Modern.az

Hərbi Qənimətlər Parkı düşmən üzərində qələbənin əyani göstəricisidir

Hərbi Qənimətlər Parkı düşmən üzərində qələbənin əyani göstəricisidir

Aktual

14 Aprel 2021, 16:46

“Bakıda Hərbi Qənimətlər Parkının açılışı çox mühüm hadisədir. Bu, Vətən müharibəsində düşmən üzərində qazandığımız parlaq qələbənin əyani göstəricisidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin parkın açılışında iştirak etməsi və bir qrup hərbçi ilə görüşü zamanı səsləndirdiyi fikirlər hər birimizi çox qürurlandırır”. 

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Fatma Yıldırım bildirib ki, Vətən müharibəsində qazanılan qələbənin əsasında Azərbaycan dövlətinin inkişafı, gücü, xalq-Prezident birliyi və Vətənə olan  sevgi dayanır. Məhz bu amillər düşməni qarşımızda diz çökdürdü.

 

Deputatın sözlərinə görə, hələ müharibə başlamamışdan əvvəl Ermənistan rəhbərliyi bəzi iddialarla çıxış edirdilər. Onlar eyforiyaya uğrayaraq öz ordularının “məğlubedilməz” olduğunu düşünürdülər və iddia edirdilər ki, əgər müharibə başlasa guya hərbi texnikaları Bakıya qədər gələcək. Bəli texnika Bakıdadır, ancaq ordumuz tərəfindən məhv olunmuş vəziyyətdə.  Azərbaycanın şanlı ordusu, qəhrəman əsgərlərimiz onların uydurma miflərini qısa müddət ərzində dağıtdılar, və bu gün  Ermənistan ordusunun durumu özünü Hərbi Qənimətlər Parkında əks etdirir.

 

Deputat qeyd edib ki, hazırda bu parkda erməni ordusu əzilmiş, məhv olmuş ordu kimi nümayiş olunur. Beləliklə, demək olarki bu parkdakı mənzərə ilə biz düşmənə göstəririk ki, xalqımıza qarşı törədilən soyqırım, terror, cinayətlərin cavabı hər zaman bu olacaqdır. 

 

“Hesab edirəm ki, Hərbi Qənimətlər Parkın yaradılması həmçinin çox böyük tarixi əhəmiyyətə malikdir. Biz Qarabağ həqiqətlərini, bu torpağı düşmən işğalından necə azad etdiyimizi, ordumuzun şücaətini gələcək nəsillərə mütləq çatdırmalıyıq. Bu tariximizi daim təbliğ etməliyik. Parkın yaradılmasında müasir, kreativ üslublardan istifadə olunub və bu vasitə ilə döyüşlərin mənzərəsi çox real təsvir edilib. Burda hər bir şəhidimizin, qazimizin, bütün ordumuzun əməyi, fədakarlığı, şücayəti nümayiş olunub. İnsan baxdıqca sanki o anları yaşayır. Eyni zamanda, bu park ölkəmizə gələn xarici turistlərin də ən çox ziyarət edəcəyi məkanlardan biri olacaqdır. Hər kəs burada Azərbaycan ordusunun nəyə qadir olduğunu öz gözləri ilə görəcək, işğalçı Ermənistanın məğlubiyyətinin isə real mənzərəsinin  şahidi olacaqlar”, -deyə Fatma Yıldırım vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır