Modern.az

79 yaşlı yeni Səudiyyə kralı Salman taxta çıxan kimi varisini elan edib

79 yaşlı yeni Səudiyyə kralı Salman taxta çıxan kimi varisini elan edib

Dünya

25 Yanvar 2015, 03:00


Səhudiyyə Ərəbistanı Krallığının 6-cı kralı Abdulla ibn Əbdüləziz əl-Səud yanvarın 23-də 91 yaşında dünyasını dəyişdi. Bu ölkədə taxt-tac qardaşdan qardaşa keçdiyi üçün növbəti kral mərhum Abdullanın kiçik qardaşı Salman bin Əbdüləziz əs-Səud olub.

Salman bin Əbdüləziz əs-Səud bundan əvvəl, 2011-ci ildə müdafiə naziri təyin olunanadək, 48 il müddətində Ər-Riyad şəhərinin valisi olub. Salman 2012-ci ildən kral taxt-tacının vəliəhdi idi.

Modern.az saytı “BBC Azərbaycanca”ya istinadən bildirir ki, 79 yaşlı yeni kral Salman onsuz da son vaxtlar tez-tez xəstə olan Abdullanın səlahiyyətlərini icra edirdi.

Kral Salman monarx ailəsində, adətən İbn Səud kimi tanınan mərhum kral Əbdüləzizin sevimli xanımı şahzadə Hassa əl-Sudayridən olan övladlarından və nəvələrindən ibarət nüfuzlu qollarından birinə aiddir.

Bu ailədə, 1982-ci ildən 2005-ci ilədək taxtda olmuş kral Fəhd və Salmanın özündən əvvəlki iki vəliəhd şahzadənin – Sultan və Nayefin ölümlərindən sonra o, ən nüfuzlu nümayəndə hesab olunurdu.

Kral Salman barədə əsas faktlar:

  • Anadan olduğu tarix: 31 dekabr 1935
  • Anası: Şahzadə Hassa al-Sudayri
  • Fəaliyyəti: 1955-60-cı illərdə və yenidən 1963-2011-ci illərdə Ər-Riyad valisi
  • Qardaşı vəliəhd şahzadə Sultanın vəfatından sonra müdafiə naziri təyin edilib.
  • Ərəb dünyasında ən böyük media qrupunda əhəmiyyətli paya malikdir.

O, Ər-Riyadın valisi olduğu dövrdə bu adi səhra şəhəri göydələnləri, universitetləri və qərbsayağı qəlyanaltı kafeləri olan nəhəng yaşayış məntəqəsinə çevrilib.

Bu vəzifə onun beynəlxalq nüfuzunu yüksəldib, çünki Salman vali kimi bu vəzifədə yüksək qonaqları qəbul edir və ölkəyə xarici investisiyaların axınında mühüm rol oynayırdı.

Səudiyyə ordusunun 2014-cü ildən Suriyadakı yaraqlı İŞİD qruplaşması üzərinə hava reydlərində ABŞ və başqa ərəb ölkələrinə qoşulması onun müdafiə naziri olduğu dövrə təsadüf edib.

Kral Salmanın övladları:

  • Neft nazirinin müavini şahzadə Əbdüləziz
  • Mədinə şəhərinin valisi şahzadə Feysəl
  • Turizm naziri və Səudiyyə Hərbi Hava Qüvvələrinin keçmiş pilotu və astronavt şahzadə Sultan

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner deyir ki, siyasi və ya sosial islahatların həyata keçirilməsi kral Salmanı xələfi qədər maraqlandırmır.

Onun başlıca vəzifəsi Səudiyyə Ərəbistanındakı sabitliyi qoruyub saxlamaq olacaq.

Səudiyyə Ərəbistanının siyasi həyatına dair kitab yazmış Karen Elliott House BBC-yə bildirib ki, kral Salman “daha çox ölkənin dini liderliyinə meylli rəhbərdir”.

Yazıçının fikrincə, indi biz Səudiyyə Ərəbistanında dinə daha çox əhəmiyyət verilməsinin şahidi olacağıq. Başqa siyasi şərhçilər kral Salmanın, qolları bir-biri ilə rəqabət aparan nəhəng Səud ailəsi şəbəkəsindəki ixtilafları yoluna qoyan vasitəçi rolunu qeyd edirlər.

Burada söhbət başlıca olaraq nazir və qubernator vəzifələrinin bölüşdürülməsi üstündə fikir ixtilaflarından gedir. Kral Salmanın bir vaxtlar 7 doğma qardaşdan ibarət öz ailəsində də ixtilaflar az olmayıb.

Yeni kralın səhhəti

Kral Salmanın səhhəti də müəyyən narahatlıq doğurur. Onu artıq bir dəfə iflic vurub və bununla əlaqədar sol qolunun hərəkəti məhdudlaşıb.

Ümumiyyətlə isə, onun səhhəti ahıl yaşın xüsusiyyətlərindən sığortalanmayıb.

Yeni kral taxta çıxan kimi özünün atabir qardaşını, kral Əbdüləzizin sağ qalan ən kiçik oğlu şahzadə Muqrin bin Əbdüləzizi vəliəhd elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı