Məktəblərdə illərlə xarici dil tədris olunmasına baxmayaraq, şagirdlərin təhsillərini başa vurduqdan sonra sərbəst ünsiyyət qurmaqda çətinlik çəkməsi və əlavə repetitorlara, yaxud dil kurslarına müraciət etməsi təhsil sisteminin aktual problemlərindən biridir.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Modern.az-a açıqlama verib. O bildirib ki, hazırda həm şagirdlər, həm də valideynlər xarici dil öyrənilməsinə xüsusi maraq göstərir və bu istiqamətdə əlavə vəsait xərcləyirlər.
“Xüsusilə ali təhsil almağı hədəfləyən şagirdlər dil biliklərini artırmaqda maraqlıdırlar. Şagirdlər qəbul imtahanlarında xarici dildən də imtahan verərək müəyyən bal toplayırlar. Valideynlərin övladlarını kiçik yaşlarından əlavə məşğələlərə yönləndirməsinin əsas səbəblərindən biri də budur. Onlar uşaqlarının yüksək nəticə göstərməsini istədikləri üçün erkən yaşlardan hazırlıqlara başlamalarına şərait yaradırlar”, – deyə ekspert bildirib.
Məzahir Məmmədlinin sözlərinə görə, məktəblərdə xarici dil tədrisinin mövcud vəziyyəti şagirdləri və valideynləri qane etmir. Bu səbəbdən valideynlər övladlarının dil biliklərini inkişaf etdirmək üçün əlavə xərclər çəkməyə məcbur qalırlar.
“Dərslərdə 45 dəqiqəlik tədris müddəti dil bacarıqlarının inkişafı üçün çox azdır. Bəzi siniflərdə şagirdlərin sayı çox olur. Xarici dil dərslərində siniflərin iki qrupa bölünməsi nəzərdə tutulsa da, bu qayda bəzi siniflərdə tətbiq edilmir. Çoxsaylı şagirdlərlə eyni vaxtda xarici dil tədrisi həm tədris prosesini çətinləşdirir, həm də mövcud normativ-hüquqi tələblərlə bağlı suallar yaradır.
Digər problem isə xarici dil müəllimlərinin çatışmazlığıdır. Müəllimlərin böyük əksəriyyəti repetitorluqla məşğul olur, bəziləri isə özəl məktəblərdə dərs deyirlər”, – deyə ekspert qeyd edib.
Məzahir Məmmədli hesab edir ki, problemin əsas səbəblərindən biri müəllim hazırlığı ilə bağlıdır. Onun fikrincə, müəllim hazırlayan ali təhsil müəssisələrindəki mövcud yanaşmalar müasir dövrün tələblərinə tam cavab vermir.