Modern.az

Xameneinin doğum günündə İrana zərbələr - Yeni müharibə olacaq?

Xameneinin doğum günündə İrana zərbələr - Yeni müharibə olacaq?

Dünya

19 Aprel 2024, 13:58

Aprelin 19-na keçən gecə mətbuatda İsrailin İrana raket zərbəsi endirməsi barədə xəbərlər yayılıb.

 

Modern.az xəbər verir ki, məlumatı Qərb mətbuatı və yerli teleqram kanaları yayıb.

 

Hücumun aprelin 14-nə keçən gecə İranın İsrailə zərbələrinə cavab olduğu bildirilir. “The New York Times”ın məlumatına görə, hədəf İsfahan şəhəri yaxınlığındakı İran hərbi hava bazası olub. İran rəsmiləri hava hücumundan müdafiə sisteminin işə salındığını və heç bir zərər vurulmadığını bildiriblər.

 

“The Jerusalem Post” yazır ki, strateji səbəblərə görə İsrail İrana hücumun məsuliyyətini rəsmi olaraq üzərinə götürməyəcək.

 

Ayətullah Əli Xameneinin doğum günündə həyata keçirilən hücuma görə Tehran, İsfahan və Şiraz üzərindən uçuşlar qeyri-müəyyən müddətə təxirə salınıb.
 

İsfahan əyalətinin Kaxcavaristan şəhərində partlayış səsləri eşidirilib. Qərb mətbuatı bildirir ki, Kaxcavaristandan bir qədər aralıda hava limanı və İran Hərbi Hava Qüvvələrinin 8-ci Şəkəri bazası var. "Bloomberg" yazıb ki, İsrail hücumdan əvvəl ABŞ-ı İran ərazisinə gözlənilən zərbə ilə bağlı xəbərdar edib. ABŞ hücumdan xəbərdar olub, lakin bu hücumda iştirak etməyib.

 

Tehran hücuma görə qisas almaq planının olmadığını bildirib. Qərb mətbuatı bildirir ki, İsrailin hücumun məhdud olması və İranın "səssiz" cavabı genişmiqyaslı müharibənin qarşısını almaq üçün gecə-gündüz işləyən diplomatların uğurlu səyindən xəbər verir.

 

Dünya ölkələri cümə günü hər iki tərəfi  gərginliyin qarşısını almağa çağırıb. MAQATE İsrailin zərbələri zamanı İranın nüvə obyektlərinə ziyan dəymədiyini bildirib. Agentliyin baş direktoru Rafael Qrossi tərəfləri həddindən artıq təmkinli olmağa çağırıb.

 

Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyen isə deyib ki, bölgənin sabit qalması və bütün tərəflərin gələcək fəaliyyətdən çəkinməsi tamamilə zəruridir. Oxşar çağırışlar Pekindən və regiondakı ərəb dövlətlərindən də səsləndirilib.



Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…