Modern.az

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi

Aktual

3 Avqust 2014, 05:14

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Ermənistanın silahlı qüvvərinin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. İşğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmişlər.

Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çox sayda insan tələfatına səbəb olmuşdur. Yaranmış bu təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın üzərinə düşür.  

Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. 

Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır.

Buna görə ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər.  

 Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarımızın ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və səbr diləyirik! Allah rəhmət eləsin!".

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir