Modern.az

Urgəncdə Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi açıldı - FOTOLAR

Urgəncdə Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi açıldı - FOTOLAR

Diaspor

28 Oktyabr 2023, 09:22

Özbəkistanın Xarəzm vilayətinin Urgənc şəhərində yerləşən Urgənc Dövlət Universitetində görkəmli Azərbaycan yazıçısı və dövlət-ictimai xadimi Yusif Vəzir Çəmənzəminlinin adını daşıyan Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə 23-26 oktyabr 2023-cü il tarixlərində Daşkənd və Xarəzm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində baş tutub.

 

Açılış mərasimində Urgənc Dövlət Universitetinin rektoru, professor Baxrom Abdullayev, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistanın Xarəzm vilayəti rəhbərinin müavini Batır Saidov, özbək yazıçı, tərcüməçi, publisist Babaxan Şərif çıxış ediblər. Natiqlər 1938-40-cı illərdə Urgənc Dövlət Universitetində (o zaman Urgənc Pedaqoji Institutu) müəllim kimi fəaliyyət göstərmiş Yusif Vəzir Çəmənzəminlinin adını daşıyan mərkəzin yaradılmasını iki ölkənin mədəni tarixində mühüm hadisə kimi qiymətləndiriblər. Özbək gənclərinin Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını öyrənməsində, iki ölkə arasında mədəni və ədəbi əlaqələrin daha da möhkəmləndirilməsində mərkəzin mühüm rol oynayacağına əminlik ifadə edilib və Azərbaycan dövlətinə minnətdarlıq bildirilib. Gələcəkdə Yusif Vəzir Çəmənzəminli mərkəzində onlayn şəkildə Azərbaycan dili kurslarının da təşkil ediləcəyi diqqətə çatdırılıb. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr əsasında indiyədək Özbəkistanın aparıcı universitetlərində, kitabxanalarında 10-a yaxın belə mərkəzin yaradıldığı vurğulanıb.

 

Mərasimin sonunda Urgənc Dövlət Universitetinin rektoru, professor Baxrom Abdullayevə xalqımızın zəngin mədəniyyətini əks etdirən “Azərbaycan xalçaları” kitabının “İrəvan qrupu” və “Təbriz qrupu” nəfis kitablarını, mərkəzə isə Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyətini əks etdirən zəngin kitab kolleksiyası hədiyyə edilib. Onların arasında ümummilli lider Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş kitablar və Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi nəşrlər də yer alıb.

 

Qeyd edək ki, müasir avadanlıq və mebellə təchiz olunmuş mərkəzdə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid kitablar, nəşrlər, disklər, dərs vəsaitləri, milli suvenirlər, guşələr, ölkə başçılarının görüşlərini əks etdirən fotoşəkillər, xəritələr, Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin portretləri, dövlət atributları yerləşdirilib. Mərkəzdə Azərbaycana və iki ölkənin dostluğuna həsr olunmuş tədbir, mühazirə və seminarların keçirilməsi nəzərdə tutulub.

 

Tədbir çərçivəsində qonaqlar Urgənc Dövlət Universitetinin fəaliyyəti ilə də tanış olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü