Modern.az

Azərbaycan ailələrində kişi sözünün kəsəri azalıb? - Etnoqraf: “Ar olsun belələrinə!” - SORĞU

Azərbaycan ailələrində kişi sözünün kəsəri azalıb? - Etnoqraf: “Ar olsun belələrinə!” - SORĞU

Aktual

18 İyul 2014, 10:16

Ailə Azərbaycanda hər zaman müqəddəs hesab olunub. Ailənin möhkəmliyi isə onun üzvləri arasında hörmət- izzətin qorunub saxlanmasına söykənib. Bu möhkəmliyin əsas səbəblərindən biri isə kişi sözünün, kişi ləyaqətinin üstünlük təşkil etməsi olub. Lakin son zamanlar bəzi ailələrdə kişi sözü sanki kəsərdən düşüb. Bəziləri bunu sırf maddiyyatla bağlasa da, bəziləri başqa arqumentlər irəli sürür.

Elə bu səbəbdən də Modern.az saytı fərqli düşüncə sahiblərinin fikirlərini öyrənib.

Psixoloq Elnur Rüstəmov hesab edir ki, əslində elə 50 il əvvəl də evdə ananın sözü keçirdi: “Uşaq doğulanda ana tərəfə, xalaya, dayıya daha da meylli olurdu, indi də bu belədir. Hətta bununla bağlı atalar sözümüz də var: “Qoçaq oğlan dayısına oxşayar”. Daha demirdilər ki, qoçaq oğlan əmisinə oxşayar. Bu, əslində ana tərəfə meylliliyin bir xüsusiyyətidir. İndi texnika inkişaf edir, cəmiyyətdə qadınların rolu artır, ana həm ev işlərində, həm də cəmiyyətdə ictimai fəaliyyətdə üstünlüyə sahiblənir. Məsələnin psioxolji tərəfi də var. Hər zaman belə olub, ata periferiyadadır, işdədir, səhər gedir, axşam gəlir. Atanın avtoritetinin qorunub saxlanmasında ananın böyük rolu var. Əgər ata avtoriteti qorunub saxlanarsa, o ailədə hormoniya da olacaq, uşaq da normal tərbiyə alacaq. Yox əgər ana atanın rolunu aşağılayarasa, bu zaman uşaqlarda psixoloji problemlər ortaya çıxacaq. Bura həm homoseksualizmi daxil edə bilərik, həm də doğulan oğlan uşaqlarında qadına xas xüsusiyyətlərin artmasını. Bu da cəmiyyətdə öz təzahürünü göstərir”.

Həmsöhbətim maraqlı bir nüansa da toxunub: “Fikir versək, restorana gedən zaman pulu qadının qazanmasına baxmayaraq, hesabı ata verir. Yaxud, kişi pul qazanır, ailənin büddəcəsin formalaşdırır, ancaq həmin pulu qadına həvalə edir. Yəni evin “maliyyə naziri” xanım olur, kişiyə lazım olanda xanımdan pul istəyir. Bu proporsiya qorunduğu təqdirdə ailədə hormaniya da qorunub saxlanacaq. Əks təqdirdə ailədə şiddət olacaq. Tutaq ki, qadın kişidən daha çox qazanc gətirir, bu zaman idarəetmədə çətinlik çəkdiyini hiss edən kişi kənar vasitələrə əl atır. Qadına qarşı zorakılıq tətbiq etməyə başlayır, zərərli vərdişlərə meylli olur”.

Psixoloq hesab edir ki, qadın istəsə kişini hörmətli də edər, hörmətsiz də...

Televiziyanın efrində sosial  mövzuların müzakirəsini təşkil edən ANS TV-nin aparıcısı Rövşanə Bektaşi hesab edir ki, kimdə nə yoxdursa, ondan danışır. Aparıcının sözlərinə görə, efirlərdə ailəsi haqqında ağzıdolusu danışmaq psixoloji məsələdir.

Teljurnalist istisna hallar da nəzərə alınmaqla ailələrdə kişilərin rolunun azalması faktı ilə razılaşır: “Amma bunu hamıya şamil etmək olmaz. Elə ailələr var ki, orada kişi öz nüfuzunu qoruyub saxlaya bilib. Bu baxımdan düşünürəm ki, bu müsbət haldır”.

Rövşanə Bektaşi bəzi ailələrdə kişilərin nüfuzunun azalmasını qadınların ictimai həyatda daha da irəliləməsi, müəyyən təbəqələrdə nüfuz qazanması ilə bağlayır: “Bu gün qadınlarımız ayaqdadır, ictimai həyata nüfuz edir, kariyera qurur, pul qazanırlar (təbii ki, istisnalar da var). Bu qəbildən olan qadınlarımız çoxluq təşkil etməyə başlayıb. Bir zamanlar qızlar yalnız müəllim və həkim olmaq üçün böyüdülürdü. İndi isə demək olar bütün sahələrdə qadınlarımızı görmək mümkündür”.

Bütün bunları müsbət hal kimi dəyərləndirən Rövşanə Bektaşi müəyyən ailələrdə məhz bu faktorların kişi sözünün kəsərliliyinin azalmasına səbəb olduğunu da istisna etmir: “Təbii ki, bunu bütün ailələrə şamil etmək olmaz”.

Etnoqraf Teymur Bünyadovun sözlərinə görə, xalqımız tarixən ənənələrinə sadiq qalıb, indi də elədir: “İndi bəzi verilişlərdə kişilərimizi qadınlarla dalaşdırıb, söyüşdürürlər. O verilişləri hazırlayanlara ayıb olsun! Bizim kişilərimiz hər zaman qadınlarını çox istəyiblər”.

Etnoqraf istisna halların da olduğunu vurğulayıb: “İndi bəzi kişilər qadınla dalaşır, ona ağır söz deyir, əl qaldırır. Ar olsun belələrinə!”

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır