Modern.az

I qrup üzrə ali məktəb imtahanları keçirilib

 I qrup üzrə ali məktəb imtahanları keçirilib

Aktual

20 İyul 2012, 09:25


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  iyulun 20-də 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  I ixtisas qrupu üzrə qəbul imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2,  Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçirilib. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet saytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. 

Orta ümumtəhsil müəssisələrindən 2528 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 235 imtahan rəhbəri cəlb olunub.

İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib. 

2012-ci ildə  I qrup üzrə  33533  abituriyent ərizə təqdim edib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  19847  nəfərini oğlanlar, 13686  nəfərini isə qızlar təşkil edir. 

18818 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13259 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.  Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 167 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 123 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali  təhsil almaq arzusundadır. 1333 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.  Ən yaşlı abituriyent 1956-ci ildən, ən gənc isə 1997-cı ildəndir.

Bakı şəhərində 21080 abituriyent, Naxçıvanda 1324 abituriyent, Gəncədə 3400, Sumqayıtda 4368 abituriyent, Şəkidə 1653 abituriyent, Lənkəranda isə 1708 abituriyent imtahan verir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat ərzində aparılır.. 

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

 I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna  daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.   

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən  avqustun 16-dək internet vasitəsilə aparılacaq.  

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən  təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər. 

 

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır