Modern.az

Baxmut cəbhəsində son vəziyyət - Ukrayna irəliləyir

Baxmut cəbhəsində son vəziyyət - Ukrayna irəliləyir

Dünya

18 May 2023, 08:21

Ukrayna ordusu ölkənin şərqindəki Baxmut şəhəri yaxınlığında gedən şiddətli döyüşlər zamanı uğurlar əldə etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Sergey Çerevatı yerli telekanallara müsahibəsində danışıb.

 

“Biz müdafiə əməliyyatını, əks-hücumları uğurla həyata keçiririk və bu gün ərzində bölmələrimiz bəzi hissələrdə 500 metrə qədər dərinliyə nüfuz ediblər”, - o deyib.

 

Ukrayna rəsmisi Rusiya qüvvələrinin döyüş sursatı çatışmazlığı ilə bağlı heç bir əlamət görmədiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, Baxmut istiqamətində Rusiyanın hücumuna rəhbərlik edən "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin hərbçilərinin sursat çatışmazlığı ilə üzləşdiyini açıqlayıb və buna görə Rusiyanın hərbi rəhbərliyini sərt tənqid edib.

 

"Düşmən bütün sistemləri ilə zərbə endirərək, istədiyi kimi şəhəri ələ keçirməyə çalışır. Onlar bir növ uğur əldə etmək üçün Baxmuta yeni bölmələr, ilk növbədə paraşütçülər köçürürlər", - Çerevatı vurğulayıb.

 

"RİA Novosti" xəbər agentliyi isə Müdafiə Nazirliyinə istinadən Rusiya qüvvələrinin Baxmutun qərb hissələrini ələ keçirmək üçün döyüşləri davam etdirdiyini bildirib.

 

Lakin Priqojin Ukrayna qüvvələrinin Baxmutda üstünlük əldə etdiyini təsdiqləyib: “Baxmutda düşmənin cəmi bir neçə faiz ərazisi olmasına baxmayaraq, onları mühasirəyə almaq mümkün görünmür".

 

Qeyd edək ki, müharibədən əvvəl təxminən 70.000 əhalisi olan Baxmut şəhəri uğrunda döyüşlər ötən ilin ortalarından başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov