Modern.az

Deputat “Təhlədənəm özüm, dağlar” kitabına təqdimat keçirib

Deputat “Təhlədənəm özüm, dağlar” kitabına təqdimat keçirib

Aktual

9 İyul 2012, 16:50

Bu gün Atatürk Mərkəzində Azərbaycan-Gürcüstan Parla­ment­lərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Gürcüstanda ulu söz yurdlarımızdan biri kimi tanınan Təhlə elinin şair və yazı­çılarının yaradıcılıq örnəklərinin toplandığı “Təhlədənəm özüm, dağlar” (Təhlə çökəyi ədəbi antologiyası) kitabının təqdimat mərasimi keçirilib.  Mərasimdə millət vəkilləri, alimlər, şair və yazıçılar iştirak edib. Təqdimatda millət vəkili Qənirə Paşayeva tarix boyu Güney Azərbaycanda, Kərkükdə, Borçalıda, Qərbi Azərbaycanda, Dərbənddə yaranmış ədəbi örnəklərin bütöv Azərbaycan ədəbiyyatının zənginləşməsində önəmli rol oynadığını qeyd edib. O, son vaxtlar respublikamızın inzibati ərazisindən kənarda olan yurdla­rımızda yaranan ədəbiyyatımızın toplanması, nəşri və təbliği yönü­mündə bir sıra işlərin görüldüyünü, bu sıradan, tanınmış ədəbiy­yatşünas, tərcüməçi Nəriman Əbdülrəhmanlının tərtib etdiyi “Təhlədənəm özüm, dağlar” ədəbi antologiyasının nəşrinin diqqətəlayiq iş olduğunu vurğulayıb. Qənirə Paşayeva “Təhlədənəm özüm, dağlarədəbi antologiyasının Gürcüs­tanda da təqdimatının keçiriləcəyini bildirib. Təqdimatda çıxış edən millət vəkilləri – tarix elmləri doktoru professor Musa Qasımlı, filologiya elmləri doktoru Jalə Əliyeva, Sədaqət Vəliyeva təqdim olunan kitabın məziyyətləri, onun bir elin hissini-həyacanını, dünənini-bügününü, gələcəyə baxışını poetik dillə çatdıran qiymətli nəşr olduğunu, bu qəbildən kitabların soydaşlarımıza bir mənəvi dəstək dəyəri daşıdığını qeyd ediblər. Əslən Gürcüstandan olan ziyalılar – akademik Ramiz Məmmədov, dosent Əllədin Təhləli, tarix üzrə fəlsəfə doktoru Əsəd Təhləli, şair Etimad Başkeçid, eləcə də Bakı Slavyan Universitetinin dosenti, tanınmış ədəbiyyatşünas Rüstəm Kamal və başqaları çıxış edərək sözügedən antologiyanın nəşri faktı və antologiyada yer alan mətnlər barədə öz təqdiredici fikirlərini söyləyiblər. Sonda kitabın tərtibçisi Nəriman Əbdülrəhmanlı təqdimatın təşkilatçısı millət vəkili Qənirə Paşayevaya, bütün tədbir iştirakçılarına öz minnətdarlığını bil­dirib, öz ədəbi planları barədə məlumat verib. “Qanun” Nəşrlər Evində nəfis şəkildə çap olunmuş ( və nəşrinə yurdsevər ziyalılar Nurafiz Hüseynli, Kamandar Mamocoğlu, Bəhruz Əlmədətov, Aydın Yaqubov yardım göstərdiyi) 552 səhifəlik antologiyanın redaktorları Rafiq Hümmət və Kamandar Mamocoğlu “önsöz” müəlifləri Rüstəm Kamal və Əsəd Təhləlidir. Antologiyada  ötən əsrin əvvəllərindən bugünümüzədək Gürcüstanın Təhlə çökəyində (Ağ Təhlə, Qara Təhlə, Qaracalar, eyni zamanda həmin ellərdən törəyən Birlik və Təzəkənd kəndlərində) yaranan yazılı ədəbiyyat örnəkləri toplanıb. Nəşrdə klassik el şairlərinin əsərləri ilə yanaşı çağdaş ədəbiyyatımızın tanınmış nümayəndələrinin, eləcə də gənc yazarların yaradıcılığı da öz əksini tapıb.  

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır