Modern.az

Ali məktəblərə qəbul imtahanları təkmilləşdirilsin! - TƏKLİF

Ali məktəblərə qəbul imtahanları təkmilləşdirilsin! - TƏKLİF

Təhsil

Bu gün, 13:05

Azərbaycanda ali məktəblərə qəbul və buraxılış imtahanlarının mövcud mexanizminin təkmilləşdirilməsi, qiymətləndirmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və məktəb təhsilinin rolunun gücləndirilməsi zərurəti müzakirə olunur. Bu istiqamətdə imtahanlarda şagirdlərin yalnız test nəticələrinin deyil, həm də analitik düşüncə, yaradıcılıq, yazı və şifahi nitq bacarıqlarının qiymətləndirilməsi, orta məktəb proqramları ilə qəbul imtahanları arasında uyğunluğun təmin edilməsi təklif edilir. Eyni zamanda, abituriyentlərin əlavə hazırlıq yükünü azaltmaq məqsədilə SAT, IELTS və TOEFL kimi beynəlxalq imtahanların nəticələrinin yerli qəbul prosesində tanınması mexanizminin genişləndirilməsi gündəmə gətirilir.

Mövzuyla bağlı təhsil eksperti Məzahir Məmmədli Modern.az-a danışıb.

Onun sözlərinə görə Azərbaycanda ali təhsil müəssisələrinə qəbulun, qəbul qaydalarının yenilənməsi bir zərurətdir.

"Dövlət İmtahan Mərkəzinin (DİM) son bir neçə ildə keçirdiyi imtahanların ictimaiyyətdə, cəmiyyətdə, mediada, sosial şəbəkələrdə geniş müzakirəsi aparılır. Elə abituriyentlərin mövqeyindən baxılsa, görərik ki, son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzinə çoxsaylı apellyasiya müraciətləri var. Apellyasiya müraciəti o deməkdir ki, şəxs özünü kifayət qədər məlumatlı hesab edir, lakin Dövlət İmtahan Mərkəzinin ölçü meyarları ilə razılaşmır, yəni onun əməyinin və biliyinin düzgün qiymətləndirilmədiyini düşünür. Məhz bu halda apellyasiya müraciəti yaranır.

Xatırladım ki, son üç ildə 10 minin üzərində belə müraciət daxil olub. Bu da ondan xəbər verir ki, 10 min istedadlı abituriyent öz biliyinin və bacarığının düzgün qiymətləndirilməsi ilə bağlı iddia ortaya qoyur".


Ekspertin sözlərinə görə DİM-in həm testi hazırlaması, həm də imtahanı keçirməsi ədalətli deyil.

"Şikayətlər həm texniki səbəblərdən yaranır, həm də marker müəllimlərlə bağlı məsələlərdən qaynaqlanır. İkinci vacib məsələ odur ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını tədris başa çatmamışdan bir-iki ay, hətta iki ay yarım əvvəl keçirir. Bütün bu narazılıqlar və etirazlar nəticədə Dövlət İmtahan Mərkəzinin qaydalarının yenilənməsini zəruri edir.

Digər tərəfdən, Dövlət İmtahan Mərkəzi həm testi hazırlayan, həm də eyni zamanda özü həmin test əsasında imtahanları keçirən orqandır. Burada da müəyyən ədalətsizlik var. Qurum bu iki funksiyadan birini həyata keçirməlidir: ya testi hazırlamalıdır, ya da imtahanı təşkil etməlidir".

Müsahibimiz qeyd edir ki, Azərbaycanda da SAT, IELTS, TOEFL kimi imtahan nəticələri ilə ali təhsil müəssisələrinə qəbul həyata keçirilməlidir.

"Başqa bir məsələ də odur ki, bu gün Azərbaycanda istedadlı gənclərin əksəriyyəti xaricə gedir. Niyə məhz biz özümüz SAT, IELTS, TOEFL kimi imtahan nəticələri ilə ali təhsil müəssisələrimizə tələbə qəbul etməyək? Yaxud ali təhsil müəssisələrimizdə niyə elə təqaüd proqramları yaratmayaq ki, istedadlı gəncləri imtahansız və ya ümumtəhsil məktəblərindəki buraxılış nəticələrinə görə qəbul olunsunlar və onlar ikinci dəfə stres yaşayaraq ali təhsil müəssisələrinə qəbul imtahanına girməsinlər? Biz bu şansı yalnız beynəlxalq müsabiqələrdə və yerli fənn olimpiadalarında qalib olmuş şəxslərə tanıyırıq. Lakin ümumilikdə hər il nələrin şahidi oluruq? Söhbət istedadlı abituriyentlərdən gedir - çoxsaylı abituriyentlərimiz Avropa və Qərb universitetlərinə üz tuturlar. Onlar ümumi nəticələrini, beynəlxalq imtahan göstəricilərini və proqram qalibiyyətlərini həmin universitetlərə təqdim edirlər. Həmin universitetlər də onlara böyük təqaüdlər ayıraraq  gənclərimizi aparıb özləri təhsil verirlər. Gələcəkdə isə bu gənclər ölkəmizə qayıdıb hər hansı fayda vermək əvəzinə, həmin ölkələrdə qalmağa üstünlük verir və orada inkişaf edirlər. Çox yaxşı olardı ki, bu mexanizmlərin Azərbaycanda da tətbiqinə imkan verilsin. Məsələn, Azərbaycanda SAT proqramı ilə qəbulu yalnız ADA Universiteti həyata keçirə bilir və yaxşı da nəticələri var. Artıq ADA Universitetindəki tədris öz keyfiyyətinə görə ölkədə ilk sıralarda olan universitetlərdəndir.

Düşünürəm ki, bu cür yanaşma digər universitetlərdə də formalaşmalıdır və Dövlət İmtahan Mərkəzi öz işində, xüsusilə qəbul qaydalarında ciddi yeniliklərə üstünlük verməlidir. Nəzərə almaq lazımdır ki, biz — orta və daha yuxarı yaş nəslinin nümayəndələri Dövlət İmtahan Mərkəzini çox ideal bir qurum kimi qəbul edirik və onu dəyişdirməyin bəzən çox ciddi böhranlara gətirib çıxara biləcəyini düşünürük. Amma indiki gənclik artıq süni intellekt dövrünü yaşayır; onun əlində planşeti və smartfonu var, bütün dünya təcrübəsini artıq bilir. O, dünyada elm və ali təhsil müəssisələrinə qəbul qaydalarının necə olduğunu yaxşı bilir. Bütün bunlara görə biz onları artıq aldada bilmərik.

Ona görə də Dövlət İmtahan Mərkəzi işində, xüsusilə qəbul qaydalarında ciddi yeniliklərə üstünlük verməlidir". 

Sizə yeni x var
Keçid et
Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi