf çevirib çaşqınlıqla onlara baxır. Sonra üzünü camaata tutub:

– Rəiyyətim, nə istəyirsiniz? Xeyir ola səhər tezdən bura yığışmısınız?

– Şahənşah, biz müharibə istəyirik. Biz vuruşmaq istəyirik. Şahənşahlığın ərazisinin daha da genişlənməsini arzu edirik.

Göyverən heç nə demədi. Otağa girib üzünü baş vəzirə tutdu:

– Get onlardan üçünü gətir bura. Görək nə məsələdir ki, bunlar müharibə istəyir.

Baş vəzir gedir. Sağ qulağında dəmir sırğa olan üç cavanla geri qayıdır.

– Nə məsələdir, cavanlar? Müharibə hardan gəldi ağlınıza? Müharibə elan etmişəm ki, hələ bir səfərbər də olasınız? Bəs paytaxtda kim işləyəcək? Ailənizi kim saxlayacaq? Vergini kim ödəyəcək? Savaşmaq üçünsə iyirmi minlik şahzadə Göyverənlər ordusu var.

Cavanlardan biri irəli çıxıb təzim edir:

– Şahənşahım, ailəmiz onsuz da bizi qəbul eləmir. Arvad-uşaq yanında qara quruş qədər də hörmətimiz yoxdur. Arvadlarımız bizləri kişi saymırlar. Tacirlər, sahibkarlar bizləri işlə təmin etmək istəmirlər. Ona görə arvadlar özləri işləməyə başlayıblar. Yerli-əcnəbi fərqi yoxdur, onlara iş verirlər. Bizim qulağımızdakı dəmir sırğanı görəndə isə, “ibnələr, üzdəniraqlar” deyə qışqırıb, üzümüzə tüpürürlər. Kişi sayılmırıq bütün mənalarda. Bizim təqsirimiz nədir axı? Özümüzü pis aparmışıq, zindana salınmışıq, cəzamızı da çəkmişik. Əvvəllər zindandan çıxanlara iş vermirdilər ki? Ona görə dedik ki, müharibəyə gedək. Şahənşahlığın ərazisini artıraq. Öləriksə ölək. Sağ qalsaq elə oralarda yaşayaq. Yeni həyat quraq. Göyverən dövlətinin paytaxtında, əyalətlərində məhz biz qulağısırğalılara yer yoxdur.

– Anlamadım? Necə yəni “məhz biz qulağısırğalılara”.

– Bir var qızıl, gümüş sırğa taxanlar. Onlar Göyverənliyi bir təriqət kimi qəbul ediblər. Biz isə Göyverən cəzası alıb, qulağımıza dəmir sırğa taxılan əsl göyverənlərik.

– Necə yəni “yer yoxdur”? Necə yəni qadınlar işləyir? Bu nə özbaşınalıqdır? – deyə Şahənşah Göyverən əsəbləşərək taxtından qalxdı. Otaqda var-gəl etməyə başladı, – Bəs niyə şikayət etmirsiniz valilərə, hakimlərə, qazilərə?

– Onlar da çəp-çəp baxırlar bizlərə. Heç qapıdan içəri buraxmırlar. Deyirlər ki, murdarsınız. Adımızı da “ibnə”, “üzdəniraq” yox, “göyvərən” çağırırlar.

– Nə? Göyvərən? Mən bu dəqiqə əncam çəkərəm bu işə. Baş fərraş! Gedirsən bunlarla. Hansı tüccar-müccar bu adamları qapısından qovubsa, nalayiq söz deyibsə, elə özlərini o söyüşə layiq edirsən.

– Başüstə, şahənşahım.

– Baş vəzir Qüdrət, sənin valilərin bu qədər qudurub? Yaxşı, səninlə sonra danışaram. İndi isə carçılara de, mənim əmrimi hər yerə yaysınlar: kimin sağ qulağında dəmir sırğa varsa, həmin adam işlə həmən təmin olunmalıdır. Kim məhəl qoymasa Göyverən vergisi ödəyəcək.

– Ömrün uzun olsun, şahənşahım, – deyə üç nəfərdən bir başqası dua eləməyə başladı, – Biz bilirdik ki, siz bizi, sizin adınız həkk olunan sırğanı daşıyan bizləri naümid qoymarsınız.

– Gedin. Əgər kim sizə bir söz desə, şikayətinizi fərraşlara edin. Onlar daha tez sizin dadınıza çatarlar. Saraya gəlməyə ehtiyac yoxdur. Əgər xoşagəlməz nəsə eşitsəniz, bilsəniz, yenə fərraşlara deyin. Siz mənim məmləkətdə eşidən qulaqlarımsınız. Baş fərraş, sənə xəzinədən əlavə pul buraxılacaq. Axı hər çatdırılan xəbərin də qarşılığı olmalıdır.

Cavanlar dua edə-edə gedirlər. Şahın isə əsəbi soyumur.

– Aslan, baş hakim Fərmanı çağır bura.

– Başüstə, şahənşahım.

Fərman gəlir.

– Fərman, belə bir misal var: “Kasıbın xəstəsi, varlının qəhbəsi bilinməz”. Qoca kişisən, yəqin ki, bilərsən bu misalı.

– Xeyr, şahənşahım. İlk dəfədir eşidirəm.

– İndi eşitdin?

– Bəli, şahənşahım. Amma məğzini anlamadım.

– İndi mən səni qandıraram. Deməli, ay Göyverən Fərman, kasıb adamın atası, anası, yaxını xəstələnəndə heç kim xəbər tutmur. Kömək edən də tapılmır. Ya öz-özünə sağalır, ya da ölüb gedir. Bunu qandın?

– Bəli, şahənşahım.

– Varlı-hallı adamın isə qızı, bacısı qəhbə olanda, heç kim cürət edib bunu nə üzünə deyə bilir, nə də qorxusundan qıraq-bucaqda danışır. Bunu da qandın?

– Bəli, qibleyi-aləm.

– Ay küçük, sən belə qudurmusan? – deyib şahənşah taxtından durdu. Baş hakimi xirtdəyindən tutub divara dirədi. Şahzadə Göyverənlər irəli gəlmək istəyəndə, əliylə “dayanın” işarəsi verdi. Baş vəzir Qüdrətin də rəngi ağardı. Tir-tir əsməyə başladı, – Yadından çıxıb deyəsən bu xalçanın üstündə sağ qulağının öz sidiyinə bulaşdığı günlər. Sən üstündə mənim adım yazılmış sırğa daşıyanlara həqarətlə yanaşırsan? Onların şikayətlərini rədd edirsən? Özünü onlardan yüksək sanırsan? Sən bilmirsən ki, onları mən şahənşah “Göyverən” adına layiq görmüşəm? Sən bilmirsən ki, kasıbın xəstəsi, şahənşah Göyverənin isə göyverənləri bilinməz? Yox, nə etsəm də sənin yaddaşını təmizləyə bilməmişəm. Deyəsən yadından çıxartmamısan məni “göyvərən”, “göyvərən” çağırıb cırnatdığın günləri. Amma mən yaddan çıxartmışdım. Səni nəinki Qurban, Loğman kimi öldürdüm, əksinə ikinci vəzir, baş hakim elədim. Hoqqalarına göz yumdum. Sən isə mənim hökmümün əleyhinə gedib, dəmir Göyverən sırğası gəzdirənlərə “göyvərən” deyib həqarət edirsən? Hakimlərin onları it kimi qapıdan qovur? Bu dəqiqə səni də onların səviyyəsinə qaldıraram. Onda ağlın həmən gələr başına. Aslan!

– Bəli, hökmdar.

– Bunu sal fərraşın qoduqluğuna. Gülünc şalbanı boynuna keçirib, üç gün orda əzizləsinlər. Sağ qulağına da dəmir sırğa keçirtsinlər.

– Şahənşahım, axı sağ qulağı yoxdur.

– Onda burnunun sağ pərəsinə keçirtsinlər. Daha aydın görsənər. Hər nəfəsi gedib-gəldikcə, hətta son nəfəsində belə Göyverən sülaləsinin şanlı nümayəndəsi olmasıyla fəxr edər.

– Başüstə, şahənşahım, – deyib Aslan Fərmanı xirtdəkləyir. Sürüyərək otaqdan çıxarır.

– Baş vəzir!

– Bəli, şahənşahım.

– Hökmümü hər yerə yay. Bu andan məmləkətdə bütün dəmir sırğalılara hörmətlə yanaşılmalıdır. Əks-təqdirdə...

– Anladım, şahənşahım.

– Sırğa çoxdurmu?

– Zərgərlər kifayət qədər hazırlayıblar, şahənşahım.

– Fərmanı da rədd elə saraydan.

– Bəs hoqqalarını nə edim?

– Onu tapşırıram baş fərraşa.

– Ömrün uzun olsun, şahənşahım.

– Camaatdan kim istəsə sırğa gəzdirmək, fərraşlara yaxınlaşsınlar. Yalnız onların verdiyi sırğa həmin adamın Göyverənliyini təsdiq edir. Əyanlardan, valilərdən kim Göyverənliyi könüllü qəbul etmək istəsə sənə desin. Hansı zərgər saxta sırğa hazırlasa... Daha arxasını gətirmirəm. Bu gündən məmləkətdə bir cəza var – Göyverən cəzası. Get icra elə!

– Başüstə, şahənşahım.

 

***

 

Baş fərraşın iqamətgahı. Qulağısırğalılar növbəyə durublar. Onlardan biri qabağa çıxıb:

– Baş fərraş, tacir Əmrulla günə bir qızıl qazanır. Özü də bizimkilərdən – qulağısırğalılardan deyil. Baş vəzir Qüdrətin adamı olduğu üçün heç kimi saymır.

– Sağ ol ki, dedin. Ölçü götürərik. Al, bu sənin bir gümüşün.

– Allah canını sağ eləsin, baş fərraş.

– Mənim yox. Bu pulu sizin üçün Şahənşah Göyverən ayırıb.

– Allah Şahənşah Göyverənin ömrünü uzun eləsin.

Digəri:

– Ay baş fərraş, qonşum tiryək alveri edir. Qulağında da sırğası yoxdur. Özü də keçmiş baş hakim tayqulaq Fərmanın qohumudur.

– Mən də deyirəm bazara kim gizlin mal çıxarıb ki, alver getmir. Sağ ol. Bu bir gümüşü qoy cibinə.

– Allah Şahənşah Göyverənə can sağlığı versin.

Bir başqası:

– Baş fərraş, qonşum evində fahişəxana açıb. Bizimkilərdən – qulağısırğalılardan olsaydı başa düşərdim. Hər yerdə deyir ki, bəs əcəb eləmişəm. Mən Dürəng Şahın qohumuyam. Bir yandan özü belə işlərlə məşğul olur, o biri yandan isə bütün günü mənə həqarət edir.

– Qulağını buraram, ağlı gələr yerinə. Bu da sənin bir gümüşün.

 Digəri:

– Zərgər Zeynal altdan-altdan gümüş, dəmir sırğalar hazırlayır. Baş xəzinədar Hətəmin qohumunu deyirəm. Ona sifariş verənləri də tanıyıram. Sırğanı sizdən almaq əvəzinə, məxfi hazırladıb taxmaq istəyirlər ki, toxunulmazlıq qazansınlar. Amma xəlvətdə bizlərə, fərraşları aldatdıqlarına görə isə sizlərə lağ edirlər. Adlarını tumara yazmışam hamısının. İyirmi iki nəfərdir.

– Narahat olma. Layiq edərik hamısını taxdıqları sırğalara.

Növbədə dayananlar bir-bir baş fərraşa yaxınlaşıb şikayətlərini edir, bir gümüşlərini alıb gedirdilər.

 

***

 

Divan. Baş vəzir taxtında oturub. Baş fərraş hüzurundadır.

– Deməli, mənə qulaq asmaq istəmirsən, baş fərraş.

– Şahənşahımız belə buyurub. Deyir sən artıq mənim sağ əlimsən. Məndən başqa heç kimlə hesablaşmamalısan. Axı mən nə karəyəm ki, onun hökmünün əleyhinə gedim?

– Yaxşı, bu bir yana qalsın. Bəs sən bilmirsən ki, tutub zindana basdıqların mənim, Hətəmin, əyanların qohum-əqrabalarıdır? Bəs sən bilmirsən ki, bütün əyanlar, qazilər, hakimlər, şahənşahlığın ən xırda məmuru belə mənim adamım sayılır? Sən özünü mənim adamım saymırsanmı? Səni bu günə qədər darda qoymuşammı? Həmişə bir gözüm, bir əlim üstündə olub. Nə tez unutdun? Amma sən özünkülərə müharibə elan etmisən. İt də itin ayağını basdalayar? Belə çıxır ki, sən məni hörmətdən salmaq istəyirsən?

– Allah eləməsin, baş vəzir həzrətləri.

– Onda get hamısını aç, burax.

– Şahənşahımıza xəbər vermişəm artıq onlarla bağlı.

– Deməli, mənimlə məsləhətləşmədən, məndən xəbərsiz şahənşahın otağına girib-çıxırsan. Eləmi?

– Özü mənə deyib ki, nə vaxt lazım bilsən gəl. İcazə verirəm. Ona görə sizə əziyyət vermədim, baş vəzir həzrətləri.

– Düz deyirsən. Çox çətinliyə salacaqdın mənə xəbər verib hörmət qoymağınla. Səndən bir söz soruşum, baş fərraş. Sən gəzdirdiyin sırğaya layiqsənmi?

– Xeyr, baş vəzir həzrətləri.

– Deməli, sən əsl qulağısırğalının hansı hisləri keçirdiyini bilmirsən.

– Təsəvvür edirəm, baş vəzir həzrətləri.

– Tutduqlarını da buraxmaq istəmirsən.

Baş fərraş dinmədi.

– Belə çıxır ki, sən artıq mənim sağ əlim deyilsən?

– Bayaq ərz elədim sizə, baş vəzir həzrətləri. Şahənşahımız dedi ki, birbaşa ona tabeyəm.

– Xub, xub. İtaət etmək borcumuzdur. Gedə bilərsən.

 

***

 

Divan. Baş vəzir taxtında oturub. Karine hüzurundadır.

– Hərəm, böyük oğlan olsun. O gün gəlsin ki, validə çağırım səni.

– Çox sağ olun, baş vəzir həzrətləri. Şahənşahımız da sağ olsun ki, edam etdirmədi məni.

– Karine, mən ölmüşəm ki, səni edam etsinlər? Cəllad mənim adamımdır. Ona tapşırmışdım. Gecəylə aradan çıxaracaqdı səni. Öz həyatından arxayın ol. Sənə edam hökmü oxusalar belə, qətlgaha yerinə başqası gedəcək. Birini tapıb evdə saxlayıram. Sanki əkizindir. Sən mənim sarayda ən yaxın, etibarlı adamımsan. Özünü lap validə kimi apara bilərsən.

– Ömrünüz uzun olsun, baş vəzir həzrətləri. Mənə etdiyiniz yaxşılığı unutmaram heç vaxt.

– Amma istəyirəm ki, mənə bir işdə yardımçı olasan.

– Əmr edin, baş vəzir həzrətləri.

– İstəyirəm ki, hərəmxanada bir şayiə yayasan. Yaxına gəl deyim. Divarların da qulağı var, – deyə baş vəzir ayağa durub Karinenin qulağına nəsə pıçıldayır.

– Elə bu? Mən də deyirəm ki, nəsə çətin iş tapşıracaq mənə baş vəzir həzrətləri. Düzünü desəm mən də şübhələnmişdim. Sadəcə, sizə görə dinmirdim. Əgər indi vəziyyət belədirsə... başüstə, baş vəzir həzrətləri. Amma inanmıram ki, şayiəylə alınsın bu iş.

– Nə məsləhət görürsən?

– Mənim öhdəmə buraxın, həll edim. Baş vəzir həzrətləri, düzgün başa düşdümsə, mənim xeyirxahımın, arxamın xətrinə dəyən var sarayda. Sizi mənsəbdən düşürmək istəyirlər.

– Düz tapdın. Belə getsə məni yox edəcəklər saraydan.

– Anladım. İmkan vermərəm. Elə bir qiyamət qoparım ki... – deyib, Karine işarət barmağını yellədi.

– Get, bildiyin kimi elə. Ümidim yalnız sənədir. Yəqin mən də borclu qalmaram.

– Elə bilin əmriniz artıq yerinə yetirilib.

 

***

 

Səhərdir. Şahənşah taxtında oturub. Baş vəzir hüzurundadır. Təbib Məkrubə otağa girib təzim edir.

– Şahənşahım, muştuluğumu verin.

– Muştuluğun məndə! De!

– Yanina hamilədir.

Şahənşahın üzü güldü. Pul kisəsindən bir ovuc qızıl çıxarıb təbibin başına səpdi.

– Baş vəzir, yay bu şad xəbəri məmləkətə. Şadyanalıq təşkil elə. Şahzadələrin sayı artır yavaş-yavaş.

– Başüstə, şahənşahım. Gözünüz aydın.

 

***

 

Paytaxtda pıçapıç düşüb:

– Xəbəriniz var? Şahənşahın Yanina adlı hərəmi hamilədir.

– Nə qəribə adı var?

– Yəhudidir deyirlər.

– Ay bala, nəyinizə lazım haralıdır, milliyyəti nədir? Söz gəzir ki, qız başqasından hamilədir.

– O necə ola bilər ki? Saray o cür qorunur. Mühafizlər, əsgərlər, üstəlik də qaraniqablılar. Biz evimizdə nə yeyiriksə, arvadla yataqda nə danışırıqsa onu da bilirlər. Qapılarımızdakı deşikdən pusurlar. Amma sarayın içində saray sayılan hərəmxananı qoruya bilmirlər? Şahgülünün qəhbəxanasıdır ki, kim istəsə gəlib girsin, işini görüb çıxsın?

– Nə deyim vallah. Biz hardan bilərdik ki, bunu. Yəqin sarayın içindən kimsə yayıb da...

– Bu bədbəxtin də xəbəri yoxdur. Bütün şahənşahlıqda şadyanalıq keçirir.

– Nə “bədbəxt”? Bədbəxt bizik. Şahənşah isə əsl oğraşmış.

– Nəsə inandırıcı deyil. Yəqin şahənşahı oğraş çıxarmaq istəyənlər var.

– Olacaq da... Gör nə qədər adamı biqeyrət, oğraş, fahişə, ibnə elədi. İndi də öz başına gəlir.

– Onsuz da hamı bilir ki, on iki yaşından göyvərən olub. İndi isə əvvəlinə bir oğraş sözü də əlavə olundu. Ara yerdə yüz on iki nəfəri bədbəxt elədi. Ona böhtan atıldığına görə.

– Onların ana-bacılarını yaddan çıxartdın deyəsən...

– Bəs şahzadə Göyverənlərin evinizdə elədiklərindən niyə danışmırsınız?

– Yaxşı, bəsdirin! Kiriyin! Eşidən olar. Bir-iki nəfər təmiz adam qalıb. İstəyirsiniz ki, bizi də onların gününə salsınlar? Dağılışın!

 

***

 

Səhərdir. Baş mühafiz Aslan şahənşahın hüzurundadır.

– Deyirlər ki, uşaq məndən deyil?

– Bəli, şahənşahım.

– Yenə başlayıblar məni “oğraş” adlandırmağa?

– Bəli, şahənşahım. Bu boyda böhtan, iftira olmaz. Hərəmxana göz bəbəyi kimi qorunur. Bir kişi xeylağı içəri buraxılmır. Hərəmlər də hara getsələr nəzarət altında olurlar.

– Deyəsən Göyverən cəzası da təsir etmədi bunlara. Başqa yol axtarmalıyam.

– Əmrinizə müntəzirəm, şahənşahım. Edam hökmünü bərpa etməyin vaxtı çatıb deyəsən.

Bu zaman baş vəzir özünü otağa salır.

– Nə olub, Qüdrət?

– Şahənşahım, hərəmxana qan gölündə üzür. Mənim içəri keçməyə haqqım yoxdur. Tez özünüzü çatdırın.

Şahənşah baş vəzir Qüdrətin, baş mühafiz Aslanın və qaraniqablıların müşayiətiylə özünü hərəmxanaya çatdırır. Qapıdan içəri keçəndə Yaninanı qan içində, boğazı kəsilmiş vəziyyətdə görür. O biri tərəfdə isə xacə Dümbələk can verirdi. Kişilik əzası kəsilərək bir tərəfə atılmışdı. Karine isə əlində qəmə onların başı üstündə dayanmışdı.

– Baş vəzir, Aslan, gəlin içəri! İzn verirəm, – deyə şahənşah onları səsləyir. Sonra üzünü hərəmə tutub, – Karine, bu nə qətliamdır? – deyə dəhşət içində soruşur.

– Şahənşahım, bu xacə Dümbələk demə fərraş Canpolad imiş. Xacə adıyla hərəmxanaya soxulubmuş. Yaninayla ikisi cükküldəşəndə gəlib üstünə çıxdım. İşlərinin üstü açıldığı üçün mənə hücum çəkib öldürmək istəyirdilər. Cəld tərpəndim. Şahənşahımın namusuna toxunanları bundan sonra da bu əllərimlə qətlə yetirməyə hazıram. Şahənşahım, bağışlayın. Sizə verdiyim sözü tuta bilmədim. Tövbəmi pozdum. Bunlar məni məcbur etdilər qatil olmağa, – deyib Karine qanlı qəməni şahənşaha uzatdı.

– Bu nədir, baş vəzir? Mən hərəmxanaya xacə tap demişdim, yoxsa kişi fərraş? – deyə şahənşah əliylə can verən Dümbələyi göstərir.

– Mən də xacə bilirdim bunu. Baş fərraş tapıb gətirmişdi saraya. Demişdi ki, on qızıla alıb qul bazarından.

– Aslan! – deyə şahənşah qışqırdı, – Çağır bura fərraşı!

Baş fərraş Qəşşaş qaçaraq gəlir. Can verən fərraş Canpoladı görüb rəngi qaçır. Aslan onun silahını alır. Şahənşahın qarşısında diz çökdürür.

– Baş fərraş, sən deməli mənim namusuma sataşmaq istəmisən. Eləmi?

– Cürətim çatmaz, şahənşahım.

– Ölüm qorxusu gələndə canını qurtarmaq üçün deyilən yalan – müqəddəs yalan sayılır. Bunu bilirəm. Amma mən səndən düz söz gözləyirəm. Bəlkə də bu səni edamdan qurtara. Baş fərraş, xacəni kim gətirib salıb hərəmxanaya?

– Mən, şahənşahım! – deyə baş fərraş Canpoladın daha özünə gələ bilməyəcəyini görüb ürəkləndi, – Yalan danışa bilmərəm. Mən gətirmişəm. Baş vəzir tapşırdı ki, xacə tap. Mən də qul bazarından alıb gətirdim – on qızıla.

– Düz danışdın. Baş vəzirin dedikləriylə söylədiklərin üst-üstə düşdü.

Şahənşahın “baş vəzirin dedikləriylə söylədiklərin üst-üstə düşdü” deməsindən sonra Qəşşaş bir az sakitləşdi. İmdad dolu gözlərini Qüdrətə dikdi.

– Deməli, on qızıla. Alanda da yoxlamayıb almışdın xacəni.

– Bəli, şahənşahım, yoxlamadım. Sığışdırmadım özümə. Satana inandım, şahənşahım. Onu da dedi ki, həddi-buluğa çatanı axtalayanda zahirən adi kişilərdən fərqlənmir.

– Xub, xub. Amma özü mənə deyirdi ki, on iki yaşında axtalayıblar onu. Quldarı tapıb bura gətir!

– Gəlmə tacir idi, şahənşahım. Yəqin çoxdan qayıdar öz el-obasına. Baş vəzir təsdiq edər sözlərimi, – deyə baş fərraş yenidən gözlərini Qüdrətə dikərək baxışlarıyla ondan kömək diləməyə başladı. Qüdrət isə bu söhbətlərdən heç xəbəri olmamış kimi sakit dayanıb olanları seyr edirdi. Qəşşaş isə tələnin məhz onun tərəfindən qurulmasından xəbərsiz idi. Ona görə də son ümid yeri olan, “yaxın fərraşlarından birini hərəmxana üçün xacə ayır” əmri verən baş vəzirin onu şahənşahın qəzəbindən qurtaracağına ümidliydi.

Şahənşah isə otaqda var-gəl edirdi. Birdən baş fərraşın önündə dayanıb qan tutmuş gözlərini onun gözünə dikdi. Boğazından yapışaraq boğmağa başladı. Baş fərraş xırıldasa da müqavimət göstərməyə cürət etmirdi. Aslan isə əlində qılınc hazır dayanmışdı. Şahənşah baş fərraşın boğazını buraxdı. O, yerə sərələndi. Amma özünə gələ bilmirdi.

– Amma Karine deyir ki, bu xacə əslində sənin fərraşın Canpoladdır, həm də xəbərçin. Yanina da ondan uşağa qalıb. Camaat arasında bu xəbəri də sən yaymısan ki, məni gözdən salasan. Buna cavabın nədir, Qəşşaş? Aslan, baş fərraşın, xacənin, Yaninanın meyitlərini qurd-quşa yem elə.

– Başüstə, şahənşahım, – deyib Aslan hələ də özünə gələ bilməyən baş fərraşın yaxasından yapışdı.

– Şahənşahım, – deyə baş vəzir araya girdi, – bu zatıqırıq belə rahat ölə bilməz.

– Yaxşı. Gülünc şalbana layiq gör, damğalatdır, sonra öldür.

– Xeyr, şahənşahım. Çox yüngül cəza olar bunun üçün. Şahənşahımızın namusuna toxunmağa cəhd edənlər üçün xüsusi cəza var. Birinci həmin adam axtalanmalıdır, sonra qətlə yetirilməlidir.

– Düz deyirsən, Qüdrət. Aslan, axtala onu bu Dümbələk kimi, – əliylə xacənin kəsilib yerə atılmış əzasını göstərir, – Sonra da öldür.

– Başüstə, şahənşahım, – deyib Aslan baş fərraşı xirtdəkləyib hərəmxanadan çıxartdı.

Şahənşahın otağı. Göyverənin əsəbləri hələ də soyumayıb.

– Baş vəzir, hərəmxanaya belə nəzarət edirsən?

– Şahənşahım, nə sözləri olsa kənizlər, hərəmlər xacəyə deyirdilər, o da mənə çatdırırdı. Vacib bir şey olanda Divana çağırırdım onları. İçəridə olanlardan mən ancaq belə xəbər tuturam. Ora girə bilmərəm. Buna yalnız sizin ixtiyarınız var. Qanunlara görə isə hərəmxananı ya validə – şahın anası, ya da baş hərəm idarə etməlidir. Validə yoxdur, baş hərəmi də mən yox, siz seçməlisiniz.

– Burda başqa seçim var? O vaxt demişdim ki, kim ilk oğlan uşağı doğsa, həmin hərəm baş hərəm olacaq. Karineyə tapşırıram hərəmxananı.

– Əmr sizinkidir, böyük hökmdar.

– Qüdrət, baş fərraşı özün təyin elə. Belə görürəm sarayda səndən sədaqətli başqa əyan yoxdur. Hər şeyi yenə sənə tapşırıram. İdarə elə. Ayda üç gün şahzadə Göyverənlər qonağım olmalıdırlar. Hansı şahlığı istəsən təbəəmiz edə bilərsən. Savaşa sən və baş sərdar Abbas cavabdehdir. Amma nə edirsənsə et, bir misalı yaddan çıxartma: “Kasıbın xəstəsi, varlının qəhbəsi bilinməz”. Qandın? Bir də təkrar edirəm. Qulağında sırğa elə. “Kasıbın xəstəsi, Şahənşah Göyverənin göyverənləri bilinməz”.

– Qandım, şahənşahım, qandım. Şahənşahım, bir göyverən kimi üzərində sizin adınız yazılan sırğanı gəzdirməkdən fəxr edirəm, – deyə baş vəzir diz çöküb şahənşah Göyverənin əbasının ətəyindən öpdü.

 

***

 

Divan. Karine baş vəzirin hüzurundadır.

– Təbrik edirəm, baş hərəm Karine.

– Ömrünüz uzun olsun, baş vəzir həzrətləri.

– Tapşırdığım işi də gözəl bacardın. Bu da sənə baş vəzir ənamı, – deyib baş vəzir qızılla dolu pul kisəsini Karineyə uzatdı.

– Səxavətiniz artıq olsun, baş vəzir həzrətləri. Mənə qızıl lazım deyil. Sarayda istədiyimiz hər şeylə təmin edirlər. Hara xərcləyəcəyəm ki? – deyib Karine pul kisəsini götürmür.

– Xub, xub. İlk dəfədir görürəm ki, qadına qızıl verəsən, özü də qızıl dolu pul kisəsi, o da götürməyə. Yaxşı. İndi sarayda hakimi-mütləq mənəm, baş hərəm. Ürəyin nə istəyirsə dilə məndən.

Karine əliylə qulağını işarə verdi. Yəni ki, pıçıldamalıyam. Baş vəzir taxtından durdu. Karine ona yaxınlaşıb:

– Mənə gecələrin birində qaladan çıxmaq lazımdır. Sübh tezdən qayıtmaq şərtiylə.

– Yenə kimin başını kəsmək istəyirsən?

– Heç kimin. Belə lazımdır. Amma tək getməliyəm.

– Qorxuludur, hərəm. Tək buraxa bilmərəm. Bir də... hərəmxananın qapısında qaraniqablılar dayanır.

– Hərəmxanada hoqqa çoxdur. Onlara da pay verirəm. Öyrəşiblər tiryəkə. Qaraniqablılar tərəfdən tam arxayın.

– Bəs şahənşah?

– Şahənşahımız tiryəkin təsirindən gecə-gündüz məsti-xumardır. Biz yadına düşmürük.

– Yox, hərəm. Yola tək çıxmağın təhlükəlidir. Gedərsən başına bir iş gələr. Sonra mənim kəlləm gedər.

– Narahat olmayın, baş vəzir həzrətləri. Heç kim bilməyəcək mənə sizin kömək etdiyinizi. Başıma bir iş gəlsə, deyərsiniz ki, qaçıb. Sadəcə, at və qara kişi paltarı, bir də qara niqab verin. Adam da qoşa bilərsiniz. Sadəcə, istəmirəm ki, sonra onun ölümünə bais olum – sirrin yayılmaması üçün.

– Yaxşı. Razıyam. Bu gecə gedərsən. O da olsun mənə elədiyin yaxşılığın əvəzi. Borclu qalmaq istəmirəm. Amma bir şeyi başa düşə bilmirəm, – deyib baş vəzir yenidən taxtına oturdu, – Sənin kimi gözəl, incə hərəm baş kəsməyi, hiylə qurmağı hardan öyrənib? Gözümlə görməsəydim heç vaxt inanmazdım.

– Baş vəzir həzrətləri, mən çox kitab oxumuşam, yüksək təhsil görmüşəm. O ki, qaldı baş kəsməyimə..? Qoy bu, hələlik sirr olaraq qalsın. Əgər istəsəniz başqa işlərdə də yardımçınız ola bilərəm. Harda çətinə düşsəniz sadiq məsləhətçiniz, köməkçinizəm.

– Xub, xub. Amma yenə fikrimdə qalıram ki, sən adi hərəmə oxşamırsan. Yaxşı, ağıl-dərrakən bir tərəfə qalsın. Yaninanı başa düşdüm, təkbaşına o boyda fərraşla necə bacarmısan? Üstəlik əzasını da kəsə bilmisən.

– Hərəmxananın təbibi kömək etdi mənə. Xacənin saxta olmasından ilk dəfə o şübhələnmişdi. Hətta şahənşaha da demişdi. Hökmdar isə onun sözünü ciddiyə almamışdı. Sonra isə mənə dedi. Mən isə xacəni sizin adamınız olduğuna görə himayə etdim. Təbibi sakitləşdirdim.

– Bəs təbibi necə öz adamın etdin? Hətta sənə qətl törətməkdə kömək də etdi.

– Təbib şahənşahın yataq otağına gedəndə hamı onun yaşlı olmasına həqarət edirdi. Bircə məndən başqa. Məni və bətnimdəkini ölümdən qurtarmağı öz yerində, hamiləliyim dövründə başımın üstündən kənara çəkilməmişdi. Anam kimi qayğı göstərirdi mənə. O hadisədən qabaq isə xacənin yeməyinə bihuşdarı qatmışdı. Əzasını da elə özü kəsdi. Təbiblər qandan qorxmazlar.

– Belə başa düşdüm ki, Yaninanın hamilə olmasını təbib özündən çıxarıb. Sonra da uşağın şahənşahdan olmaması xəbərini meydanda yayıb.

– Baş vəzir həzrətləri bütün sirlərin bir anda açılmasını istəyir, – deyə Karine bic-bic güldü, – Bircə onu deyə bilərəm ki, təbib mənim əmrlərimi yerinə yetirib.

– Yaxşı, bunu başa düşdüm. Sənə bir sual da verim.

– Buyurun, baş vəzir həzrətləri.

– “Kasıbın xəstəsi, varlının qəhbəsi bilinməz”. Şahənşahımız bu məsəldən qırağa çıxmamağı əmr edib. Səncə nə demək istəyir?

– Baş vəzir həzrətləri, misalın mənasını bilirəm. Bəs bunun şahənşaha nə dəxli?

– Qulağını bəri gətir, – deyə baş vəzir Karineyə yaxınlaşdı. Nəsə pıçıldadı.

– Başa düşdüm, baş vəzir həzrətləri. Amma mən hərəmxanadan kənara çıxmamışam heç vaxt. İcazə verin sizə suallar verim ki, məmləkətdəki vəziyyət mənə aydın olsun.

– Ver suallarını.

– Camaatın güzəranı necədir?

– Səfil günündədir.

– Bəs xəzinə?

– Aşıb-daşır.

– Aşağı təbəqənin zənən xeylaqları necə yaşayır?

– Fahişəlik baş alıb gedir.

– Tiryəkilər çoxdurmu?

– Sayını itirmişik.

– Günahı olmayana cəza verilirmi?

– Yeganə Göyverən cəzası verilir ki, bu da kütləvi hal alıb. Üzdəniraq edirlər məhkumları. Hətta xırda xəta törədənləri də...

– Məmləkətdə göyverənlər çoxdurmu?

– Meydan sulayırlar. Hamı bir-birini satır, hamı bir-birinin üstündə gözdür. Bir sözlə, şahənşah bütün qadağaları və ölüm hökmünü ləğv edib. Dinləri birləşdirib, Göyverən ibadətgahı açıb, Göyverən təriqəti yaradıb. Keçmiş Karzat şahlığında, indiki Göyverən valiliyinin qalasında iyirmi min qaraniqablı, kişi hərisi – xəstəsi olan şahzadə Göyverənlər ordusu yetişdirib ki, onlar da vəhşilikləriylə hər yana səs salıblar. On günə iki şahlığı viran qoyublar. Digər ətraf məmləkətləri gecələr səksəkədə saxlayırlar.

– Son sual: zənən xeylaqları əvvəlki kimi mütidirlərmi?

– Nə müti? Əsla. Şahənşahımız onlara da zina etmək haqqı verib. Həm sayları çoxdur, həm də kişiləri üstələməyə başlayıblar. Evə çörəkpulunu onlar gətirir əsasən.

– Anladım.

– Nəyi anladın? Səncə mən baş vəzir bu məsəli əlində bayraq edib, ilk olaraq hansı addımları atmalıyam?

– Baş vəzir həzrətləri, yol üstündəyəm. İcazə verin gedim. Qayıdandan sonra bütün suallarınıza müfəssəl cavab verim.

– Yaxşı. Get hazırlaş. Qaranlıq düşəndə xəbər göndərəcəyəm.

 

***

 

Səhər açılıb. Divan. Karine baş vəzirin hüzurundadır.

– Məndən razı qaldınmı, baş hərəm?

– Ömrünüz uzun olsun, baş vəzir həzrətləri. Nağıllardakı Simurğ quşusunuz sanki. Mənim arzularımı yerinə yetirmək üçün Allah göndərib sizi.

– Yaxşı, az təriflə. Dünənki söhbətə qayıdaq. Vəziyyəti bilirsən. İndi mən nə tədbir tökməliyəm?

– Bir misal çəkim sizə, baş vəzir həzrətləri.

– Çək.

– At arabası dağ yoluyla üzü yoxuşa gedir. Hər iki tərəf dərədir. Birdən atın ayağı sürüşür və araba at qarışıq dərəyə yuvarlanır. Yiyəsi isə hoppanmağa macal tapır. Sizcə atı və arabanı xilas etmək mümkündürmü?

– Əlbəttə ki, yox. Bunu başa düşdüm. Sən çıxış yolunu göstər.

– Atın ayağı sürüşkəndirsə, arabadakılar da onun aqibətini yaşamalıdırlar. Burda yalnız bir çıxış yolu var. Atla araba dərənin dibinə gedib çatmalıdır. At ölməli, arabadakılar isə pərən-pərən olmalıdırlar. Yiyəsi buna tam əmin olandan sonra ki, at da, araba da əlindən çıxıb... bax onda, nəsə addım atmağa başlayacaq. Gedib təzəsini alacaq.

– İndi mən səndən soruşuram. Bu halda bütün səlahiyyətlər yenidən özünə qaytarılan baş vəzir nə etməlidir?

– Mənə bundan üç çıxış yolu dedilər: birincisi atla arabanın dərənin dibinə getməsini sürətləndirmək. İkincisi, bunu yaradan səbəbi – iyirmi min şahzadəni məhv etmək. Üçüncüsü isə qulağına sırğa taxılmayanları hifz etmək. Kənar məmləkətlərin birində, Kaminat şahlığında bir yerə yığıb qorumaq.

– Yaxşı, bunu başa düşdüm ki, at şahənşahdır, araba da dövlət. Bəs atla arabanın yiyəsi kimdir?

– Vaxtı çatanda özü meydana çıxacaq, baş vəzir həzrətləri.

– Bunları hansı kitabdan oxumusan, ay hərəm? Axı heç yanda yazılmayıb bu barədə.

– Dünyanı Allah idarə edir. Amma o Allah insanların beyninə yeridilən gözəgörünməz varlıq deyil. Bizim kimi canlıdır.

– Anladım. Gedə bilərsən, baş hərəm.

– Sağ olun, baş vəzir həzrətləri, – deyib Karine təzim edir və Divandan çıxır.

 

***

 

Ertəsi gün. Divan. Baş vəzir taxtında oturub. Saray əyanları hüzurundadır. Qüdrət balaca kisədən qızıl sırğalar çıxarıb onlara paylayır. Əyanlar narazı-narazı sırğanın o üzünə-bu üzünə baxırlar. Sonra isə gözlərini baş vəzirə zilləyirlər.

– Hamınız yanınızda gəzdirin bu sırğaları. İstəsəniz qulağınızı deşdirib taxa da bilərsiniz. Amma məsləhət bilmirəm. Lazım gəlsə çıxarıb göstərin. Deyin ki, bu gün veriblər mənə. Gedirdim qulağımı deşdirməyə. Qandız?

– Yəni vəziyyət belə gərgindir, baş vəzir həzrətləri?

– Mən sənə izah verməliyəm, küçük? Bu nə cəsarət? Nə deyirəmsə onu da edin! Başqa vaxt olsaydı əyan Misqi kimi çoxdan kəsmişdim başını. İndi isə öz adamımı itirmək vaxtı deyil. Onsuz da azala-azala gedirik.

– Bağışlayın, baş vəzir həzrətləri.

– Bu gündən gedirsiniz valiliklərə. Valilərin hamısını dəyişib yerinə qulağı dəmir sırğalı qoyursunuz. Əyanlara isə ailələri qarışıq məmləkətdən çıxmalarını əmr edirsiniz.

– Hara getsinlər, baş vəzir həzrətləri?

– Getsinlər Kaminat şahlığına. Ya da onun qonşuluğunda olan Əllam şahlığına. Orda kişi çatışmır. Həm də yeganə yerdir ki, şahzadə Göyverənlər uzun müddət ora ayaq basmazlar yəqin.

– Həmişəlik gedirlər, baş vəzir həzrətləri?

– Bilmirəm. Getsinlər, yaşasınlar və əmrimi gözləsinlər. Qandız?

– Bəli, baş vəzir həzrətləri.

– Ərzən, səni baş fərraş qoyuram. Tiryəkə nəzarəti sənə tapşırıram. Qulağısırğalı valilər sənin adamlarına nə desələr etsinlər. O cümlədən hakimlərə, qazilərə də əmrimi çatdır. Nəhayət, sonuncu əmrim. Özünüzü, ailənizi, ətrafınızdakı saf insanları qoruyun. Onlara da məsləhət edin ki, dediyim şahlıqlara qaçsınlar. Kaminat şahla Dürəngi xəbərdar edəcəyəm.

– Özümüzü necə qoruyaq? – deyə əyanlardan biri soruşdu.

– Əvvəllər qanunlar qoruyurdu bizi. İndi isə qanun yoxdur. Özünüz-özünüzü qoruyun.

– Bir yolunu göstərin də, baş vəzir həzrətləri? Axı necə qoruyaq?

– Hamınıza qızıl sırğa verdim. Amma özünüzü qulağı dəmir sırğalı olmaqdan qoruyun! Arvadınızı, qızınızı fahişə olmaqdan qoruyun! Övladlarınızı tiryəki olmaqdan qoruyun..!

– Şahzadə Göyverənlər qapımızı döyəndə açmayaq?

– Səhərdən bir Quran söz danışmışam. Yenə qanmırsız. Sizə sırğa verdim. Onlar qulağısırğalılara toxunmurlar. Ətrafınız isə paytaxtda qalmaq istəyirsə, qapını açsın. Üstəlik qaraniqablılara əziyyət olmasın deyə, şalvarlarını da aşağı çəksinlər. Nə qanmaz adamsız siz? Gedin qoruyun özünüzü.

– Qandıq, qandıq, – deyə əyanlar başlarını tərpətdilər.

– İndisə gedin!

Əyanlar gedirlər. Dürəng şah gəlir.

– Baş vəzir həzrətləri, – deyə təzim edir.

– Xoş gəlmisən, Dürəng şah. Bu nədir? Şah da vəzirin qabağında baş əyər?

– Şahənşahlığın baş vəziri bütün şahlardan üstündür, baş vəzir həzrətləri.

– Dürəng, səni bilirsən niyə çağırtdırmışam?

– Xeyr, baş vəzir həzrətləri.

– Şahlığına kim gəlsə – qulağısırğalılardan başqa – onlara qucaq açırsan. Amma hiss etdirmədən.

– Başüstə, baş vəzir həzrətləri.

– Sarayda ol hələlik. Başqa tapşırığım da var.

Dürəng şah gedir. Baş vəzir təkdir. Fikrə gedir: nə etmək istəyirəm? Xəyalımda qurub həyata keçirmək istədiklərim şahənşaha xəyanət sayılmırmı? Əvvəldən yaxşı vəzir olsaydım bu addımlara ehtiyac duyulardımı? Əslində mən düz yol göstərməliydim. Şahənşahı pis fikirlərdən daşındırmalıydım. Bəs mən nə edirdim? “Başüstə”, “qulunuzam” – bundan başqa heç nə bilmirdim. Ona görə də baş fərraş az qalmışdı ötüb keçsin məni. Aradan götürməsəydim, indi bu taxtda mən yox, o oturmuşdu. Yox. Mən kiməm ki? Şahənşah əmr edir, mən də həyata keçirirəm. Demişdi, hamını ağ günə çıxart – çıxartdım. İndi də deyir ki, qulağısırğalıları himayə et – edirəm. Yox. Göyverən mənə demişdi ki, “ağ günə çıxart”. Bəs mən nə etdim? Hamını ağ yox, ağappaq günə çıxartdım. Şair Abumahir burda yaxşı deyib:

 

Kəmfürsət əlinə düşəndə fürsət,

Sərin meh istəsən, qış gətirər o.

Birinin börkünə etsən işarət,

Börk ilə bərabər baş gətirər o.

 

Göyverən məndən papaq istəyir, mən isə papağı baş qarışıq aparıram ona. Şahənşah deyir ki, qəniməti bölək xalqın arasında – razılaşmıram. Onu fikrindən mən daşındırıram. Şahənşah deyir bir qızıl beş dəmir göyverən edir. Mənsə deyirəm ki, yox. Bir dəmir göyverən bir qızıla bərabərdir. Sonu da bu – insanlar ehtiyac içində çapalayır. Fahişəlik ehtiyacdan artmadımı? Xəbərçilik, evyıxma ehtiyacdan yaranmadımı? Oğurluqlar ehtiyacdan qaynaqlanmırmı? Satmağa bir şeyləri olmayan, əyri yolla pul qazanmağı özünə sığışdırmayan, qeyrət-namuslarını üstün tutanların isə gücü əvvəl qarğışa, sonra isə söyüşə çatdı. Dedikləri düz sözə görə əbədi damğalandılar, qulaqları sırğalandı. Axı nə oldu ki, əvvəllər söyüş söyməyən əməli-saleh insanlar, birdən-birə söyməyə başladılar? Yox, onlar söymürlər, mən söydürürəm onları. Nə özümdə günah axtarıram e... Ən böyük günahkar əlbəttə ki, Şahənşah Göyverən özüdür. Hökm edən odur. Mən isə icra edənəm. Məndən qabaq Qurban belə edirdi. Sonra qulaqkəsən Birrəng başladı. Elədikləriylə Qurbanın ölənlərinə rəhmət oxutdu. Sonra isə mən gəldim. Mən isə Birrəngin ölənlərinə rəhmət oxutdururam. Həmişə belə olub, belə də olacaq. Amma ki, yox. Qurban, Birrəng qamarlayıb altlarına yığırdılar. Mən isə hamısını xəzinəyə yatırıram. Mən şahənşahıma sədaqətliyəm bu baxımdan. Gəlirim karvansaraylarımdandır. Bəs onda niyə ifrat canfəşanlıq edərək camaatı soyub quru yurdda qoydum? Əgər özüm bu həyatı yaşamışdımsa, niyə onlara da bunu rəva bildim? Göyverənin bir vaxtlar məni səfil gününə salıb sonra quyunun dibindən çıxararaq həyata qaytardığına görəmi? Bu mənim ona çox sağ olum idimi? Camaatı səfil günə salmaq, kişilərin göyvərən, qadınların fahişə, gənclərin oğru, tiryəki olmasına səbəb olmaq şahənşaha sədaqət əlaməti sayılırmı? İndinin özündə də hər dəfə şahənşahın hüzuruna gedəndə müharibə başladıb əhalini qırdırmaq istəyirəm. Hələ vəba xəstəliyi yayıb camaatı sağalmaz mərəzdən küllən qırdırmaq istəyən də mənəm. Nədi-nədi vergi ödəmirlər. Bəs baş fərraş? Gülünc şalban məsələsini o kəşf eləmədimi? Alınlara damğanı o vurdurmadımı? Mənim yüz arxa ölənlərimə rəhmət oxutdurmağa başlamadımı? Yox. Qəşşaşda nə günah? Mən tapşırdım, o da etdi. Günahkar mənəm. İstəsəydim bunlar olmazdı. Mənim bir günahım da var ki, hər şeyi şahənşaha çatdırıram. Özüm öz ağlımla heç bir addım atmıram. Amma Qurban, Birrəng gizlin edirdilər. Heç kimdən icazə almırdılar. Nə olsun ki? Sonları bilirik də necə oldu. Mən isə icraçıyam, üstəlik şahənşahı da hər şeydən xəbərdar edirəm. Bəs indi necə? Şahənşahmı demişdi qulağısırğalıları yüksəb mənsəblərə qoyum? Demişdi ki, sadəcə himayə et. Özü də tam əminəm ki, vali kimi ətraflarına özlərikimiləri yığacaqlar. Yox. Mən uşaq deyiləm. İstəyirəm bu yolla özlərinə nifrəti artırsınlar. Sonra əlimin bir işarəsi lazım olacaq ki, hamısını bir andaca yox eləyim. Özü də təmiz insanların əliylə. Təmizi natəmiz edib, sonradan digər təmiz insanların əliylə qırdırıb qatilə çevirmək istəyən də mən deyiləmmi? Əslində mənim indiki halım Göyverənin ilk şahlıq günlərindəki halına daha çox oxşayır. Biz onu çox aşağıladıq. O da şah olub bizi cəzalandırdı. Onu bu günə salan Həqqi Şahın adını hər yerdən sildi. Hamımıza Göyverən soyadı verdi. Onun qaraniqablı şahzadələri bir az da qabağa gedib məni, bizləri əsl göyvərən etdilər. Şahənşah Göyverən bizlərdən qisasını aldı. Onda belə çıxır ki, mənim də qisas hissimin alovlanmağı təbiidir? Onda belə çıxmırmı ki, eləmək istədiklərim şahənşah Göyverənə xəyanət deyil? Mən şahənşahıma oxşamaq istəyirəm, onun yoluyla gedirəm. Burda pis nə var ki? Axı mən də əsl göyvərənəm – qapımı döyən üç şahzadə Göyverənin göyvərən etdiyi göyvərən. Elə şahənşahımız kimi. Yox. İt itin ayağını basdalamaz deyirlər. Yaxud da... bütün bunlar əvvəllər niyə ağlıma gəlmirdi? Karine məsləhət verməsəydi, hərəkətə keçəcəkdimmi? Qadın sözüylə oturub-durmaq mənə yaraşarmı? Birdən şahənşahla yataqda məni satdı? Dedi ki, bəs baş vəzirin məndən məsləhət alır, elə məni apar qoy baş vəzir mənsəbinə. Qadındır. Qadın məkrli olanda isə ikiqat təhlükəlidir. Bunlardan nə desən gözləmək olar. Özü də başkəsəndir. Ona görə ağıllı şahlar hərəmxanalarını tez-tez dəyişirlər. Yox. Karine başqalarına bənzəmir. Qaflan Şahı müharibəsiz məhv edib, gizli xəzinəsini mənə təslim etmədimi? Baş fərraşın əlindən məni o qurtarmadımı? Minnətdar olmalıyam əslində. Mən isə onu tədbirli, ağıllı yox, məkrli adlandırıram. Bəs sonu nə olacaq? Bunu düşünürəmmi? Göyverənə bir şey olsa şahənşah mən olacağammı? Əlbəttə ki, yox. Oğlu var. O isə altı aylıqdır. Amma həddi-buluğa çatanacan dövləti mən idarə edəcəyəm. Belə çıxır ki, Karine mənə yaxşılıq edir? Atla araba yuvarlanıb dərənin dibinə çatanda, mən də taxta çıxacağam? Hər şey belə sadədirmi? Yox. Axı Karine atla arabanın yiyəsinin olduğunu da dedi. Ömrümdə ilk dəfədir ki, şahənşahın hökmüylə yox, qadın ağlıyla hərəkət edirəm. Göyverən bilsə kəlləm gedəcək. Amma mənə də Qüdrət deyərlər. Şair Abumahir, vəkil Qaplan, baş nəqqaş Təbərxan, baş hakim Abdulla, baş fərraş Qəşşaş, xacə Dümbələk – hamısını yolumdan götürdüm. Şahənşah bunlardan xəbərdar oldumu ki, indi elədiklərimdən də xəbər tuta? Bu dəfə də bilməz inşallah. Biləndə isə gec olacaq. Amma malı mala nahaq qatıram. Əvvəl elədiklərim mənsəbimi qoruyub saxlamaq üçün idi. İndi etdiklərim isə şahənşahın sonunu gətirməlidir. Bəs Aslan? Birdən duyuq düşdü? Yox. Duyuq düşsə də inanmıram məni ələ verə. Çünki özü də iyrənir bu mənzərədən. Son savaşda şahidi oldum. Aslan Qurbanla qanlı bıçaq idi. Amma mənimlə işi yoxdur. Mənim də onunla. Yollarımız hələ ki, kəsişməyib. Allah axırını xeyir eləyər inşallah. Yox. Özümdə nahaq günah axtarıram. Günahım yoxdur. Hər şeyə səbəbkar şahzadə Göyverənlərdir ki, bunu da Göyverənin beyninə mən salmamışam. Mənim Göyverən valiliyində baş verənlərdən heç xəbərim olmayıb. Mən hardan biləydim ki, Şahənşah Göyverənə layiq iyirmi min şahzadə yetişdirilir. Hə, axır ki, günahkarı tapdım. Bu baxımdan Karine ilə fikirlərimiz üst-üstə düşür. Amma elə etməliyəm ki, təbii alınsın. Şahənşah bu işlərdə mənim əlimin olmasından duyuq düşməsin.

– Eşikağası! – deyə baş vəzir qışqırır, – Dürəngi Divana çağır!

Dürəng hövlnak gəlir.

– Dürəng, sən Göyverən valisi olmusan bir müddət. Qalaya gizli giriş-çıxış yolları yadındadırmı?

– Bəli, baş vəzir həzrətləri.

Baş vəzir Dürəng şahın qulağına nəsə pıçıldayır.

– Başüstə, baş vəzir həzrətləri. Əmrinizə baş əyirəm.

 

ARDI VAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır