Modern.az

Türkiyə əhalisi qocalır? - Hər 10 nəfərdən biri ahıldır...

Türkiyə əhalisi qocalır? - Hər 10 nəfərdən biri ahıldır...

Dünya

28 Mart 2024, 10:34

Türkiyədə yaşlı əhalinin ümumi əhali içərisində xüsusi çəkisi 2023-cü ildə 10,2 faizə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun (TÜİK) "Statistika ilə yaşlılar" dərcində qeyd olunub.

 

Türkiyədə 65 və yuxarı yaşda olan əhalinin sayı 5 il ərzində 21,4 faiz artaraq ötən il 8 722 806 nəfərə çatıb. 2018-ci ildə bu rəqəm 7 186 204 olub. Yaşlı əhalinin ümumi əhali içərisində xüsusi çəkisi 2018-ci ildə 8,8 faiz olduğu halda, 2023-cü ildə 10,2 faizə yüksəlib.

 

Yaşlı əhalinin 44,5 faizini kişilər, 55,5 faizini isə qadınlar təşkil edir. Əhali proqnozlarında yaşlı əhalinin nisbətinin 2030-cu ildə 12,9 faiz, 2040-cı ildə 16,3 faiz, 2060-cı ildə 22,6 faiz və 2080-ci ildə 25,6 faiz olacağı proqnozlaşdırılır.

 

Yaşlı əhali yaş qrupu üzrə 2018-ci ildə bu seqmentin 62,2 faizini 65-74 yaş qrupu, 28,6 faizini 75-84 yaş qrupu, 9,2 faizini isə 85 və yuxarı yaş qrupu təşkil etdiyi görünür. 2023-cü ildə bu kəsimdən olan əhalinin 64 faizinin 65-74 yaş qrupunda, 28,1 faizinin 75-84 yaş qrupunda, 7,9 faizinin isə 85 və yuxarı yaş qrupunda olduğu müəyyən edilib.

 

Yaşlı əhalinin 0,1 faizini təşkil edən 100 və yuxarı yaşı olanların sayı 2023-cü ildə 6 609 nəfər olub. Yaşlı əhalinin ümumi əhalidə xüsusi çəkisi 10 faizi keçərsə, bu, əhalinin qocalmasının göstəricisi hesab olunur. Türkiyədə yaşlı əhalinin sayı digər yaş qruplarına nisbətən daha sürətli artıb.

 

Qlobal qocalma prosesi adlanan "demoqrafik transformasiya"da olan Türkiyədə doğum və ölüm nisbətlərinin azalması, səhiyyə sahəsindəki inkişaf və digər faktorlarla əhalinin yaş strukturu dəyişib. Uşaq və gənclərin ümumi əhalidə xüsusi çəkisi azaldığı halda, yaşlıların ümumi əhalidə xüsusi çəkisi artıb. Türkiyə daha yaşlı əhali strukturuna malik ölkələrlə müqayisədə hələ də gənc əhali strukturuna sahib olsa da, yaşlı əhali say baxımından kifayət qədər yüksəkdir.

 

Əhalinin qocalması haqqında məlumat verən göstəricilərdən biri olan orta yaş həddi 2018-ci ildə 32, 2023-cü ildə isə 34-ə çatıb. Orta yaş 2023-cü ildə kişilər üçün 33,2, qadınlar üçün 34,7 olaraq hesablanıb. Əhali proqnozlarında orta yaş həddi 2030-cu ildə 35,6, 2040-cı ildə 38,5, 2060-cı ildə 42,3 və 2080-ci ildə 45 olaraq təxmin edilir.

 

Əmək qabiliyyətinə malik hər 100 nəfərə düşən yaşlıların sayını ifadə edən yaşlı asılılıq əmsalı 2018-ci ildəki 12,9 faizdən 2023-cü ildə 15 faizə yüksəlib. Əhali proqnozlarına görə, yaşlılardan asılılıq nisbətinin 2030-cu ildə 19,6 faiz, 2040-cı ildə 25,3 faiz, 2060-cı ildə 37,5 faiz və 2080-ci ildə 43,6 faiz olacağı proqnozlaşdırılır.

 

Hesablamalara görə, 2023-cü ildə dünya əhalisinin sayı 8 045 311 448 nəfər, yaşlı əhali isə 807 790 294 nəfər olub. Beləliklə, dünya əhalisinin 10 faizi yaşlı əhalidən ibarətdir. Yaşlı əhali nisbətinin ən yüksək olduğu ilk üç ölkə 30,1 faizlə Yaponiya, 24,5 faizlə İtaliya və 23,6 faizlə Finlandiya olub. Türkiyə bu göstəriciyə görə 184 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

 

Türkiyədə yaşlı əhalinin ən çox olduğu vilayət 20 faizlik göstərici ilə Sinop olub. Bu vilayəti 19,5 faizlə Kastamonu və 18,3 faizlə Giresun izləyir. Yaşlı əhali nisbətinin ən aşağı olduğu vilayət isə 3,5 faizlə Şırnak olub. Bu vilayəti 4 faizlə Hakkari və 4,2 faizlə Şanlıurfa izləyir. Yaşlı əhalinin ümumi əhalidəki nisbətinin 10 faiz və daha çox olduğu vilayətlərin sayı 2023-cü ildə 54 olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir