Modern.az

Suriyanın qanlı bölgəsindən Modern.az-a danışdılar

Suriyanın qanlı bölgəsindən Modern.az-a danışdılar

Aktual

2 Avqust 2012, 11:15

“Azərbaycandan təcili kömək gözləyirik”

Mustafa Ağaoğlu: “Suriya türkmənlərinin sayı 3 milyon yarım olmasına baxmayaraq bizi hələ də duymurlar”

Suriyada gün-gündən şiddətlənən iç savaşda ən çox zərər görən toplum bəlkə də bu ölkədə yaşayan tükmənlərdir. Çünki türkmənlər Suriyada məzhəb və etnik qruplar içərisində təşkilatlanmamış, əlində silah olmayan yeganə toplumdur. Eynilə İraqda olduğu kimi... Bu vəziyyət isə müdafiəsiz, taleyin ümidinə buraxılmış türkmənləri daha da ağır itkilərə məruz qoyur.

Modern.az saytı hazırda ağır döyüşlərin getiyi ölkədən türkmənlərin səsini dünyaya çatdırmağa çalışanlardan biri Mustafa Ağaoğlu ilə əlaqə yaradaraq Suriyada son vəziyyət, türkmənlərin durumu haqda yeni məlumatlar əldə edib.

- Mustafa bəy, bizi Suriyada son vəziyyət, türkmən qardaşlarımızın durumu maraqlandırır.

- Suriyada hazırda vəziyyət çox ağırdır və hər saat da ağırlaşmaqda davam edir. Türkmənlərin vəziyyəti isə çox pisdir. Bizə sahib çıxan, dəstək verən yoxdur. 3000 türkmən hal-hazıda Türkiyədə - Antakıya çadırlarında məskunlaşıblar. Onların yaşadıqları evləri, məhəllələri məhv etdilər. Biz hazırda 5 nəfər türkmən gənci bir araya gələrək Suriyadakı türkmənlərin səsini dünyaya duyurmaqdır. Sizə də təşəkkür edirik ki, bu səsi qardaş Azərbaycana çatdıracaqsınız.

- Suriyada nə qədər türkmən yaşayır? Və hansı şəhərlərdə?

- Suriyadakı türkmənlərin sayı əslində 3 milyon yarımdır. Onlardan 2 milyonu türkməncə danışır, qalanı isə ərəbcə. Türkmənlərin əsasən yaşadıqarı şəhərlər Şam, Hama, Homs, Hələb, Əl-Rikka, Lazikiyyə, Baba Əmir, Tarsus və Colandır. Amma ən çox Lazikiyyədə yaşayarlar.  Burada bir türkmən dağı var, ona cebel türkmən deyilir .

- Bəs, hazırda türkmənlərin Suriyada təşkilatlanması hansı vəziyyətdədir?

- Təşkilatlanma zəifdir, çünki, türkmənləri dəstəkləyən xarici qüvvə yoxdur. 

- Ölkədə daxili savaş başlayandan bəri türkmənlər nə kimi zərər görüblər?

- Suriya türkmənlərindən daha çox şəhid düşdü, mal zərəri gördülər, evləri yıxıldı, savaşda bir çox ailələr Türkiyə sərhədinə köçürüldü, onlaın sonrakı durumunun necə olacağı bəlli deyil .

- Suriyanın şimalında bir bölgəsəl kürd idarəetməsindən bəhs edilir. Bu nə qədər ciddi mövzudur və türkmənlər buna necə yanaşır?

- İndiki anda özəl bir kürd idarəetməsi yoxdur. Amma orada kürdlər ayağa qalxıblar, PKK-nı təbliğ edən plakatlar və bayraqlar qaldırıblar. Məsud Bərzani də onları dəstəkləyir. Ancaq Suriya türkmənləri bu kampaniyaya qarşıdırlar və ciddi təpkiləri var. 

- Bəs Suriyada yaşayan türkmənlərin indiki ağır vəziyyətdə Türkiyədən, Azərbaycandan, Türk dünyasından gözləntiləri nədir?

- Suriya türkmənləri Azərbaycandakı və Türkiyədəki türkləri, Fələstin, Livan, və İraq türkmənlərini özlərinin bir parçası kimi qəbul edirlər. Sənələrdir Türk dünyasına açılmaq istəyirlər.  Bizim ürəyimiz sizin yanınızdadır, amma bu istəyə əl uzadan yoxdur. Bizə həm canlı dəstək lazımdır, həm də media dəstəyi. Biz Azərbaycandan təcili olaraq bu yöndə kömək gözləyirik. Sayımızın 3 milyondan artıq olmasına baxmayaraq, bizi hələ də duymurlar. Həqiqətən türk millətinin işi hər zaman çətindir. İraqda da belə olduq, Rusiyada, İranda, Qarabağda, Çində də həmçinin. Tanrı millətimizin köməyi olsun və bu bəlalardan tezliklə qurtaraq.


İndi bu bayraq Suriya türkmənlərini təmsil edir

Aqil Camal
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı