Modern.az

Xalçayuma, mebel, şüşə və daş sexləri “Azərsu”yun qəzəbinə tuş gəldi - FOTO

Xalçayuma, mebel, şüşə və daş sexləri “Azərsu”yun qəzəbinə tuş gəldi - FOTO

Aktual

30 İyul 2012, 17:47

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu sahədə nəzarət tədbirləri gücləndirilsə də, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.

“Su təchizatı və tullantı suları haqqında” qanunun tələbləri əsas götürülərək belə halların aşkarlanması və aradan qaldırılması məqsədi ilə “Baki Sukanal” idarəsinin Xətai Sukanal departamenti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Mingəçevir küçəsi 40 ünvanında  yerləşən “Avto-qarant” Açıq Səhmdar Cəmiyyətində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb.

“Azərsu”yun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Səhmdar Cəmiyyətin yerləşdiyi ərazidə icarə əsasında fəaliyyət göstərən xalçayuma, daş kəsimi, mebel və şüşə  sexlərində içməli sudan qeyri-qanuni istifadə edilib. Su təchizatı sisteminə baxış keçirilərkən məlum olmuşdur ki, həmin obyektlərə içməli suyun verilməsi 25 mm diametrli borularla nəzərdə tutulsa da, qeyri-qanuni çəkilmiş 25 mm diametrli xətdən istifadə edilib.

Araşdırma zamanı  məlum olub ki, obyekt ərazisindəki 2 subartezian quyusundan çıxarılan sular istifadə olunduqdan sonra kanalizasiya şəbəkəsinə axıdılmış və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə edilib.  Aşkarlanan faktlar obyekt rəhbərliyinin iştirakı ilə aktlaşdırılmış və obyektin su təchizatı dayandırılıb. Sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndiriləcək və abunəçi - “Avto-qarant” ASC cərimə olunacaq.
          
“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilər içməli su təchizatı qeyd-şərtsiz dayandırılacaq və onlara qarşı cərimə tətbiq ediləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır