Modern.az

REAL referendumdan sonra partiyaya çevriləcək - AÇIQLAMA

REAL referendumdan sonra partiyaya çevriləcək - AÇIQLAMA

Aktual

9 Avqust 2016, 12:17

“Partiya qurultayının keçirilməsi ilə bağlı işlər davam etdirilir.  Sadəcə olaraq, bu arada anidən bizdən asılı olmayan səbəblərdən referendum qərarı çıxdı. Biz də referendumla bağlı “Respublikaçı Alternativ” təşviqat qrupunu yaratmışıq. Bununla da bağlı işlərin çox gərgin dönəmidir”.

Bunu Modern.az-a açıqlamasında  REAL hərəkatının icra katibi Natiq Cəfərli deyib.

O bildirib ki, hazırda REAL referendumla bağlı regionlarda imzatoplama kampaniyası həyata keçirir:

“İmzatoplama kampaniyası zamanı rayon səfərlərindən istifadə edib partiyalaşma prosesini sürətləndiririk. Referendum məsələsinin çıxması işlərin sayını artırıb. Ona görə də partiyanın qurultay vaxtını indidən dəqiq demək çətindir”.

Natiq Cəfərlinin sözlərinə görə, partiyanın qurultayı referendumdan sonra, bu ilin sonunda baş tutacaq:

“Biz partiyanın qurultayını referendumdan qabaq, bu ilin sentyabr ayının axırına nəzərdə tutmuşduq. Amma çox güman ki, referenduma görə sentyabrın sonu hələ qalacaq. Hazırda bütün gücümüzü imzatoplama kampaniyasına sərf etmişik. Çünki indi əsas məqsədimiz 40 min imzanı toplayaraq, referendumda təbliğat və təşviqat qrupumuzu qeydiyyatdan keçirməkdir. İnsanlara referendum haqqında doğru və dürüst məlumat verəcəyik.

Partiyalaşma məsələsindəki niyyət və məqsədimizdə heç bir dəyişiklik yoxdur. Referendumdan sonra partiyanın qurultayı bu ilin sonunda mütləq baş tutacaq”.

REAL idarə heyətinin üzvü hərəkatın regionlardakı təşkilatlarından da danışıb:

“Artıq partiyanın şəhər və rayon təşkilatlarının sayı, el məclisləri 18-ə çatıb. Təkcə bu il ərzində 8 yeni məclis formalaşıb.

Bu el məclisləri də bizim nəzərdə tutduğumuz Azərbaycanın yeni ərazi bölgüsünə uyğundur.

Çünki bizim proqramımızda Azərbaycanda bu qədər sayda rayonların olmasına ehtiyac yoxdur. Biz bir neçə rayonları birləşdirməklə böyük ellərin yaradılmasını düşünürük.

Bu ellərə uyğun da məclislər təşkil etmişik. Artıq bu proses yekunlaşıb. Sadəcə bəzi el məclislərinə başçıların seçilməsi və qurultay qalıb.

Çalışacağıq ki, bu prosesləri regionlarda referendumun imzatoplama kampaniyası ilə paralel aparaq”.

Natiq Cəfərli bildirib ki, hazırda həbsdə olan REAL sədri İlqar Məmmədov hərəkatın partiyalaşma və digər proseslərində çox yaxından iştirak edir:

“İlqar bəy əvvəldən sona qədər partiyadakı bütün proseslərdən məlumatlıdır. Bəzi məsələlərdə onun da yeni korreksiya və təklifləri olub. Sadəcə olaraq bizim İlqar bəylə əlaqə problemimiz var. Bu işləri onun vəkili vasitəsilə həyata keçiririk. İlqar bəyin verdiyi düzəliş və təklifləri partiyada çox ciddi şəkildə müzakirə edərək, dəyərləndirib və qəbul edirik”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!