Modern.az

Azad edilmiş rayonlarda pay torpaqları və vaxt veriləcək...

Azad edilmiş rayonlarda pay torpaqları və vaxt veriləcək...

Qarabağ

Bu gün, 16:49

İşğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin mülkiyyətə verilməsi və pay torpaqlarının bölüşdürülməsi məsələsi gündəmdə qalır. Həmin ərazilərə köçürülən vətəndaşların torpaq əldə etmək hüququnun nə vaxt təmin olunacağı, aqrar islahatların hansı mərhələdə həyata keçiriləcəyi maraq doğurur. Hazırda köç olan bəzi rayonlarda sakinlərə həyətyanı sahələrlə yanaşı, icarə torpaqları da verilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, işğaldan azad edilmiş ərazilərdə pay torpaqlarının bölüşdürülməsi üçün əvvəlcə məskunlaşma prosesi başa çatmalı, torpaq sahələrinin hüquqi statusu dəqiqləşdirilməlidir:

“Əlbəttə, hər bir Azərbaycan vətəndaşının torpaq almaq hüququ var. Ancaq işğaldan azad edilmiş ərazilərdə hələlik pay torpaqları verilmir. Çünki insanlar həmin ərazilərdə tam məskunlaşmayıblar və onların dəqiq sayı məlum deyil. Rayonların və digər ərazilərin sərhədləri dəqiq müəyyənləşdirilməli, bələdiyyə, pay və dövlət torpaqları ayrılaraq hüquqi baxımdan dəqiqləşdirilməlidir. İnsanlar həmin ərazilərdə tam məskunlaşdıqdan sonra, sözsüz ki, torpaq islahatları həyata keçiriləcək və vətəndaşlara torpaq payları veriləcək”.

Komitə sədri qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara həyətyanı torpaq sahələri ayrılır. Bununla yanaşı, Xocalı və Zəngilanda sakinlərə icarə əsasında torpaqlar verilib:

“İnsanlar həmin torpaqları əkib-becərirlər. Sahibkarlar üçün də müvafiq şərait yaradılır. Bir daha qeyd edirəm ki, ərazilərdə tam məskunlaşma başa çatdıqdan sonra aqrar və torpaq islahatları həyata keçiriləcək, həmin torpaqlar öz sahiblərinə veriləcək”.

Rəsmi məlumata görə, "Böyük Qayıdış" Proqramının təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və işləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!