Modern.az

Nazirdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsinə REAKSİYA

Nazirdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsinə REAKSİYA

1 Sentyabr 2020, 12:00

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızının təqaüdünün kəsilməsi məsələsini nəzarətə götürüb.

Bunu Modern.az-a anasının təqaüdünün kəsilməsilə bağlı açıqlama verən erməni girovluğundakı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

K.Əsgərov qeyd edib ki, bu gün səhər saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı onunla əlaqə saxlayıb və problemlə maraqlanıb:

“Mənə bildirdilər ki, gecə ilə Sahil Babayevə bu barədə məlumat verilib və nazir məsələni şəxsən nəzarətə götürüb. Məsələnin araşdırılmasını və problemin həll edilməsi göstərişini verib. Nazirliyin əməkdaşı da mənə bildirdi ki, nazirin tapşırığına əsasən, anamın təqaüdü hansı aydan kəsilibsə, o aylar da daxil olmaqla hamısı tam ödəniləcək”.

Girov oğlu operativ reaksiyaya görə nazir Sahil Babayevə təşəkkür etdiyini bildirib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məsələ ilə bağlı bildirib ki, erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişi dayandırılmayıb:


“Belə ki, Firizə Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilmişdi.

Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. Firuzə Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir.

Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!