Modern.az

“Zəngəzur dəhlizi” hərbi doktrinamızı dəyişdirə bilər?.. - ŞƏRH

“Zəngəzur dəhlizi” hərbi doktrinamızı dəyişdirə bilər?.. - ŞƏRH

Aktual

8 May 2021, 15:50

Dünya ölkələri siyasi, hərbi qanunvericiliklə bağlı mühüm addımlar ataraq, gələcəyə hesablanmış milli təhlükəsizlik konsepsiyaları və hərbi doktrinalar qəbul edirlər. Regionda ciddi şəkildə dəyişən siyasi situasiyadan irəli gələrək, Azərbaycanın da milli təhlükəsizlik konsepsiyası və hərbi doktrinasının yenilənməsinə ehtiyac yarandığı qeyd olunur.


Bununla bağlı Modern.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc hesab edir ki, Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının və hərbi doktrinanın yeni vəziyyətə köklü şəkildə uyğunlaşmasına ehtiyac var:


“Çünki hazırkı variantın qəbulunun üzərindən 10 ildən artıq vaxt keçib. İstər regional, istərsə də, beynəlxalq aləmdə dəyişikliklərin şahidi olmuşuq. Ümumilikdə təhlükəsizlik fenomeninə baxışlar dəyişib. Azərbaycanın iqtisadi, siyasi həyatını Azərbaycan fəal addımları ilə sabitlik, inkişaf platformasına daşıya bilib. Müxtəlif güc mənafelərini toqquşdurmağa deyil, daha çox uzlaşdırmağa çalışılıb. İndiki durumda Amerika və Rusiya arasındakı münasibətlər hətta Sovetlər Birliyi dövründən daha pis vəziyyətdədir. Buna baxmayaraq, iki dövlət rəhbərinin görüşünün Bakıda keçirilə biləcəyindən danışırlar. Bakı seçimi məsələsində bizim dövlətə və paytaxtımıza üstünlük verilməsinin bir səbəbi də ötən illər ərzində bununla bağlı çox böyük bir yolu qət etməyimizdir. Daha konkret desək, Azərbaycan İran, Rusiya, Türkiyə, o cümlədən qərb dövlətlərinin mənafeyi arasında özünün çıxarları naminə təhlükəli manevrlərə əl atmayıb, hansısa dairənin forpostuna çevrilməyib. Biz nə Qərbin planları ilə Rusiyaya qarşı , nə də əksinə bir siyasətə qoşulmuşuq. Buna qədərki zamanda da dediyimiz məsələlərə əlavə  olaraq, NATO rəhbərliyinin Rusiyalı general  Valeri Gerasimovla bir neçə dəfə Bakıda keçirilən görüşünü misal çəkə bilərik.
Bir çoxları bunu hətta İkinci Dünya Müharibəsinin ağır fazasında Tehranda və başqa şəhərlərdə çox az təsadüf edən, beynəlxalq diplomatik siyasi mərkəz funksiyalarını daşıyan hadisələrlə eyni planda götürürlər. Bu çox mühüm paralellər və bizim üçün qürurlu siyasi hadisələrdir. Ona görə, biz deyirik ki, 1990-cı illərdə məlum işğal reallığı regionu təhlükə ilə üz-üzə qoyurdu. Hər an risklər mövcud idi. Bu yalnız müharibənin alovlanması ilə bağlı məsələ deyildi. Eləcə də bölgəyə daim kənardan ixrac olunan qeyri-sabitliklər var idi. Bu mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı, silah alveri, radioaktiv başlıqların, maddələrin bu və ya digər formada tranziti və s. ilə əlaqəli məsələlərdir. Hansı ki, bunlar istənilən ölkənin yerləşdiyi coğrafiyalar üçün risklər sayılır. İndi isə dünyaya hibrid  müharibə fenomeni daha çox daxil olub. Belə olan şəraitdə şübhəsiz biz nəzərə almalıyıq ki, Azərbaycanın təhlükəsizlik konsepsiyası və hərbi doktrinası müasir dövr gerçəklikləri əsasınmda  daha strateji hədəflər uğrunda tərtib olunsun. Əslində bu təhlükəsizlik siyasətinin arxitektoru strateji mənada onun müəllifi, sərkərdəsi məhz Ali Baş Komandan İlham Əliyevdir”.



Milli təhlükəsizlik konsepsiyasının məhz döyüşlər tarixindən birgə müşayiət olunaraq, yazıldığını vurğulayan deputat deyib ki, başqa ölkələrdə elm adamları, peşəkar mütəxəssislər kabinetə yığılaraq yenilikləri meydana gətirə bilərlər:


“Dünyada belədir. Fikir pressləri deyilən termin var, mütəxəssislər yoxlama edə bilərlər. Ancaq Azərbaycanın bu cür doktrinaları gerçək savaşlarla yazılır. Bizim gözümüzün qarşısında hər gün bu proses cərəyan edir. Delimitasiya, demarkasiya prosesləri ilə paralel yeni siyasi, iqtisadi coğrafiyalar formalaşdırır. Biz bilirik ki, o gerçək torpaq ərazilərindən qat-qat fərqlidir. Ona görə, Zəngəzur Azərbaycanın xarici siyasətinin ən mühüm hədəflərindən birinə çevrilib. Bu qətiyyən müxtəlif ərazilərə iddialarımızı və ya bunu başqa vasitələrlə həyata keçirəcəyimizi nəzərdə tutmur.


Ali Baş Komandan ona da aydınlıq gətirərək söyləmişdi ki, söhbət dinc qayıdışdan gedir. Nəzərə alsaq ki, ulu öndərin valideynləri məhz bu torpaqlardan idi. Söhbət Qarakilsədən, ermənilərin Sisian adlandırdığı ərazilərdən gedir. Orada azərbaycanlıların tarixi irsi var. Yaddaş siyasəti, tarix siyasəti hər bir ölkənin təhlükəsizliyini, mövcudluğunu şərtləndirən başlıca amildir. Belə olan təqdirdə “Zəngəzur dəhlizi” yalnız tranzit kommunikasiya yolu kimi görülmür. Onun hərbi təhlükəsizlik, siyasi önəmi lojistik, kommunikativ əlaqələrdən qat-qat böyükdür.


Digər tərəfdən, Azərbaycan Naxçıvanla birbaşa əlaqəni qazanmış olur. Bu Gürcüstan vasitəsilə qərbə çıxışın da başqa formada alternativi sayıla bilər. O cümlədən qardaş Türkiyə ilə əlaqələrin ən yüksək bir körpüsünə çevrilmiş oldu.


Şübhəsiz ki, Azərbaycanın yeni hədəflərə yönəlik planları çox vacibdir. Cəmiyyətin elitar hissəsi, düşüncə mərkəzləri, fikir adamları, elm adamları bu prosesdə aktiv iştirak etməlidirlər. Əslində cənab Prezidentin hər bir addımları, fəaliyyəti ilə cızılan, meydana çıxan sərhəd qüvvələrimizdən tutmuş gerçək müdafiə funksiyalarını həyata keçirən ordumuza qədər hamısının üzərində böyük öhdəliyi yaradan, xüsusilə Azərbaycanın institusional təsisatlarının, elm cameəsinin, tələbələr ordusunun gələcəyə yönəlik fəaliyyətinə xidmət edəcək addımlar olmalıdır. Düşünürəm ki, bu mənada Zəngəzur öz-özlüyündə dəhliz termini olmaqdan çıxır, bütövlükdə mahal olaraq qarşımıza qoyulur. Biz isə bu yöndə sistemli çalışmalarımızı davam etdirməliyik”.


Mərkəz sədri milli təhlükəsizlik konsepsiyasının və hərbi doktrinanın yenilənməsi prosedurunu da izah edib:


“Konsepsiyalar və doktrinalar qəbul edildikdə, dəyişdirildikdə burada dövlətin bütün subyektləri iştirak etməlidir. Qanunvericilik təşəbbüsü və səlahiyyəti olan qurumların bəlli çərçivəsi yaradılıb. Şübhəsiz ki, dövlət başçısının imzası ilə müdafiə və silahlı qüvvələr sektorunun müzakirələr əsasında bazası formalaşdırılır. Ardınca məsələ parlamentə daxil olur və bundan sonra qəbul edilir. Yeri gəlmişkən, deyək ki, bu dönəmdə qonşu dövlətlərin son illərdə dəyişən konsepsiyaları, hərbi sənədləri, planları, baxışları, taktiki və strateji niyyətləri də bizim addım atmağımızda önəmli rol oynayır. Qafqazın təhlükəsizlik arxitekturasını İlham Əliyev cızır, hazırlayır, formalaşdırır, meydana gətirir. Bu yüz illərdə bir dəfə baş verən hadisədir. Çox yaxşı bəllidir ki, ölkə tarixən həddindən artıq qanlı müharibələrin, savaşların meydanı olub. İki əsr ərzində böyük bir zaman diapazonunda keçmişimizə baxsaq, bu zaman missiyasını qloballığı, regional liderliyi həm də bununla təsbit olunur ki, bu ölkənin həyatında bütün faktların ümid etdiyi, inandığı yeni şəxsiyyət meydana çıxıb. Bu həqiqətən belədir və indi daha çox şahidi oluruq, İlham Əliyevə beynəlxalq aləmdə rəğbət həddindən artıq yüksəkdir. Belə olan təqdirdə qeyd etdiyimiz tərəflərin qəbulu bilavasitə Azərbaycanın müvafiq hakimiyyət qollarında, ən sonda qanunverici orqanda reallaşmalıdır”.



Deputat Aydın Mirzəzadənin fikrincə isə təhlükəsizlik təkcə ərazi bütövlüyünün və müstəqilliyin qorunması deyil:


“Bu, ölkənin hərtərəfli inkişafının təmin edilməsi, qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulması, Azərbaycanın digər dövlətlərlə ümummaraqlar üzərində birgə fəaliyyətinin həyata keçirilməsidir. Ermənistanın Azərbaycan torpaqlarına hücumu nəticəsində artıq 30 ildir ki, işğalçı ölkə ilə hər hansı əlaqələr yoxdur. Ötən il Azərbaycan ordusunun şanlı qələbəsi nəticəsində ərazi bütövlüyümüz təmin edildi. Ermənistan öz sərhədləri çərçivəsinə çəkilməyə məcbur oldu. Azərbaycanın Naxçıvan bölgəsi Ermənistan ərazisi ilə əsas bölgədən ayrılır. Və Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Naxçıvanla yalnız İran və onun hava bölgəsi sayəsində əlaqə saxlaya bilir. Vətən müharibəsi bitdikdən, 10 noyabr sazişi bağlandıqdan sonra Azərbaycanda Naxçıvana quru yolla gedişin təmin edilməsi məsələsi ciddi şəkildə ortaya qoyuldu. Bu gün Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizinin işə düşməsi üçün üç tərəf – Azərbaycan, Rusiya və Ermənistan ciddi iş aparır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərində 10 noyabr sazişinin dəqiqliklə yerinə yetirməyə hazır olduğunu bildirildi”.


Bütün Ermənistanın qədim Azərbaycan torpaqları olduğunu xatırladan deputat təəssüflə bildirib ki, tarixi gedişat nəticəsində torpaqlarımızda süni dövlət yaradıldı:


“Azərbaycanın Naxçıvanla birləşdiyi ərazi Zəngəzur mahalıdır. Cənab prezident çox düzgün olaraq Azərbaycanı Naxçıvanla birləşdirən yolu “Zəngəzur dəhlizi” adlandırdı. Dəhlizin açılması Azərbaycanın ərazi bütövlüyünü tam təmin edir, Naxçıvanla əlaqələri möhkəm əsas üzərində qurur və Türk dünyasının ana xəttinə çevrilir. Əlbəttə, bu Azərbaycanın təhlükəsizliyini daha da möhkəmləndirir. Azərbaycanın artıq dünyaya çıxışını hərtərəfli edir. Bu məsələdə Ermənistanın da qazancı  var, ilk növbədə iqtisadiyyatını möhkəmləndirir. Türkiyə və Azərbaycan kimi iqtisadi cəhətdən güclü dövlətlərlə əməkdaşlığa ümid edə bilər. Ən əsası isə Azərbaycan artıq Naxçıvanla əlaqələrini möhkəmləndirir. “Zəngəzur dəhlizi” Türk dünyasının ana xəttinə çevrilməklə özünün dövlət müstəqilliyini möhkəmləndirir, təhlükəsizliyini ciddi qoruyur. Bir sözlə, aparılan siyasət, atılan addımlar Azərbaycanın müstəqilliyinin qorunmasına, təhlükəsizliyimizin möhkəmlənməsinə, vətəndaşlarımızın qüdrətli və nüfuzlu dövlətdə yaşanmasına xidmət edir.


Hazırda mövcud olan qanunlar toplusu “Zəngəzur dəhlizi”nin işə düşməsi, Naxçıvanla əlaqələrin quru yolla qurulmasını tam təmin edir. Gələcəkdə ehtiyac yaranarsa, qanunlarımızda dəyişiklik edilər, hansısa yeni qanun qəbul edilə bilər. Bu, gələcəkdə yaranan situasiyadan, vəziyyətin yeni yanaşma tələb etməsindən irəli gələn məsələlər olacaq ki, Azərbaycan buna həmişə hazırdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır