Modern.az

Azər Ayxan yenidən prezidentə müraciət edəcək

Azər Ayxan yenidən prezidentə müraciət edəcək

Aktual

21 May 2013, 20:26


“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın mayın 20-də “Media forum” saytına açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin rəis müavini Canpolad Daanova istinadən dediyi sözlər ziddiyyətlərə səbəb olub.

Azər Ayxan mayın 12-də və 13-də üç açıq mobil telefon nömrəsindən (050 648-02-02; 051 540-32-32; 055 872-73-56) zəng edən şəxslərin təhqir və təhdidinə məruz qalıb. Bununla bağlı o, dərhal prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. “Yeni Müsavat”ın rəhbərliyi hesab edir ki, təhqir və təhdidlər qəzetin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqda dərc etdiyi tənqidi yazılarla bağlıdır. Mayın 15-də Azər Ayxan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. İdarədə jurnalistin ifadəsi alınıb, həmçinin onun mobil telefonuna baxış keçirilib, lazımi telefon nömrələri və ismarışlar götürülüb.

Mayın 20-də Azər Ayxan “Media forum”a deyib ki, onu və qəzetin kollektivini təhqir və təhdid edən şəxslərin kimliyi müəyyənləşdirilib. Azər Ayxan açıqlamasında qeyd edib ki, bunu ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin rəis müavini Canpolad Daanov bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə mayın 21-də “Media forum”a deyib ki, Azər Ayxanın Canpolad Daanova istinad edərək, onu və qəzetin əməkdaşlarını təhqir edən və hədələyən şəxslərin kimliyinin müəyyənləşməsi barədə dedikləri həqiqətdən uzaqdır: “Canpolad Daanov Azər Ayxana belə deməyib. Hazırda iş üzrə istintaq orqanlarında həmin şəxslərin müəyyənləşməsi istiqamətində zəruri olan istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Məsələ ilə bağlı Azər Ayxan “Media forum” saytına növbəti açıqlamasını verib. “Yeni Müsavat”ın baş redaktorunun birinci müavini bildirib ki, mayın 21-də səhər saatlarında Canpolad Daanov onun mobil telefonuna zəng edib. Rəis müavini onun adından getmiş bəzi fikirlərə etiraz edib. Canpolad Daanov bildirib ki, o, “zəng edən şəxslərin kimliyi müəyyənləşdirilib” fikrini söyləməyib.

Azər Ayxan “Media forum”a bildirib ki, hətta Daanov belə deməsə də, bu, ortada olan vəziyyəti yaxşıya dəyişmir: “Guya zəng edənlərin kimliklərinin müəyyən edilməməsi yaxşı əlamətdir ki? Mənə üç açıq nömrədən həm zəng gəlib, həm də mesaj yazılıb. Zəng və mesaj müəllifləri məni ölümlə hədələyib, həmçinin ünvanıma olmazın təhqiramiz sözlər yazıblar. Hər şeyin bu qədər açıq-aydın olduğu halda günahkarların tapılıb məsuliyyətə cəlb olunmasına nə mane olur?! Polis üçün bu telefon terrorçularını tapmaq bu qədərmi çətindir? Məni hansısa sözü təhrif etməkdə günahlandırmaqdansa yaxşı olardı ki, üzərlərinə düşən işi görsünlər. Yoxsa biz bu məsələnin Daxili İşlər Nazirliyi vasitəsilə ört-basdır edildiyi haqda şübhələrə düşə bilərik”.

Azər Ayxanın sözlərinə görə, böyük ehtimalla ona təhdid zəngləri edən və təhqiramiz mesaj yazan şəxslərin kimliyi hüquq mühafizə orqanlarına bəllidir: “Yəqin həqiqətin ortaya çıxması hakimiyyətə sərf etmədiyi üçün işi ləngidirlər. Daxili İşlər Nazirliyinin bu təkzibindən sonra bir daha əmin oldum ki, telefon terrorçularına zəng etmək göstərişini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, yaxud onun yaxın ətrafı verib. Buna görə də hüquq mühafizə orqanları bu biabırçılığın aşkara çıxmaması üçün var gücü ilə çalışır. Ortada ipucu var. Elmar Vəliyevin köməkçisi 050 648-02-02 nömrəsinin sahibi ilə danışıb. Polis bununla bağlı köməkçinin ifadəsini alıbmı? Böyük ehtimalla yox! Özünü “Kəlbəcər qaçqını” kimi təqdim edən adamı tapıb ifadəsini almaq üçün lazımi addımlar atılıbmı? Qətiyyən! Həmçinin mayın 14-də mənə Gəncədən “zəhmətkeş teleqramı” vuran adamın kimliyi haqda polis araşdırma aparıbmı? İnanmıram! Bu hüquqi prosedurların heç biri edilmədiyi halda hansı haqla “Azər Ayxan düz danışmır” deyib hay-küy salırlar?! Bu, sadəcə diqqəti əsas hədəfdən yayındırmaqdan başqa bir şey deyil. Guya bunlar işləyir, biz isə mane oluruq...”

Azər Ayxan qeyd edib ki, ona qarşı baş vermiş mənəvi-psixoloji terrorun sifarişçilərinin və icraçılarının tapılaraq qanunla cəzalandırılması üçün yenidən prezident İlham Əliyevə müraciət etməyi planlaşdırır: “Mən həmçinin təhlükəsizliyimin təmin olunması məqsədilə yenidən daxili işlər naziri Ramil Usubova rəsmi məktubla müraciət edəcəm. Çünki ortada cəzasızlıq nümunəsi var. Bu cəzasızlıqdan ruhlanan bəzi dairələr mənə qarşı fiziki xətərdən tutmuş, qətlimə qədər gedərlər”.

Azər Ayxan vurğulayıb ki, onunla bağlı indən sonra baş verəcək istənilən xoşagəlməz hadisəyə görə siyasi hakimiyyət və hüquq mühafizə orqanlarının rəhbərləri məsuliyyət daşıyır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır