Modern.az

Ekspert: “Ukraynada gedən proseslər digər MDB ölkələrinə də təsir edəcək” - ŞƏRH

Ekspert: “Ukraynada gedən proseslər digər MDB ölkələrinə də təsir edəcək” - ŞƏRH

Aktual

5 Dekabr 2013, 15:40


Ukraynanın Avropa Birliyi ilə assosiativ saziş imzalamasından imtina etməsi və  prezident Viktor Yanukoviçin təbiri ilə desək, müvəqqəti olaraq Rusiya yolunu seçməsi ukraynalıların əsəblərini tarıma çəkib. Artıq neçə gündür Kiyevdə və digər şəhərlərdə Ukraynanın Rusiya yönlü siyasətinə etiraz edənlərin tələbləri və hökumət qüvvələri ilə qarşıdurma yaranması ölkədə vəziyyəti böhran həddinə çatdırır. Proseslərin bu şəkildə davam edəcəyi təqdirdə Ukraynada cərəyan edən proseslərin inqilabla nəticələnəcəyini də söyləmək olar. Adətən, dünyanın qaynar bölgələrində inqilab, xaos olanda bunun region dövlətlərindən də yan keçməyəcəyi iddia edilir. 2003-cü ildə Gürcüstanda, bunun ardınca Ukraynada baş tutan  “rəngli” inqilablar,  2011-ci ilin ilk aylarında Şimali Afrika respublikalarını cənginə alan hakimiyyət çevrilişləri də qeyd etdiyimiz tezisi vurğulamağa əsas verir. Bəs, Ukraynada baş verən mitinqlər və bunun fonunda inqilab anonslarının verilməsi indiki geosiyasi durumda bölgəyə əhəmiyyətli təsir edə bilərmi?

“Ukraynada baş verənlər inqilab deyil”

Konfliktoloq Arif Yunus Modern.az-a Ukraynada baş verənlərin inqilab dalğası kimi təqdim edilməsi ilə razı olmadığını bildirib. Onun sözlərinə görə, Ukraynada inqilab deyiləndə 2004-cü il yada düşür. “İnqilab, sadəcə olaraq hakimiyyəti dəyişdirməkdən ibarət deyil. Hakimiyyətin zorla, mitinq vasitəsilə devrilməsi  və siyasi sistemin dəyişilməməsi inqilab deyil. Bu, çevrilişdir. Məsələn, Gürcüstanda siyasi sistem dəyişildi”.

Onun fikrincə, Ukrayna hadisələri siyasi xarakter daşıyır. A.Yunus mitinqlərin nəticəsinin sual altında olduğunu desə də, Ukraynada hakimiyyətin aksiyalarla dəyişilməyəcəyini vurğulayıb: “Yaxın zamanlarda Ukraynada həm də prezident seçkiləri keçiriləcək. Çox güman ki, indiki mitinqlər də seçkilərə təsirini göstərəcək. Əslində prezident seçkilərinə indi start verilib”.

Konfliktoloq Ukraynada gedən proseslərin MDB ölkələrinə də təsir edəcəyini istisna etməyib. O bildirib ki, Cənubi Qafqaz ölkələri başda olmaqla, MDB məkanında Ukraynadakı anoloji problemlər ortaya çıxacaq: “Artıq bunun cücərtilərini də müşahidə etmək olar. Ermənistanda da əhali Yerevanın Gömrük İttifaqına qoşulmasına etiraz edir. Bu etirazlar Rusiya və Qərb arasında olan münaqişələr fonunda baş tutur”.

“Rusiya Azərbaycana da təzyiqlər edə bilər”  

“Atlas” Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Ukraynada baş verənlərin bölgə dövlətlərinə təsir edəcəyini vurğulayıb. Ukrayna faktorunun Avropa Birliyi və Rusiya üçün əhəmiyyətindən danışan E. Şahinoğlu bildirib ki, əsas diqqət cəlb edən Kiyevin qərarı idi: “Avropa Birliyi ilə Gürcüstan, Moldova assosiativ sazişi parafladı. Ancaq bu o qədər də müzakirə mövzusuna çevrilmədi. Ukraynada gedən proseslərin bölgəyə təsiri qaçılmazdır. Bilirik ki, Rusiya və Avropa Birliyi arasında da bir qarşıdurma yaranıb. Sadəcə olaraq Rusiyanın təzyiqləri və qaz şantajına görə Ukrayna Avropa Birliyinə “yox” dedi. Rusiya belə təzyiqləri Azərbaycana da göstərə bilər. Kreml Azərbaycanın da Gömrük İttifaqına üzv olmasını istəyir”-deyən analitik qeyd edib ki, Ukraynanın Avropa Birliyinə inteqrasiya prosesi dayanmayacaq.

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır