Ermənistanda Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Kərki kəndinin Azərbaycana qaytarılması məsələsinin müzakirə olunduğu iddia edilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasında Azərbaycanla anklavlar məsələsinin mümkün həlli ilə bağlı müxtəlif variantlar müzakirə olunur. Bu çərçivədə Kərki kəndinin Azərbaycana qaytarılması variantının da gündəmə gətirildiyi bildirilir.
Qəzet yazır ki, məsələ Ermənistan Konstitusiyasına mümkün dəyişikliklərdən sonra daha geniş müzakirə predmetinə çevrilə bilər. İddialara əsasən, hakim partiya daxilində Kərki ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Ermənistanın Baş naziri Nikol Paşinyanın isə ərazi dəyişikliklərinin yalnız referendum yolu ilə həyata keçirilməsinin mümkün olduğunu müdafiə etdiyi bildirilir.
Kərki kəndi Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşir. Kənd hazırda Ermənistanın işğalı altındadır.