Modern.az

İtirdiyim mutluluq…

İtirdiyim mutluluq…

Aktual

20 Yanvar 2015, 22:51

(20 Yanvar şəhidlərimizə,şəhid dostlarıma və bütün şəhidlərimizə ithaf edirəm)

Türkiyədə Türk Dünyasının bir sıra bölgələrindən gəlmiş, müxtəlif sahələrdə Türk Dünyasına yönəlik çalışmalar həyata keçirən insanlara “Türk Dünyasına xidmət” ödüllərinin təqdimat törəni keçirilirdi.
Mən də dəvətlilər və ödülləndirilənlər arasındaydım. Ödülü alınca səhnədən hər yanı seyr etməyə başladım… Çox möhtəşəm bir mənzərəydi: rəng-rəng parlayan işıqlar, səmimiyyət dolu baxışlar (bəlkə də bunlar mənə o an elə gəlirdi), alqışlar və daha nələr-nələr…
Törən bitər-bitməz bir jurnalist şən ovqatla mənə doğru yaxınlaşaraq ilk sualını ünvanaldı :
- Əfəndim, mutlumusunuz ?
Anidən diksindim… Çünki qəlbimin dərinliyinə toxuna biləcək bir sualı verə biləcəyini gözləmirdim. Sanki sualı anlamamış kimi “Nə?” deyə soruşdum.
O da sualını bir daha təkrarladı.
- Əfəndim, mutlumusunuz?
Nədənsə… sualı ikinci dəfə könülsüz təkrarlayan jurnalist mənim cavabımı belə gözləmədən söhbəti özü davam etdirdi. Bəlkə də mənim həyəcanımı az da olsa duya bilmişdi:
– Baxın, bu ödülü qazanan hər kəs nə qədər mutludur. Siz nələr hiss ediyorsunuz, mutluluğunuzu bizimlə paylaşarmısınız?
İndi tam olaraq o jurnalistə nə cavab verdiyimi heç xatırlamıram da, amma bircə onu bilirəm ki, alışdığımız şablon cümlələrdən birini deyib dilimi sürüdüm. Əslində o jurnalist doğru deyirdi. Ödül alanların simalarında elə qəribə işıq seli, duyğu axışı… qəribə (xoş) təbəssüm var idi ki… Mən isə onlardan fərqli olaraq içərimdə, qəlbimin dərinliyinə toxuna biləcək heç bir ciddi duyğunu hiss edə bilmirdim. O an məni kədər qoxulu fəlsəfi suallar burulğanına doğru sürükləyən dünyaya qərq oldum… Bu dünyaya ilk addımım da bu sualla başladı… “Görsən, bu insanlar içlərində mutluluğu necə hiss edirlər” – deyə düşünməyə başladım. Bu fikirlərimi kiminləsə nə bölüşə, nə də kimdənsə soruşa bilməzdim. İnsanların mənim duyğularıma ilk münasibəti “görəsən buna nə olub?” şəklində olacaqdı yəqin… Sonra yenidən insalara baxdım, bir az rəngli işıqları seyr etdim. Bir az da özümün qəlbimə baxmağa, hətta gülümsəməyə də çalışdım… Amma (və lakin)… bir şeyi dərk etdim: o an içim, qəlbim bom-boşdu!.. Sanki bu bərli-bəzəkli zalda… bu qədər insanın, həyəcanın (diqqətin!) içində adi bir hadisə baş verirdi…
Otelə qayıdanda artıq axşam idi. Nədənsə otel otaqlarında insanlar daima qəribə fikirlərə qapılır… Bir yandan qaranlıq, bir yandan soyuq divarlar, bir yandan da bu mutluluq məsələsi məni yaman rahatsız etmişdi. Düşünməyə və özümə bəzi sualları verməyə başladım. Bu gün o ödülü alanda niyə içərimdə hansısa fərqli (üstün) bir duyğu keçirmədim ? Niyə jurnalistin görmək istədiyi o mutluluğu yaşaya bilmədim? Bəlkə mənim hansısa sorunlarım var?! –İnsanlarla, olaylarla, necə deyərlər, mutluluq deyilən kateqoriyanın özü ilə… Suallar sanki bir güzgüyə çırpılıb çilik-çilik olub yerə töküldü. Bir tərəfdən də xatırlamağa çalışdım ki, görəsən hansısa bir ödülü alanda mən mutlu ola bilmişəmmi? Aldığım ödülləri, əldə etdiyim uğurları, ünvanıma deyilən təntənəli sözləri xatırlamağa çalışdım… O günlərə qısa bir səyahət etsəm də… əliboş qayıtdım… Heç nəyi xatırlaya bilmirdim elə bil. Bircə onu anladım ki, həyatda əldə etdiyim uğurları da mən hər zaman adi bir hal kimi qarşılamışdım… çox adi…
Yenicə sakitləşib pəncərədən şəhərin gözəlliyini seyr edirdim ki, elə bil kimsə yenidən qulağıma “mutlu deyilsən” sözünü pıçıldadı. Diksindim, ətrafa boylandım, amma kimsə yox idi… Bu səs bəlkə də mənim qəlbimin səsi idi. Bəlkə… bəlkə də mən mutlu ola bilmirəm deyə özümü ittiham etməyə başladım. Sonra yenidən o ödül gecəsini xatırladım… o jurnalisti xatırladım… və məni özümdən ayıran o “əfəndim, mutlumusunuz? “ sualını xatırladım….
Əslində o gün mənim qəlbimi titrədən olaya oxşar durumlarla bir neçə dəfə rastlaşmışdım. O gün olanlar məni bir az da xatirələrə doğru yönləndirdi. Belə anladım ki, mən bu gecə yuxuya gedə bilməyəcəm… Oturub həyatıma dərin bir nəzər saldım və yaşadıqlarımı bir daha yenidən yaşamağa, ölçüb-biçməyə çalışdım. Elə ilk xatırladığım bir uşaqlıq dostumun mənə “Niyə toylarda, məclislərdə ürəklə rəqs etmirsən? Rəqs etsən də sanki zorla, kiminsə xatirinə oynayırsan kimi bir görünüş yaranır. Axı uşaqlıqda belə deyildin, daha şən və sevgi dolu bir həyatı yaşayan qız idin” – sözləri oldu. Mən də “inan ki, rəqs etməyə nə həvəsim, nə də istəyim belə yoxdur. Arabir toylarda əlimi qaldırıram ki, dostlarım inciməsin…
O an təəccüb dolu baxışları ilə düz gözlərimin içinə baxdı və “ Necə? Heç zövq almırsan?” – demişdi. Mən də “yox, almıram” demişdim…
Otel otağından şəhəri seyr edərək xatırlamağa çalışdım… Şair demiş, “İllərin tozu var, xatirələrdə”…
Həyatımdan bəzi epizodları qısametrajlı bir film kimi izləməyə başladım… 13 yaşına yenicə keçmiş bəxtəvər bir uşaq idim. Həyat da sanki mənim bəxtəvərliyimdən min rəng alıb təbiətə paylayırdı. Amma bir gün hər şey dəyişdi… Həmin o gün nənəmgilin evini adamlarla dolu gördüm. Kimsə ağlayırdı, kimsə ağı, kimi sadəcə nəsə deyirdi… kəlmələr mənim beynimə qırıq-qırım yazılırdı… “Evi…m, yurdu…m” deyə inildəyir, ağı deyirdilər qadınlar. “Ermənistan”dan qovulmuş insanlarımızdan bir neçə ailə nənəmə pənah gətirmişdi. Onlarla yanaşı nənəmin də günü-güzaranı kədər, qəm dolu olmuşdu. Onların ağrı-acısını bir az da olsa paylaşa bilmək üçün əlindən gələni edirdi ki, özlərini evlərindəki kimi hiss etsinlər. Amma insana heç nə öz evinin yerinə bilməzmiş…
İllər bir-birini qovan, amma heç vaxt qovuşmayan həsrətli sevgililərə bənzəyirdi… Beləcə iki ili də arxada qoyub 15 yaşıma qədəm qoydum… amma bu 15 yaş üzücü, acı gətirən 15 yaş oldu. Həyatda ən çox sevdiyim, sayğı bəslədiyim atamın bir gecədə necə qocaldığını gördüm… Səbəb? – 20 Yanvar olayları idi… Sovet qoşunları Bakıda 20 Yanvar qırğınlarını törətmişdi. Biz Tovuzda yaşayırdıq, ancaq ailəmizin böyük hissəsi Bakıda yaşayırdı. Əlaqə qurmaq, xəbər almaq imkanları o zamanlar demək olar, yox səviyyəsində idi. Elə dəhşətli xəbərlər gəlirdi ki!.. Qardaşım, əmilərim, bibim, dayılarım, xalam – hamısı Bakıda yaşayırdı və biz onlardan bir xəbər ala bilmirdik. Sadəcə, çoxlu sayda günahsız insanın qətlə yetirildiyi barədə bilgilər dolaşırdı ortalıqda… Sabah isə o mənzərələr… o qanlı, meyitli meydanlar… insanlıqdan qıraq işgəncə faktları… Sanki içimdə nəsə qırılıb düşürdü… qırıldıqca mənim də təbəssümüm, uşaqlığım məhv olub gedirdi…
Sonra acılar üst-üstə gəldi… “Ermənistan”la sınır rayonunda yaşadığımız üçün hər gecə hücumlar, atışmalar olurdu… İnsanlar çox vaxt paltarlı-paltarlı yatrdı. Silahsız insanlarımız silahlı və silahlandırılmış ermənilərlə üz-üzə qalmışdı…
1991-ci ildə 16 yaşım tamam olanda Azərbaycan Tibb Universitetinə daxil oldum. O illər bizim üçün, elə hər kəs üçün çox ağır keçirdi… yoxsulluq…, gərginlik, çatışmazlıq… amma bunlar əsas üzüntümüz deyildi… Əsas üzüntü, əsas dərd daha dərin və ağır idi…
Köçkün maşınları, insanların ağlaşma səsləri adamı içindən parçalayacaq qədər güclü idi. Kirayə qaldığım yerin çevrəsi də daxil olmaqla, köçkünlər harda yer tapsa ora da yerləşirdi… Köçkünlərin danışdıqları, Tibb Universitetinin tələbəsi kimi xəstəxanalarda hər gün işğal olunmuş rayonlardan gətirilən ağır hallı insanların gözümüzün qarşısında baş verən ölümü… Artıq 16 yaşımdan ölüm mənim üçün adiləşməyə başlamışdı… Bu ölüm o qədər gənc insanı öz yanına apardı ki!
Bir gün yenə Təcili Tibbi Yardım xəstəxanasında dərsdə idik. Gənc bir köçkün qadın ağır durumda yatırdı, yaraları da ölümcül idi. Mən isə ona hər şeyin yaxşı olacağını, onun tezliklə sağalacağını deyirdim. Ağrılar içərisində qıvrılan o gənc qadın gözlərini mənim gözlərimə zilləyib “sabah daha yaxşı olacam, elə deyilmi?!”- dedi. “Hə, mütləq yaxşı olacaqsan”- dedim. Bircə anlıq üzündə xoş bir ifadə yarandı.
- Bax, mən Tibb Universitetinin tələbəsiyəm, həkimlik sənətimdi, bu sahədə biliklərim var, inan mənə, yaxşı olacaqsan deyərək, təskinlik vermək istəyirdim ona.
- Yaşasam nəyə yarayar? Balamı xilas edə bilmədim, – dedi və bu sözlərdən sonra yaş süzülən gözlərini pəncərədən sonsuzluğa zillədi.
Bütün gecə yatmadım, o qadını, onun uşağını düşündüm… özümə, “sabah mütləq ona yenidən baş çəkəcəm” dedim. Sabah gedəndə yatağında başqa adam vardı… harda olduğunu sordum, cavabında, “gecə keçindi” dedilər. O gün içimdə yenə nəyinsə qırıldığını hiss etdim…
Kədər, acı, göz yaşı… meyitlər insanı insanlıqdan çıxaran mənzərə yaradırdı. O zamankı Semaşko adına xəstəxananın “morq”una meyitlər gətirilirdi və bizim dərslərimizin bir hissəsi həmin xəstəxanada keçdiyindən tez-tez şahidi olurduq bu mənzərənin.
Bir gün morqa bir qoca kişi gəlmişdi. O da övladını axtarırdı. Qəfildən qocanın hələ bu gün də qulaqlarımda fəryad kimi səslənən səsi gəldi. – “Ay Allah, mənə bu günü niyə göstərdin? Mən öz balamı indi necə torpağa qoyum? Bəs mən kimin çiynində gedəcəm? Allahım, mənə göstərdin göstərdin, heç bir valideynə balasını çiynində aparıb torpağa tapşırmağı rəva görmə! Mənim günahım nə idi? Niyə… niyə mən?!.” – Qoca ağlayırdı. Yox, o ağlamırdı… Üsyan edirdi, sanki… Bir anlıq onun üzünə, gözlərinə baxdım. Sanki gözlərimin qarşısında dağ boyda bir kişi qocalıb ölürdü… O an özümü saxlaya bilmədim, mən də göz yaşlarına boğuldum… Ağlayırdım, yenə içimdə nəsə qırılırdı…
Bacım həmin illərdə uşaq idi və bərk xəstələnmişdi. Elə hey anama deyirdi ki, “Ana, bayırdan gələn səsləri eşidirsən? Bizi də gəlib öldürəcəklər, bəs biz nə edəcəyik?”- deyə ağlayırdı. Anam isə ona təskinlik verirmiş kimi “Kəmalə, qorxma lap yaxınlaşsalar qaçarıq” deyirdi… “Bəs paltarlarımız, əşyalarımız necə olacaq? Axı mən xəstəyəm, qaça bilmirəm” – deyirdi. Anam da baxışları ilə onu sakitləşdirməyə, sözləri ilə hər şeyin yaxşı olacağına inandırmağa çalışırdı. Mən də qıraqdan bacımın hərəkətlərini izləyirdim. O, uşaq gözləri ilə evimizi bir dərin baxışla süzdü. İlahi, bu 9 yaşlı bir uşağın deyil, sanki 50 yaşlı yetkin qadının baxışı idi… Elə o an o, “bəs evimiz? O nə olacaq?”- dedi… Bax, o zaman anam daha cavab verə bilmədi…
Heç birimiz balaca Kəmaləni susdura bilmirdik… o, elə hey ağlayırdı… sanki evimizi artıq itirmişdik. Mən ev itirməyin nə olduğu o an daha yaxşı anladım… qaçqınların, köçkünlərin ev, yurd-yuva həsrətini artıq öz canımda hiss etdim. O insanları daha da dərindən anlamağa və duymağa başladım… Bacımla yanaşı anam da ağladı, mən də… Kəmalə tez-tez təkrar edirdi: “axı biz kimə nə etmişik, niyə bizi öldürürlər? Mən evimizdən heç yerə getmək istəmirəm… Ana, sən nəsə et!”- deyib ağlayırdı… İçimdən sanki yenə nəsə qırılırdı.

Atam çox inadkar bir insan idi və evini tərk etmək haqqında düşüncələr belə onu rahatsız edirdi. Elə hey “bala, ölümüz də, dirimiz də burda” – deyirdi. Hər gecə kabus kimi keçirdi və sabah açılanda “şükür, bu gecəni də keçirdik”- deyirdim.
Göyçənin, Zəngəzurun… ardınca Xankəndi ilə də bitmədi qaçqın-köçkünlər…
Hər gün Qarabağdan köçkün gəlirdi…
Sonra dəhşətli Qaradağlı, Ağdaban faciəsi, Xocalı soyqırımı ilə sarsıldıq…
Sonra Şuşa ağrısı, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Qubaldı, Cəbrayıl, Fizuli!..
Hər dəfə içimdə nələrsə qırılırdı, qırılırdı…
Sinif yoldaşım, dostlarım, tanışlarım yarpaq kimi tökülüb gedirdi…
Sinif yoldaşım Elşənlə qonşu idik… Bir gün eşitdim ki, şəhid olub. Gözümün qarşısına məktəbimiz, sinfimiz və onunla bağlı olan günlər gəldi. İçimdə yenə nəsə qırılmışdı…
Bir az keçmiş “Nağı qətlə yetirilib” dedilər… Onunla da birgə oxuyurduq. O qədər tərbiyəli, canayaxın oğlan idi ki… İçimdə yenə nəsə qırılmışdı…
Sonra sevimli müəllimlərdən biri Teymur müəllimin oğlu şəhid oldu… Bir oxuyurduq… – İçimdən yenə nəsə qırılırdı…
Bir az keçmiş “Şakir şəhid olub” dedilər. Hamının sevimlisi idi…
Bir az keçmiş Samir… Əziz dostum Samir..! Gözümə qaranlıq çökmüşdü… O qədər vətənpərvər, mərd oğlan idi Samir! Əla oxuyurdu,elə böyük xəyalları vardı ki!.. Quzey və Güney Azərbaycanı çəkdiyi xəritədə birləşdirib ona qəribə baxanlara, görərsiniz, mütləq olacaq, mütləq o gün gələcək deyirdi. Elə böyük xəyalları vardı, elə böyük!.. Hamısı yarımçıq qaldı… Dostum Samiri itirdim. İçimdə yenə nəsə qırıldı… Artıq çox ağlaya da bilmirdim… Gözyaşlarım da qurumuşdu sanki.
Bir az da keçmiş Azər şəhid oldu… Azər zamanında o qədər ağır günlər keçirmişdi ki… Ailənin bütün yükü onun çiynində idi…
Bir-bir itirirdim… Bir çoxları kimi.
İlahi, nə planlarımız vardı, biz şagird olanda nələri qərara almışdıq?! “Son zəng”də nələr danışırdıq?!. Hələ “xatirə albomu”nu demirəm… onu indi də vərəqləyə bilmirəm, indi də…
Bir gün dedilər ki, Əli müharibədə qolunu itirib. Sinifimizin sevimli Əlisi! Bir quşu da incitməyəcək qədər mehriban və istiqanlı olan Əlini bu cür görmək üçün özümü hazırlamam bir xeyli vaxt apardı. Ağlamamalı və özümü ona toxtaq göstərməli idim..! Qarşılaşdıq və bir-birimizə baxdıq. Sonra bir müddət hər ikimiz susduq, amma içimdə nəsə qırıldı… töküldü… ağlamadıq… Amma evə çatanda özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım… İçimdə yenə nəsə qırılmışdı…
Aradan bir qədər zaman ötsə də zaman yaralarımıza məlhəm ola bilmədi. Yenə də eyni duyğular, kədər dolu baxışlarla baxırdım həyatın acı üzünə. Bu duyğuların qəlbimə daha da dərin nüfuz etdiyi günlərin birinndə sinif yoldaşlarımızdan birinin xeyir işinə getdik. Əl çəkmədilər və mənim də rəqs etməyimi xahiş etdilər sinif yoldaşlarım. Yenicə əl qaldırmışdım ki, birdən gözüm qıraqdan durub bizə, yəni sinif yoldaşlarına baxan Əliyə sataşdı. Çox pis hala düşdüyümü sanki anındaca duydu. Təbəssüm dolu baxışları ilə bir əlini yuxarı qaldıraraq, sanki oynayırmışcasına biz tərəfə gəldi… Nələr çəkdiyini o an heç bir hissə, duyğuya sahib olmayan insan belə görə və duya bilərdi. Gözyaşları içində tərk etdim toyu. Yenə də içimdə bir şeylər qırılırdı…
Ardıcıl şəkildə varlığıma hakim kəsilən bu ağır dəhşəti bir dəfə də başqa məclisdə rəqs etməyə qalxanda yaşadım. Şəhid olmuş bir sinif yoldaşımın qara yaylıqlı anasının mənə baxdığını gördüm. İlahi, bu baxışlarda nələr var idi?! Sanki öz övladına baxırdı, ömür dəftərindən nələri isə xatırlayırdı… Bəlkə də deyirdi ki, indi mənim övladım da burada oynaya bilərdi, bu yaşda olardı… O ananın baxışları ürəyimdə dağ boyda böyük yara açdı. Yenə də içimdə nəsə qırılırdı…
Xəstəxanalar yaralılarla dolu idi. Yaxınlarını, ailəsini itirən insanların sayı da getdikcə artırdı. Onların içində gözünü itirmiş bir qız var idi… Bir gün onunla görüşməyə getdim, istəkləri ilə maraqlandım… Sadəcə… gözümü istəyirəm dedi… Həyatı, xoş günləri hələ qarşıda olan bu qızı nələr gözləyirdi, İlahi! İçimdə nəsə qırılırdı…
Qarabağdan olan qızın otağında oturub qaranlıq dünyasına qərq olması bağrımı didirdi. Nəsə etmək lazım idi, amma əli-qolum bağlı oturmuşdum. Onunla çox söhbət edirdim, az da olsa həyata boylanıb yenidən nəfəs almasını istəyirim. Bir gün “mən artıq bu otaqdan heç yerə çıxa bilmərəm” sözləri son damla oldu. Nəsə etmək lazım idi. O qıza əmliyyat vasitəsilə süni gözün qoyulması üçün pul yığmağa başladıq…
Jurnalist işləməyə başladığım günlərin birində qaçqın düşərgəsinə getmişdim. Orda yaşayan bir yaşlı ağsaqqalla söhbətimizi heç zaman unutmaram. Ona düşən yardımı götürmək istəmirdi.
- Dayı, niyə yardım payını almıırsan?
- Qızım, kiməsə əl açmağa öyrəşməmişəm. Mənim üçün çox ağırdır - dedi.
Yardımını alıb evinə qoydum. Amma yenə də içimdə nəsə qırılmışdı… Axşam evə gəldim, atama baxınca o kişi yadıma düşdü… Atama o dayının məğrur sözlərini danışdım, bu sözlər atama da dərd oldu və ata-bala o gecə çox ağladıq. İçimdə yenə nəsə qırılırdı…
İşğal rayonlarından reportaj etməyə getmişdik. Təpənin üstündə bir yaşlı qadın oturmuşdu. Yaxınlaşıb yanında sakitcə durdum və bir müddət onu seyr etdim. Sonra dayana bilməyib hara baxdığını soruşdum.
- Bax o tərəflərdə bizim kəndimizdi… Amma gedə bilmirəm evimə dedi…
- …
Gəlib qadının yanında oturdum.
- O, gördüyün bizim kənddir – dedi…
Elə bil qəlbimi kimsə əllərinin arasına alıb möhkəm-möhkəm sıxırdı…
- Bala, oraların suyunun, torpağınn, havasının əvəzi yoxdur. Burda boğuluram, hər gecə şər qarışanda evimə getmək istəyirəm. Bax, cəmi bir neçə kilometrdir, amma gedə bilmirəm. Bircə gedib orda ölsəydim, rahat olardım. Bu yaşda buralarda ölmək istəmirəm, bütün yaxınlarmın qəbri ordadır.
Yenə də bir az susduq. Sonra gözlərimin içinə baxıb, mənə “sən jurnalistsən, bilərsən, nə vaxt dönə biləcəyik görəsən evimizə?” – dedi. İnşallah! deyə bildim – qəhərdən boğulan bir səslə… Evinə dönə bilmədən dünyadan köçdü… Amma o qadının nə baxışları, nə də sualı gözümünün qabağından getmir… İçimdə nəsə qırılmışdı…
Yenə də otel otağındayam… Mənim 13 yaşından başlayan həyatım 37 yaşına qədər belə davam etdi… Bu xatirələrlə bütün gecə yata bilmədim. Sanki bu illər kino lenti kimi gözümün qabağındadı… Səhərə yaxın gözümə yenicə yuxu getmişdi. Gördüm ki, Elşən gəlib gülə-gülə “görəcəksən, atan səni mənə verəcək” – deyir... Mən isə ona qışqıraraq “yox, verməyəcək, sən yaxşı oğlan deyilsən, heç yaxşı da oxumursan!” deyirdim… O, isə “mən hamıdan yaxşı oğlanam, bax, görəcəksən, sənə bunu sübut edəcəm!” deyirdi… Hövüllənərək yuxudan qalxdım, “niyə elə dedim, axı niyə incitdim onu deyib?” ağlaya-ağlaya yenidən yuxuya getməyə çalışdım ki, yuxunun arxasını görüm və ona ən azı “sən doğurdan da yaxşı oğlansan” deyib, könlünü alım…
Səhər yeməyinə endim və ofisant “əfəndim, sizi televizorda göstərdilər, təbrik edirəm” –dedi… Əfrafdakılar da o qəqiqə dönüb mənə baxıb, gülümsədilər. Bəziləri isə “təbrik edirəm” dedi. Mən isə heç nə hiss etmirdim. Bütün fikrim axşamkı yuxularımın yanında idi…
Məni xatirələrə, yaxın keçmişimə aparan o jurnalistlə növbəti görüşümüz olacaqdı… Onun verə biləcəyi suallar, cavablar barədə düşünməyə başladım…
Bu fikirlər içində o jurnalistin nə zaman mənə yaxınlaşdığını belə görmədim.
- Əfəndim, yəqin dünən çox sevinc və həyacandan sizə “mutlumusunuz?” sualımıza cavab ala bilmədik… indi daha rahatsınız, ona görə təkrar soruram, “mutlumusunuz?!”
- …
Özümü nə qədər mütlü göstərməyə çalışsam da içərimdə yenə bir şey hiss etmirdim… O an anladım və dərk etdim ki, əslində içimdə hər qırılan bir mutluluq teli imiş və onlar artıq çox az qaldığından onları titrətmək də çox çətinmiş… Demək, mutlu olmağım da…

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır