Modern.az

Milli Şura necə məhv oldu…

Milli Şura necə məhv oldu…

Aktual

4 Fevral 2014, 09:43

Milli Şura yarandığı ilk günlərdə müxalifət cəbhəsinə yeni nəfəs verə biləcək bir layihə hesab olunurdu.

Demək olar ki, Rüstəm İbrahimbəyovun ssenarisini yazdığı Milli Şura ənənəvi müxalifəti kinodramaturqun ətrafına yığa bilməklə bir müddət alternativ qüvvə görüntüsü yaratmağa da nail oldu. Ancaq bu qurumun son vəziyyəti onu göstərir ki, hər şey mətbuatda görünən kimi deyilmiş. Əslində Milli Şura proyektini jurnalistlərin sayəsində tanıtmağa nail olan R. İbrahimbəyov sonradan fərqli yol tutdu. Adamlar ona bel bağladığı zaman məhşur ssenarist Gürcüstanda kino çəkilişi ilə məşğul olduğunu söylədi. Bunu görən müxalif qüvvələr onu görmək üçün Gürcüstana getdilər. Həmin görüşdən sonra Milli Şuranın çarxı geriyə işlədi. Nəticədə müxalif cəbhənin yeni ümid işığı Milli Şurada qalmaqallar başladı. Milli Şuranın təsis konfransında vahid namizədin müəyyən edilməsi ətrafında qurumda aparılan diskussiyalardan doğan qarşıdurmalar sonradan siyasi coğrafiyasını bir az genişlətdi.  

 

 

Daxili amil

  

Vahid namizədlə bağlı gizli şəkildə qarşılıqlı kompromat savaşına girişən qüvvələr nəhayət ki, sessiyaların birində yekdilliklə R. İbrahimbəyovu prezidentliyə namizəd kimi irəli sürdülər. Bundan sonra sanki qalmaqallı proseslər pərdə arxasından açıq fazaya keçdi. İbrahimbəyov özü Milli Şuranın vahid namizədi statusu qismində Azərbaycana gəlməsi barədə mətbuata daban-dabana zidd olan açıqlamalar verdi. Əslində onun bu cür addımlar atacağını Milli Şura tərkibində proqnozlaşdıranlar az deyildi. İllərin siyasi təcrübəsini toplamış Müsavat başqanı İsa Qəmbərin “İbrahimbəyovun Azərbaycana gəlməmək ehtimalını nəzərə alıb, Müsavat partiyasının seçkilərdə ayrıca namizədlə iştirak etmək haqqında qərarını qüvvədə saxlayırıq” deməsi müxalif qüvvələrin R. İbrahimbəyov fenomeninə üstünlük verməsinin acı nəticələrinin olacağına dair bir işarə idi. Ancaq müşahidələr həm də onu göstərirdi ki, Müsavat başqanı sanki çarəsizlikdən İbrahimbəyovun vahid namizədliyinə səs vermişdi. Nəhayət, vaxt, vədə yetişdi, cənab İbrahimbəyov Azərbaycana gəlib çıxa bilmədi. Belə olan təqdirdə Müsavat partiyası rəsmiləri yenidən ortaya iradlar qoydular. Özlərini liberal, azad düşüncəli, demokrat qüvvə adlandıranlar buna rəğmən Müsavat partiyasına qarşı savaş açmaqdan belə çəkinmədilər. Sonda qərara alındı ki, Milli Şuranın vahid namizədi tarixçi professor Cəmil Həsənli olsun. Ancaq hələ də R. İbrahimbəyovun “quruculuq”, demokratik qüvvələrin “lideri” kimi statusları saxlanılırdı.

Proseslər Milli Şuranı çıxılmaz məcraya aparmaqdan saxlaya bilmədi

Seçkilər ərəfəsində C. Həsənlinin prezidentliyə namizəd kimi İbrahimbəyovu arxa plana keçirməsi tendensiyası müşahidə olundu. Bu isə Milli Şuranın əsas həlqələrindən olan, İbrahimbəyovun yaxın müttəfiqi, “El” Hərəkatı sədri Eldar Namazovu qurumun fəaliyyəti üçün formal aktivliyə sövq etdi. Siyahıya ALP sədri Əvəz Temirxanı və onun lideri Lalə Şövkəti, eks spiker Rəsul Quliyevi də əlavə etmək olardı. Bu siyasilərin Cəmil Həsənli üçün “səyləri” heç də səmimi hisslərin ifadəsi deyildi. Adlarını çəkdiyimiz aparıcı fiqurların qurumdan getməsi və istefası üçün bəhanələr lazım idi. Əlqərəz! Seçki də oldu, bitdi və Milli Şura qələbə qazana bilmədi, lakin R. İbrahimbəyov amili yenə də müzakirəyə çıxarıldı və qazanılan uğursuzluqlara rəğmən ona “fəxri sədr” statusu verildi. Ən maraqlı anlar isə İbrahimbəyova “fəxri sədr” statusu verilməmişdən öncə Milli Şuradan olan qopmalar idi. ALP lideri L. Şövkət, ardınca partiyanın sədri Əvəz Temirxan, İslam Partiyasının sədri Mövsüm Səmədov kimi şəxslərin Milli Şuradan istefa vermələrini bəyan etmələri bir daha onu göstərdi ki, onları bir araya gətirən İbrahimbəyov faktoru imiş.

İbrahimbəyovdan sonra ona bel bağlayanlar Milli Şurada qala bilmədi

   Bundan sonra İbrahimbəyovun “adamları” Milli Şuradan payız yarpaqları kimi tökülməyə başladı. Seçkilər ərəfəsində də Azərbaycana gəlməyən İbrahimbəyovun “fəxri sədr” statusuna Müsavat partiyasının etirazı Milli Şurada daxili siyasi gərginliyin bir az da dramatikləşdirdi. Müsavat partiyası qurumdan çıxdığını bəyan etdi. Bundan sonra AXCP-Müsavat, AXCP-“Yeni Müsavat” arasındakı münasibətlər Elçibəyin vəfatından sonrakı vaxtlara qayıtdı. İ. Qəmbərə qədər Milli Şuradan qopmalar olsa da, Müsavatın qurumdan çıxması siyasi əsəbləri tarıma çəkdi. Arqument olaraq “Dostu yarı yolda qoymaq” kimi fikirlər meydan sulamağa başladı. 

Bu nə demək idi?  

Milli Şuranın İbrahimbəyovdan sonrakı lokomotivinin Müsavat partiyası olmasına inammı çox idimi? Bəlkə ona görə Müsavatı az qala xəyanətdə suçladılar? Hər halda öz təbirləri ilə desək, bunu dərin siyasi müzakirələrdə iştirak etmiş Milli Şura üzvləri bilir. Milli Şuranın İbrahimbəyova söykənən perspektivi haqqında məsələyə yer verən “Yeni Müsavat” idi. Milli Şuranın formalaşmasında rol oynamış E. Namazov da qurumdan istefa verdi. Kim qaldı? Formal olaraq Milli Şuradan istefa verməyənlər. Hay-küylə yaranan, cəmiyyətdə müəyyən reaksiya yaradan Milli Şurada yalnız sədr qismində Cəmil Həsənli, AXCP funksionerləri, Sülhəddin Əkbər kimi şəxslər qalıb. Onların bundan sonra siyasi səhnədə dəhşətli çevrilişlər etmək şansları isə olduqca aşağıdır.  

 Xarici faktor

    Burada ortaya bir sual çıxır…İbrahimbəyov qalsa idi, Milli Şura necə olacaqdı? Tez, ya da gec, Milli Şura onsuz da dağılacaqdı. Bunun üçün bir neçə ideologiyaya bağlı səbəblər göstərmək kifayətdir. Milli Şura eyni ideologiyalı şəxslərin birliyi deyildi. Milli Şurada radikal şiə təmayüllü, şəriət sevər, İrana bağlı İslam partiyası, Milli Azadlıq Hərəkatından çıxan şəxslər və Azərbaycana bağlılıq qiyafəsində Rusiya qafalı Eldar Namazov və Rüstəm İbrahimbəyov kimi şəxslər var idi. Onların simasında müxtəlif siyasi baxışlara malik təşkilat ideoloji vakkuumla üzləşmişdi. Deməli, Milli Şurada ideoloji çatlar da mövcud idi. Sadəcə olaraq hakimiyyətlə mübarizə texnologiyasının yeni qarantı olan Milli Şura müxalifətin əsas simalarını bir araya gətirməklə ideoloji məqamları pərdələməyi də bacara bildi. Necə ola bilərdi ki, millətçi kimi tanınan keçmiş daxili işlər naziri İsgəndər Həmidov Milli Şuradakı Kremllə bağlı olduğu iddia edilə şəxslərlə eyni mövqeni axıra qədər bölüşə bilsin? Və ya İrana bağlılıqlarını gizlətməyən İslam Partiyasının sədrinin şəriət izahlarını Milli Şuradakı vətənpərvər kəsim qəbul edəcəkdimi? Və yaxud İbrahimbəyovun erməni sevgisini Milli Şuradakı vətənpərvər kəsim həzm edə bilərdimi? Əlbəttə ki, xeyr! Yarandığı ilk gündən fikir haçalanmaları fonunda bu günə kimi gəlməyi bacaran Milli Şura indi faktiki olaraq yox kimi bir təşkilatdır. Bundan sonra nələrin olacağını isə siyasi proseslərin axarı göstərəcək. Amma nə cəmiyyətin, nə də müxalifətdəki qrupların Milli Şuradan müsbət gözləntiləri var. Yadınızdadırsa, Müsavat başqanı İsa Qəmbər ilk vaxtlar Milli Şuranın Avropa yolunu tutmamasından narahatlıq ifadə edirdi.   Qeyd etməliyik ki, Milli Şuranın bu şəklildə aqibətində xarici faktorun da az rolu olmadı. Birincisi, Milli Şura Azərbaycan hakimiyyətinin güclü olmasından yana heç bir ölkədən, heç bir beynəlxalq təşkilatdan dəstək ala bilmədi. Bunu İbrahimbəyov dəfələrlə söyləmişdi. İkincisi, “Milyarderlər İtifaqı” məsələsinə ümid edənlər az deyildi. Ancaq Rusiya prezidentinin Azərbaycana gəlişi Milli Şura üzvlərinin bu istiqamətdə bütün ümidlərini puça çıxardı.

 Bu gün birmənalı şəkildə demək olar ki, Milli Şura layihəsi bitib. Bundan sonra müxalif qüvvələrin belə bir uğurlu ad tapa biləcəyi inandırcı deyil.

 İnsaf naminə demək lazımdır ki, yaxşı ad seçmişdilər.

 

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır