Modern.az

Avrasiya İttifaqına hansı ölkələr cəlb olunacaq? - TƏHLİL

Avrasiya İttifaqına hansı ölkələr cəlb olunacaq? - TƏHLİL

Aktual

2 İyun 2014, 11:18

Dünya geopolitik mənzərəsinə Kreml dəhlizlərindən transfer olunan Avrasiya İqtisadi İttifaqı projesinin reallaşması üçün birinci mərhələ başa çatdı.

Moskvanın “neoSSRİ” layihəsi kimi dəyərləndirilən Avrasiya İttifaqı Astanada Rusiya, Qazaxıstan, Belarusun imzaladığı sazişlə müasir siyasi tarixə transformasiya olundu.

Avrasiya İttifaqı postsovet məkanına SSRİ-nin ölən cisminin qorxunc ruhu kimi qədəm qoymaqla bəzi ölkələrdə vahimə də yaradıb.

Bu layihə Moskva tərəfindən iqtisadi birlik və yeni iqtisadi inteqrasiya modeli kimi təqdim olunsa da, hər halda burada imperiya nəfəsini duymamaq mümkün deyil.

Poroşenko NATO və Avropa Birliyinə alternativ görmür

Ukraynada Viktor Yanukoviçin Qərbyönümlü qüvvələr tərəfindən hakimiyyətdən devrilməsinin ardından Rusiyanın Avrasiya İttifaqı yolunda büdrəməsi müşahidə olunsa da, Krımın işğalından sonra necə deyərlər hesab bərabərləşdi. Obrazlı desək, Rusiyanın vurduğu “qol” daha yaddaqalan oldu. Bir sözlə, üstünlük Rusiyanın tərəfinə keçdi və bununla da Avrasiya İqtisadi İttifaqı layihəsinin gerçəkləşməsinə əlavə imkanlar yarandı.

O da bəllidir ki, Ukraynasız Avrasiya İttifaqı layihəsi sazişinin qüvvəyə minməsi Rusiya üçün arzuolunmaz mənzərədir.

Prezident Vladimir Putinin Gömrük İttifaqından Avrasiya İttifaqına keçid etməsi Ukrayna ilə münasibətlərin gərginliyi fonunda Rusiya üçün ağrısız da ötüşmədi.

Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenko isə görünür heç də Rusiya ilə münasibətlərdə dönüş yaratmaq niyyətində deyil və oliqarx dövlət başçısının Kiyevin istiqamətini NATO və Avropa Birliyinə yönəldəcəyinin alternativi hələ ki görünmür.

Hər halda Ukraynasız layihənin tam gücü ilə reallaşması nə qədər çətin olsa da, Rusiya “yeni SSRİ”dən əl çəkməkdə maraqlı deyil.

Heç şübhəsiz, Rusiya keçmiş SSRİ məkanına daxil olan Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrdən əlini üzsə də, Kremlin müəyyən etdiyi bu siyasi müsabiqəyə yeni iştirakçıları cəlb etmək istəyəcək.

Təbii ki, rəsmi Moskva Avrasiya İttifaqının siyasi xarakterinə uyğun olaraq ilk növbədə MDB məkanındakı dövlətləri bu birlikdə görmək istəyir. Bu mənada Mokvanın atdığı addımlar, hətta etnik kartdan və digər siyasi təzyiq rıçaqlarından istifadə edərək bölgə dövlətlərinə təzyiq mexanizmləri başa düşüləndir.

Ermənistan Qarabağsız - Bu, hansı tərəfə səfr edir?

Postsovet ölkələri ikinci SSRİ kabusu yaşamaq istəməsələr də, bəzən çıxılmaz vəziyyət onları Kremllə yaxınlaşmağa məcbur edir. Gömrük İttifaqı ilə yola çıxan Rusiya Avrasiya İttifaqı ilə proseslərə nöqtə qoymaq üçün MDB məkanının içərilərinə nüfuz etməyi qarşısına məqsəd qoyub.

Bəs bundan sonra hansı ölkələr “Avrasiyaya” inteqrasiya olacaq?

Görünən odur ki, birinci növbədə Rusiyanın yaratdığı layihələrdə daim piyada rolunda hərəkət edən Ermənistan Avrasiya İttifaqına qoşulacaq. Amma Azərbaycan prezidenti İlham Əliyev və onun qazax həmkarı Nursultan Nazarbayev sayəsində Ermənistan Avrasiya İttifaqına Qarabağsız gedəcəyini bəyan edib.

Bölgədəki mühüm layihələrdən kənarda qalan Ermənistanın onsuz da başqa variantı yoxdur. Daim Rusiyanın forpostu rolunda çıxış edən rəsmi Yerevan Kremlin Avrasiya İttifaqından da yan keçə bilməz. 

Postsovet məkanının Qazaxıstsanla yanaşı, digər türk dövləti Qırğızıstan da Putinin imperativ amillərinin daşıyıcısı hesab olunan Avrasiya İttifaqına qoşulacağını bildirib.

Bunu Qırğızıstanın Rusiyaya simpatiyasından irəli gəldiyini düşünmək sadəlövhlük olar. Çünki Rusiyanın Qırğızıstanda, xüsusilə də Oş vilayətində özbəklərə dəstək verməsi və bununla da milli qarşıdurma yaratması məsələsi ortadadır.

Belə olarsa, Qırğızıstanı Ukraynada baş qaldıran separatçılıq təhlükəsi gözləyə bilər.

Bununla paralel şəkildə Rusiya ənənəvi etnik kartını Tacikistana da tətbiq edir. Rəsmi Düşənbə də özbək əhali ilə qorxudulur. Düşünmək olarmı ki, Tacikistan da Avrasiya İttifaqına qoşulacaq?

Etnik amili və bunun sayəsində Tacikistanın Rusiya hərbi bazalarının ölkəsində saxlamasına icazə verməsi faktı bir çox mətləbdən xəbər verir. Deməli, Tacikistanın da Avrasiya İttifaqına yolu açıldığı gün kimi aydındır.



Gözləyənlər -  Özbəkistan və Türkmənistan...

Özbəkistan və Türkmənistan isə necə deyərlər gözləmə mövqeyindədir. Hazırkı siyasi situasiya onu deməyə əsas verir ki, hər iki türk dövləti Rusiya ilə əlaqələrin Avrasiya İttifaqına assosiasiyasında elə də maraqlı deyil.

Qərblə və Rusiya ilə isti münasibətlərlə paralel şəkildə bəlli məsafə də saxlayan Azərbaycan isə Avrasiya İttifaqında yer almaq istəmir.

Rəsmi Bakı başa düşür ki, bu, həm iqtisadi cəhətdən Azərbaycana sərf etmir, həm də suverenlik məsələsi sual altına düşür.

İqtisadi baxımdan ona görə sərf etmir ki, Azərbayana idxal olunan malların 15%-i  MDB-nin, yerdə qalanları isə Qərb və digər Asiya dövlətlərinin payına düşür. Azərbaycan neftinin isə cəmi 6%-i MDB məkanına ixrac olunur.

Bu mənada, Avrasiya İttifaqının Azərbaycana iqtisadi sahədə xeyir gətirməyəciyini indidən proqnozlaşdırmaq olar.

Üstəgəl, müstəqillik, suverenlik də müzakirə mövzusu olursa, o zaman Azərbaycan rəhbərliyi heç bir vəchlə bu birliyə üzv olmaz.

Rusiya yəqin ki, MDB məkanında Kremldən idarə edilən münaqişələrin ssenarisində əsas yer tutan separatçı rejimləri də “Avrasiya”ya qoşacaq. Amma bura Dağlıq Qarabağdakı separatçı rejimi əlavə etmək olmaz. Ən azından ona görə ki, Gömrük və Avrasiya İttifaqının yaradıcılarından biri olan Qazaxıstan Ermənistana öz sərhədlərini göstərib. Amma Dnestryanı, Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlər birbaşa Rusiyadan asılıdırlar, ona görə də onların Kremlin projesinə qatılmaları ehtimalları çoxdur. 

Rusiya siyasi təsir dairəsini MDB-dən kənara da çıxartmaqla Avrasiya İttifaqına yeni rəng qatmağı planlaşdırır. Görünür “yeni SSRİ”yə köhnə “dostlar”la yanaşı, yeni “yoldaşlar” da öz nəfəslərini verməklə qurumu daha da dirçəldib dünya siyasi arenasına çıxartmağı düşünürlər.

İsrail Krımın Rusiya tərəfindən ilhaqını niyə dəstəklədi?

Diqqət edək, İsrailin xarici işlər naziri Aviqdor Liberman rəsmi Təl-Əvivin Gömrük İttifaqı ilə (Gömrük İttifaqı Avrasiya İttifaqının başlanğıcıdır –A.K) azad ticarət zonası yaratmaq haqqında müqavilə imzalayacağını bəyan edib.

Bəlkə də bu səbəbdəndir ki, İsrail Ukraynanın ərazi bütövülüyü ilə bağlı BMT-dəki səsvermədə iştirak etmədi və dolayı yolla Krımın Rusiyaya ilhaqını dəstəklədi.

Paradoksal məqam ondan ibarətdir ki, İsrailin qatı düşməni olan İran da Avrasiya İttifaqı ilə əməkdaşlığı möhkəm bağlarla bərkitmək istəyir. İranın Rusiyadakı səfiri Mehdi Sanayi rəsmi Tehranın Avrasiya İqtisadi İttifaqı ilə əlaqələr qurmaqda maraqlı olduğunu dilə gətirib. Rusiyanın strateji partnyoru və müttəfiqi İranın Avrasiya İttifaqına doğru startda durmasının ən başlıca səbəblərindən biri iqtisadi faktorla yanaşı, ABŞ təhlükəsindən də bir növ siğortalanmaqdır.

Digər bir tərəfdən, Rusiya ilə Çin arasında imzalanan qaz müqaviləsi Pekinin Avrasiya İttifaqına dəstək vermək üçün mühüm faktor ola bilər.

Avrasiya İttifaqı - Putin karyerasının sonu və ya yeni mərhələsi

Lakin MDB məkanındakı dövlətlərlə müqayisədə İsrail, İran, Çin və hətta Türkiyənin Avrasiya İttifaqına üzvlük məsələsi o qədər də real səslənmir.

Ancaq adı çəkilən dövlətlər Rusiya ilə yaxşı iqtisadi əlaqələrə malikdir. Bu mənada onların Avrasiya İttifaqına üzvlüyü gerçəkləşməsə belə, layihəyə ciddi siyasi, iqtisadi, maliyyə dəstəyi verəcəklərini ehtimal etmək mümkündür.

Avrasiya İttifaqının proseslərin axarınının səmtini dəyişmək iqtidarında olacağını isə indidən söyləmək bir qədər tezdir.

2015-ci ilin ilk aylarından reallaşması gözlənilən adıçəkilən təşkilatın nələrə qadir olacağını zamanın siyasi diqtəsi və iradəsi göstərəcək.

Analitiklər belə qənaətdədirlər ki, bu təşkilat Putinin siyasi karyerasında son da qoya bilər, əks nəticə də verə bilər...

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır