İllərdir məktəblərdə dərs deməyən bəzi müəllimlər fəaliyyətlərini repetitorluqla davam etdirirlər. İmtahanlara hazırlıq prosesi fənn üzrə dərin bilik tələb etsə də, məktəb mühitindən kənarda qalmaq müəllimlərin pedaqoji fəaliyyətinin istiqamətinə təsir göstərir.
Bəs müəllimlərin məktəbdə dərs demək əvəzinə repetitorluğa üstünlük verməsinin səbəbi nədir və bu tendensiyanın qarşısını necə almaq olar?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlama verib. Onun sözlərinə görə, müəllimlərin repetitorluğa üstünlük verməsinin əsas səbəbi daha yüksək gəlir əldə etmək imkanlarıdır.
“Bəzi müəllimlərin təhsil müəssisələrində çalışmaması konkret olaraq əməkhaqqının azlığı ilə bağlıdır. Repetitorluqla daha çox gəlir əldə etdiklərinə görə məktəblərdə işləməyə maraq göstərmirlər. Bu fəaliyyətin xüsusiyyətləri nəzərə alınaraq, dövlət tərəfindən müəyyən addımlar atılır. İlk olaraq, Elm və Təhsil Nazirliyi tərəfindən təmayül sinifləri yaradılıb və təmayülləşmə prosesi tətbiq olunmağa başlanıb. Bunun ardınca alternativ qərarların qəbul edilməsi gözlənilir. Ən mühüm addımlardan biri qəbul imtahanları modeli ilə bağlı ola bilər. İmtahanlarda fənlərin sayı mütləq minimuma endirilməlidir. Abituriyentlər 6-7 fənn əvəzinə 2-3 fəndən imtahan verməlidirlər. Bu dəyişiklik repetitorluq fəaliyyətinə də təsir göstərə bilər”, – deyə ekspert bildirib.
Elçin Əfəndi repetitorluğun tənzimlənməsi üçün vergi məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmadıqları yoxlanılmalıdır.
Ekspert hesab edir ki, repetitorluğun miqyasını azaltmaq üçün qəbul imtahanlarının modelində əsaslı dəyişikliklər edilməlidir.