Modern.az

Sabiq rektor işlədiyi universitetlə məhkəmə çəkişməsində...

Sabiq rektor işlədiyi universitetlə məhkəmə çəkişməsində...

Parlament

24 May 2016, 16:48

Bir müddət öncə Azərbaycan Dövlət İqtisad Universitetinin “Turan-2009” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) və “İqtisadçı-2005” Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı məhkəmə iddiası qaldırdığı barədə xəbər vermişdik. “Turan-2009”un universitetə 667475 manat borcunun olması faktı MMC rəhbərliyi ilə bu ali məktəbin sabiq rektoru Şəmsəddin Hacıyev tərəfindən imzalanmış üzləşmə aktı və digər rəsmi sənədlərlə də təsdiqlənib.

Modern.az saytı məhkəmə prosesinin hansı mərhələdə olduğunu öyrənmək üçün tərəflərlə əlaqə saxlayıb. Deputat, İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev bildirib ki, məhkəmə prosesi davam edir.

“Məhkəmənaın qərarı olacaq. Tərəflər öz öhdəliklərini yerinə yetirəcəklər. İlk instansiya bitib. Apellyasiya qərarından isə məlumatiım yoxdur. Bir sözlə proses axarı ilə gedir. Burada heç bir problem görmürəm. Qərar bəlli olan kimi yerinə yetiriləcək”.

Modern.az 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hər iki işə baxan hakimləri Vüsalə Baxışova və Tahirə Əsədovayla da əlaqə saxlayıb.

Hakim Vüsalə Baxışova bildirib ki, İqtisad Universitetinin “Turan-2009” MMC-yə qarşı məhkəmə iddiasına baxış davam edir. O qeyd edib ki, bu günə kimi bir neçə iclas keçirilib və hələ ki yekun qərar yoxdur.

Hakim Tahirə Əsədovanın köməkçisi isə universitetin “İqtisadçı-2005” MTK-ya qarşı məhkəmə işinin yekunlaşdığını bildirib.
“Birinci instansiya məhkəməsi bitib və qərar bəllidir. Biz bunu deyə bilmərik. Tərəflərin özləri  açıqlamalıdır. Amma birinci instansiya məhkəməsinin qərarından hələ ki apelyasiya şikayəti verilməyib”.

Azərbaycan Dövlət İqtisad Universiteti “Turan-2009” MMMC-yə qarşı 667475 manat məbləğində pulun ödənilməsi tələbi ilə iddia qaldırıb. İddiaya 1 saylı Baki İnzibati-İqtisad Məhkəməsində baxılır. Sənədlər məhkəməyə təqdim edilsə də, “Turan-2009” MMC-nin rəhbərliyi həmin pulun universitetə qaytarılmasından imtina edir. Sözügedən iddia ərizəsi məhkəmənin hakimi Vüsalə Baxışovanın icraatındadır.

Bu, Şəmsəddin Hacıyevlə universitet arasında olan yeganə çəkişmə deyil. Tərəflər arasında həmçinin Şəmsəddin Hacıyevin himayəsində olan “İqtisadçı-2005” MTK ilə bağlı mübahisəyə dair də iddia tələbləri var. Bu mübahisələrdən birinə isə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılır.

 “Turan-2009” MMC-nin Texniki və inzibati işlər üzrə nümayəndəsi Azər Köçəriyev isə bildirib ki, şirkətin universitetə olan borcu 667.000 manat deyil, 417.400 manatdır. Onun sözlərinə görə, universitetdə görülmüş işlər dövlət büdcəsi hesabına deyil, ali məktəbin xüsusi vəsaiti ilə həyata keçirilib. Həmin işlərin görülməsi nəticəsində “Turan-2009” MMC-nin universitetə 417.400  manat borcu yaranıb. Borc sabiq rektor Şəmsəddin Hacıyevin təkidi ilə universitetin maraqları çərçivəsində üzləşmə aktı ilə təsdiqlənib.
Digər tərəfdən ali məktəbin sifarişinə əsasən, həmin dövrdə görülən müxtəlif  işlər və xidmətlərə görə universitetin “Turan-2009”a 475.000  manat məbləğində borcu yaranıb. Lakin qarşılıqlı olaraq borcların əvəzləşdirilməsi məsələsi dəfələrlə universitet qarşısında qaldırılsa da, sənədləşmə işləri aparılmayıb. Bundan sonra  üzləşmə aktını əsas tutan universitetin yeni rəhbərliyi borcun ödənilməsinə dair 1 saylı Bakı İqtisadi-İnzibat Məhkəməsinə müraciət edib.  “Turan-2009” MMC də öz növbəsində əvəzləşdirilmə aparılması və qalıq olaraq 58.000 manat vəsaitə dair bütün sənədləri məhkəməyə təqdim edib.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!