Azərbaycanın satirik şairi və qəzəlxanı Baba Pünhan haqqında kitab nəşr olunacaq.
Bu barədə yazıçı, jurnalist Xoşqəqəm Cəbrayıloğlu Modern.az saytına məlumat verib. O bildirib ki, işıq üzü görəcək kitab Baba Pünhanın 70 illiyinə həsr olunub:
“Bundan əvvəl Baba Pünhan haqqında “Pünhannamə” adlı bir kitab da nəşr olunmuşdu. Qeyd etdiyim kitab isə hazırlanma mərhələsindədir. Hazırda yazıları toplayırıq. Şairin 70 illiyinə kimi kitabı hazırlayıb bitirmək fikrimiz var”.
Müsahibimiz qeyd edib ki, kitabda tanınmış şəxslərin Baba Pünhan haqqında olan xatirələri dərc olunacaq:
““Qulp”un müəllifi və aparıcısı Mübariz Əsgərovdan tutmuş Aşıq Yadigar, xalq artisti Alim Qasımova kimi - Baba Pünhanı tanıyan hər kəslə həmsöhbət olmuşuq. O cümlədən kitabda Baba Pünhana həsr olunan şeirlər də əksini tapacaq. Bu il noyabrın 5-də kitabın yayımlanması planlaşdırılır”.
X.Cəbrayıloğlu həmçinin bildirib ki, aprelin 17-də Baba Pünhanın anım günü də keçiriləcək.
Qeyd edək ki, 2004-cü il aprelin 5-də "Mərkəzi Kliniki xəstəxana"sında Baba Pünhanın ürəyində əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o "koma" vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Mərhum şairin qəbri Kürdəxanı qəsəbəsindədir.