Ermənistanın Sünik (Qərbi Zəngəzur) vilayətinin Meğri şəhərinin meri Xaçatur Andreasyan saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.
Məlumatı Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan da təsdiqləyib. Komitədən bildirilib ki, Xaçatur Andreasyan rüşvət vermə və alma faktları ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. İş üzrə ümumilikdə 8 nəfər saxlanılıb. Onların arasında Sünik vilayətinin Ekopatrul Xidmətinin regional bölməsinin rəhbəri də var.
Qeyd edək ki, Meğri Ermənistanın cənubunda, İran sərhədinin yaxınlığında yerləşir. Şəhər regionun mühüm nəqliyyat məntəqələrindən biri hesab olunur.
Bölgənin strateji əhəmiyyəti son dövrdə TRIPP layihəsi ilə bağlı müzakirələr fonunda daha da artıb. Layihənin Ermənistanın cənubundan keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutduğu bildirilir və məhz Meğri ətrafındakı ərazi bu müzakirələrin əsas nöqtələrindən biridir.