Modern.az

Onlar Zəngəzur dəhlizinin işə düşməsini istəmirlər

Onlar Zəngəzur dəhlizinin işə düşməsini istəmirlər

Qərbi Azərbaycan

Bu gün, 11:31

2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma təkcə iki ölkə arasında uzunmüddətli sülhün təmin edilməsi baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün mühüm perspektivlər vəd edir.

Modern.az xatırladır ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşmanın əsas istiqamətlərindən biri sülh gündəliyi ilə yanaşı, regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutan Zəngəzur dəhlizi yaxud rəsmi adı ilə TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsidir.

Layihənin reallaşması yalnız Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin genişlənməsinə deyil, Cənubi Qafqazın yeni nəqliyyat xəritəsinin formalaşmasına, regionun tranzit imkanlarının artmasına və uzun illər davam edən qarşıdurmadan sonra iqtisadi əməkdaşlıq üçün yeni imkanların yaranmasına səbəb ola bilər.

Lakin regiona siyasi sabitlik, iqtisadi inkişaf vəd edən bu təşəbbüs heç də hamı tərəfindən eyni şəkildə qarşılanmır.

Son dövrdə müəyyən siyasi mərkəzlərlə əlaqəli qüvvələrin və Ermənistan daxilində revanşist mövqeləri qorumağa çalışan şəxslərin TRIPP layihəsinə qarşı fəallaşması diqqət çəkir. Onlar müxtəlif platformalarda layihə ilə bağlı həqiqətə uyğun olmayan iddialar yayır, TRIPP-in guya Ermənistanın suverenliyinə və dövlətçiliyinə təhlükə yaratdığı barədə narrativlər formalaşdırmağa çalışırlar.

Məsələnin diqqətçəkən tərəfi isə layihəyə qarşı çıxanlar arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və regionda yeni reallıqların formalaşmasına açıq şəkildə etiraz edən şəxslərin də yer almasıdır.

Onların arasında iki tanınmış hüquqşünasın - argentinalı Luis Moreno Okamponun və amerikalı-kanadalı Robert Amsterdamın adı xüsusilə qeyd olunur.

Luis Moreno Okampo

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Ocampo TRIPP təşəbbüsünə qarşı çıxan şəxslərdən biridir. Onun layihə ilə bağlı mövqeyi təkcə marşrutun özünə etirazla məhdudlaşmır. Okampo yayımladığı videolardan birində mövcud siyasi proseslərə və Ermənistanın seçilmiş hakimiyyətinə qarşı siyasi təzyiq göstərilməsi istiqamətində fəaliyyətindən danışır.

Adı korrupsiya qalmaqallarında hallanan və buna görə postunu itirən Okampo Ermənistanın Qərbə inteqrasiyası və Azərbaycanla münasibətlərin normallaşdırılması siyasətinə qarşı mövqeyini tənqid edir. O guya fəaliyyətinin regionda yeni sülh gündəliyinin qarşısını almağa xidmət etdiyini iddia edir.

Robert Amsterdam

TRIPP-ə qarşı çıxan digər tanınmış şəxs isə amerikalı-kanadalı hüquqşünas Robert Amsterdamdır.

Amsterdamın hüquq firması müxtəlif illərdə Rusiya ilə əlaqəli şəxslərin və qurumların maraqlarını müdafiə edib. Onun müştəriləri arasında Rusiya və Ermənistanla bağlı müxtəlif siyasi dairələrlə əlaqələndirilən şəxslər də olub.

Amsterdamın hazırda Ermənistan Apostol Kilsəsinin maraqlarını təmsil etməsi də xüsusi vurğulanmalıdır. Kilsənin Rusiya ilə tarixi və institusional əlaqələrinə diqqət çəkərək, Amsterdamın və Okamponun mövqeyinin Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasına qarşı çıxan qüvvələrin mövqeyi ilə üst-üstə düşdüyü aydın olur.

Bu şəxslərin və onları dəstəkləyən dairələrin əsas narahatlığı regionda yeni reallığın - Azərbaycan və Ermənistan arasında sülhün, nəqliyyat kommunikasiyalarının açılmasının və Cənubi Qafqazın daha geniş regional əməkdaşlıq sisteminə qoşulmasının qarşısını almaqdır.

Bu baxımdan TRIPP sadəcə yeni nəqliyyat marşrutu deyil. Layihənin reallaşması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını sürətləndirə, regionun iqtisadi potensialını artıra və Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün yeni imkanlar yarada bilər.

Məhz buna görə də TRIPP-in işə düşməsini istəməyən qüvvələrin layihə ətrafında müxtəlif manipulyativ narrativlər yayması diqqətdən kənarda qalmamalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!