Modern.az

Ukrayna məğlub olur? - Rusiyanın 9 May HƏDƏFİ

Ukrayna məğlub olur? - Rusiyanın 9 May HƏDƏFİ

15 Aprel 2024, 09:03

Rusiya qüvvələri mayın 9-dək Çasiv Yar şəhərini ələ keçirməyi qarşısına məqsəd qoyublar.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Ali Baş Komandanı Aleksandr Sırski deyib.

 

Bu həftəsonu şərqdə vəziyyətin pisləşdiyi barədə xəbərdarlıq edən general-polkovnik Rusiyanın Kramatorsk şəhərinə doğru hərəkət etməzdən əvvəl Çasiv Yarı ələ keçirməyə cəhd etmək üçün işğal olunmuş Baxmutun qərbində səylərini cəmlədiyini söyləyib.

 

Donetsk vilayətindəki Çasiv Yar aylarla davam edən qanlı döyüşlərdən sonra keçən ilin mayında Rusiya qüvvələri tərəfindən ələ keçirilən Baxmutdan 5-10 kilometr aralıda yerləşir.

 

O, telegram messencerində verdiyi açıqlamasında bildirib ki, Kiyev briqadaları hələlik Çasiv Yar yaxınlığında hücumları dayandırıb və silah-sursat, pilotsuz uçuş aparatları və radioelektron mübarizə vasitələri ilə gücləndirilib.

 

“Rusiya ali hərbi rəhbərliyinin öz qoşunlarının qarşısına mayın 9-dək Çasiv Yarı ələ keçirmək vəzifəsi qoyduğunu nəzərə alsaq, təhlükə aktual olaraq qalır”, - o, deyib.

 

Ukraynanın müdafiə naziri Rustem Umerov "Facebook" hesabında bazar günü şərq cəbhəsindəki Ukrayna bölmələrinə baş çəkdiyini bildirib və vəziyyəti "gərgin" adlandırıb. O da Rusiyanın Baxmutun qərbindəki ərazilərdə irəliləməyə çalışdığını söyləyib.

 

"Düşmənin say üstünlüyünə baxmayaraq, müdafiəçilərin cəsarəti, hazırlığı və peşəkarlığı sayəsində biz bu planları effektiv şəkildə pozuruq", - o yazıb.

 

Müşahidəçilər deyir ki, Moskvanın Sovet İttifaqının İkinci Dünya Müharibəsində qələbəsini qeyd etdiyi tarixə qədər Çasiv Yar şəhərini işğal etməyə cəhd etməsi Kiyevin Qərbdən hərbi yardımın yavaşlaması ilə üzləşdiyi bir vaxtda Rusiyanın döyüş meydanındakı sürətinin artdığını göstərir. Qeyd edək ki, Rusiya mayın 9-u Qırmızı Meydanda hərbi parad keçirəcək.

 

Ukraynanın enerji infrastrukturuna hücumlar 

 

Müharibə son həftələrdə Rusiyanın Ukraynanın elektrik stansiyalarına və yarımstansiyalarına üç kütləvi zərbə endirməsi ilə şiddətlənib.

 

"Belə bir qaynar müharibə zamanı cəbhədə vəziyyət həmişə ağırdır. Amma bu günlərdə - xüsusən də Donetsk cəbhəsində - daha da çətinləşir", - Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü gecə çıxışında bildirib.

 

Ukrayna lideri xəbərdarlıq edib ki, Kreml yazın sonunda və ya yayında böyük bir hücuma hazırlaşa bilər. Bu hücumun əsas hədəfi bəlli deyil, lakin Rusiya hücum səylərini Donetsk bölgəsində cəmləyib.

 

Ukrayna bu il Rusiyanın dərinliklərində neft obyektlərini bombalamaq üçün yerli istehsal olan uzun mənzilli dronlardan istifadə edib. Ancaq Ukrayna hazırda işçi qüvvəsi problemləri və artilleriya mərmi çatışmazlığı ilə üzləşib.

Ekspertlər Çasiv Yar uğrunda döyüşün çox mühüm olduğunu düşünür.

 

"Çasiv Yar müdafiə oluna bilən yüksək ərazidə yerləşir. Əgər Rusiya (şəhəri) ələ keçirsə, onlar gözlənilən yay hücumunun bir hissəsi olaraq Donetskə (bölgəyə) daha dərindən irəliləyiş sürətini artıra bilər. Rusiya qüvvələri (şəhəri) ələ keçirmək üçün hələ də kanalı keçməli olacaqlar, lakin onlar indi (şəhərin) cənub-şərqindəki kanala çatıblar. Sursatların dərhal artırılması kritik ola bilər", - Xarici Siyasət Tədqiqat İnstitutunun baş əməkdaşı Rob Li özünün sosial media hesabında yazıb.

 

Xarkov təhlükə altında 

 

Ukraynanın şimal-şərqində, Rusiya sərhədindən cəmi 30 km məsafədə yerləşən Xarkov son dövrlər raket hücumlarına və bombardmanlara ən çox məruz qalan şəhərdir. Qərbin yardımının gecikməsi Ukraynanın şəhəri müdafiə etməsini çətinləşdirir.

 

Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov "Reuters" agentliyinə açıqlamasında hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını bildirib: "Bizim hava hücumundan müdafiə sistemlərinin fəlakətli çatışmazlığı var. Təkcə Xarkov vilayətində deyil, bütün ölkədə. Xüsusilə Xarkov vilayətində".

 

Zelenski ötən həftə Xarkovun demək olar ki, dörddə birinin məhv edildiyini söyləyib. O, Rusiyanı müharibədən əvvəl 2 milyon insanın yaşadığı şəhəri xarabalığa çevirdiyini və qoşunlarının irəliləməsi üçün yolu təmizlədiyini qeyd edib. Dövlət başçısı bildirib ki, Ukrayna ordusu istənilən bu cür hücumu dəf edəcək.

 

Ümumilikdə bir çox ekspert Ukraynadakı vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyini düşünür. 

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…