Modern.az

Xaçmazda dəyəri 29,5 mln. dollar olan istixana, şitillik, soyuducu anbar kompleksi tikiləcək

Xaçmazda dəyəri 29,5 mln. dollar olan istixana, şitillik, soyuducu anbar kompleksi tikiləcək

21 Yanvar 2010, 18:03

Yanvarın 21-də İqtisadi İnkişaf Nazirliyində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə “Marcin International” və “MYBA Agro Projects” şirkətləri arasında Xaçmaz rayonunda istixanaların, şitillik, soyuducu anbar, çeşidləmə və qablaşdırma sexinin qurulması layihəsinin həyata keçirilməsi məqsədilə birgə təsis edilən “AzAgroExport” MMC müştərək müəssisəsinin təsis müqaviləsinin imzalanma mərasimi keçirilib.

Modern.az xəbər verir ki, AİŞ-in Müşahidə Şurasının yanvarın 16-da keçirilmiş iclasında şirkətin Xaçmaz rayonunda inşa olunacaq müasir istixana kompleksi layihəsinə investisiya qoyulması barədə qərar qəbul edilib. Bu layihə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.

Ümumi dəyəri 29,5 mln. ABŞ dolları olan layihəyə əsasən, yaradılacaq kompleksə istixanalarla yanaşı, şitillik, çeşidləmə və qablaşdırma sexi, soyuducu anbar və inzibati bina daxildir.

Azərbaycan İnvestisiya Şirkətinin və “Marcin International” şirkətinin hər birinin layihədə iştirak payı müvafiq olaraq 36,5%, “MYBA Agro Projects” şirkətinin iştirak payı isə 27%-dir. Layihənin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatına 18,8 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb olunacaq. AİŞ-in layihədə investisiya qoyuluşu 10,7 mln. ABŞ dolları təşkil edəcək.

Layihəyə əsasən, il ərzində kompleksdə 1,4 mln. şitil, 6 min ton tərəvəz yetişdirilməsi, istehsal olunan məhsulun 75-85%-nin ixrac edilməsi, qalan hissəsinin isə yerli bazarlarda satılması nəzərdə tutulur.

Layihə ölkəmizin ixrac potensialının artırılması, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda müsbət imicinin formalaşması və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. Layihəyə əsasən, 200-dən çox daimi iş yerinin açılması nəzərdə tutulur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı