Modern.az

Bahar Muradova: “...O məsələləri yerinə yetirmək fikrimiz yoxdur”

Bahar Muradova: “...O məsələləri yerinə yetirmək fikrimiz yoxdur”

1 Mart 2011, 18:39

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan partiyasının saytına müsahibə verib.  

- Bahar xanım, bu günlərdə ATƏT-in Parlament Assambleyasının qış sessiyası keçirildi. Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri olaraq sessiyada iştirak etmisiniz. İstərdik ki, sessiya zamanı müzakirə olunan məsələlər haqqında məlumat verəsiniz...

- ATƏT PA-nın qış sessiyası Avstriyanın paytaxtı Vyana şəhərində fevralın 24-25-də keçirildi. Sessiya üç komitə iclası, iki plenar sessiya və bir daimi komitənin iclasından ibarət oldu. Müzakirə olunan əsas məsələlər ATƏT regionunda təhlükəsizlik, inteqrasiya və miqrasiya məsələləri idi. Gündəlikdə əsasən Belarusda və Qırğızıstanda vəziyyət, insan alverinə qarşı mübarizə məsələləri yer alırdı. Belarusdakı vəziyyət insan haqları komitəsində, Qırğızıstanda vəziyyət siyasi komitədə, insan alverinə qarşı mübarizə isə iqtisadi komitənin müzakirə predmeti idi. Bütün bu məsələlərin müzakirəsi plenar sessiyada da davam etdirildi. Qeyd edim ki, plenar sessiyada əsas iki məsələ müzakirə olundu. Bu, inteqrasiya və miqrasiya məsələləri, eləcə də, Yaxın Şərqdə vəziyyət idi. Nümayəndə heyətimizin üzvləri bu müzakirələrdə fəal iştirak etdilər, hər bir məsələ ilə bağlı bir neçə dəfə çıxışlar etdilər və bu kontekstdə ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər bildirildi. Həmçinin, ölkəmizin bu məsələ ilə bağlı mövqeyi səsləndirildi. Çünki söhbət miqrasiya və inteqrasiyadan gedirsə, burada etnik münaqişələr, seperatizm və onun nəticələri mütləq şəkildə müzakirə edilən məsələr arasında yer alır. Bu da bizim nümayəndə heyətimiz tərəfindən açıq, kəskin və qəti şəkildə vurğulandı.

- Azərbaycanda keçirilən son parlament seçkiləri ilə bağlı aparılan müzakirələr haqqında nə deyə bilərsiniz? ATƏT PA seçkilərin nəticələrini necə qiymətləndirdi? 

- Azərbaycanda keçirilən seçkilərlə bağlı məsələ Daimi Komitənin iclasında müzakirə edildi. Qeyd edim ki, ATƏT PA-nın müşahidə missiyası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası arasında kəskin bir ziddiyyət yaranmışdı və bu ziddiyyət tək ATƏT PA missiyası ilə bağlı deyildi, digər təşkilatların missiyaları ilə də bu mövqelər kəskin fərqlənirdi. Azərbaycandakı parlament seçkiləri ilə əlaqədar ilkin rəyin üzərində razılaşdırma əldə etmək 12 saatlıq müzakirədən sonra mümkün olub. Sonda isə bütün missiyalar bir cür, ATƏT DTİHB başqa cür bəyanat səsləndirmişdi. Əlbəttə ki, bununla bağlı bir sıra narazılıqlar vardı və bu məsələ ilə bağlı ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik edən qurumun vitse-prezidenti Volfqanq Qrossruk seçkilərdən dərhal sonra ATƏT-in o vaxtkı sədri K.Saudobayevə şikayət məktubu yazmışdı. Məktubda da açıq şəkildə göstərilmişdi ki, qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən seçkilərin nəticələrinə birtərəfli və qərəzli yanaşmış, eləcə də, ölkəmizdəki real vəziyyəti əks etdirməkdən daha çox hansısa dairələrin maraqlarını həyata keçirməyə cəhd göstərib, dövlət orqanları və seçki orqanları ilə əməkdaşlıq nümayiş etdirməyib. Bütün bunları nəzərə alaraq biz Daimi Komitədə ölkəmizdəki parlament seçkiləri ilə bağlı müzakirələrin çox gərgin keçəcəyini düşünürdük. Digər tərəfdən, müşahidə missiyasının rəhbəri bu sessiyadan öncə, fevralın əvvəlində Bakıda səfərdə olmuşdu. Qeyd edim ki, iclasda Moldovada, Tacikistanda, Qırğızıstanda, Belarusda, ABŞ-da keçirilən seçkilərə dair də hesabatlar dinlənildi. Bu hesabatlar arasında Azərbaycanla bağlı müzakirə xüsusilə fərqlənirdi. Müşahidə missiyasının rəhbəri Volfqanq Qrossruk çox obyektiv olaraq seçkinin normal, Azərbaycan qanunvericiliyi çərçivəsində keçirildiyini bildirdi. Vurğulandı ki, bu seçkidə ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyətinin iştirak edib. Missiya rəhbəri bildirdi ki, özünün Azərbaycana dəfələrlə olan səfərləri çərçivəsində seçkiyə hazırlığın, seçki günü və seçkidən sonrakı dövrdə hadisələrin normal şəraitdə olduğunu şəxsən müşahidə edib. Eyni zamanda, səfərləri çərçivəsində bütün siyasi tərəflərlə, dövlət orqanları, seçki qurumları ilə çoxsaylı görüşlər keçirdiklərini və həmin görüşlərin də konstruktiv şəraitdə keçdiyini bildirdi. Digər tərəfdən, QHT-lərin, mətbuatın fikirlərini də öyrəndiyini, özünün də müşahidələrini bir araya gətirərək bir hesabat hazırlamaq istədiyini dilə gətirdi və ortaya qoyulan hesabatın da yaxşı bir hesabat olduğunu söylədi. Dedi ki, bu seçki prosesi ölkədə demokratiyanın inkişafında irəliyə doğru addım kimi qiymətləndirilməlidir. Seçki prosesi yaxşı təşkil edilmiş, hökumət qurumları beynəlxalq təşkilatlarla, o cümlədən, ATƏT-lə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmiş, bütün müşahidəçilərə seçkini sərbəst izləmək üçün hər bir şərait yaradılmış və bütövlükdə seçki mühiti müsbət qiymətləndirilmişdir. Lakin bununla belə demokratiyanın inkişafı sahəsində bundan sonra da iş aparmaq lazımdır. Hesabatda o da qeyd olunur ki, Azərbaycana demokratik dövlət quruculuğunu inkişaf etdirməkdə köməklik göstərməliyik. Ümumilikdə, məruzəçi müşahidə missiyasının işini normal qiymətləndirir və ölkəmizdə keçirilən seçkiləri irəliyə doğru bir addım kimi dəyərləndirir.

- Daimi Komitədə iclas iştirakçılarının qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyətinə münasibəti nədən ibarət oldu?

- Qeyd edim ki, DTİHB təkcə Azərbaycana qarşı deyil, digər ölkələrə münasibətdə də qeyri-obyektiv mövqe nümayiş etdirib. Təbii ki, bunun nəticəsində də bu instituta qarşı ciddi narazılıq yaranıb. Bu iclas zamanı da cənab Qrossruk ATƏT DTİHB-nin fəaliyyətinə mənfi münasibətini ifadə etdi. O bildirdi ki, bu institutun birtərəfli və qərəzli mövqe nümayiş etdirməsi ATƏT-in prinsiplərinə ziddir. Eləcə də, bunun ATƏT PA ilə DTİHB arasındakı münasibətlərə çox mənfi təsir göstərdiyi qeyd olundu. Hətta vurğulandı ki, zamanında, ATƏT PA-nın baş katibi S.Oliver bu institutun mənfi fəaliyyəti haqda danışanda məruzəçi ona şübhə ilə yanaşıbmış. İndiki halda isə S.Oliveri daha yaxşı başa düşdüyünü qeyd etdi. Hesab edirəm ki, hesabat kifayət qədər obyektiv və ölkəmizdəki situasiyaya uyğun bir rəy idi. Bu hesabat təkcə məruzəçinin rəyi yox, ümumilikdə iştirakçıların əksəriyyətinin rəyi idi. Məsələ ilə bağlı Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Kozlovski çıxış etdi. O hətta 2005-ci ildə baş verən hadisələri yada saldı və o zaman da DTİHB-nin birtərəfli rəy hazırladığını xatırlatdı. Eyni zamanda, o, həm 2005-ci, həm də 2010-cu ildə istər ATƏT PA, istərsə də MDB müşahidə missiyalarının tərkibində ölkəmizdə keçirilən seçkiləri izlədiyini və seçkilərin standartlara uyğun şəkildə keçirildiyini dəyərləndirdi və həmkarlarını da DTİHB-nin fəaliyyətinə qiymət verməyə çağırdı. Daha sonra Qazaxstanın nümayəndəsi Qasımcomərd Tokayev çıxış etdi. O və A.Kozlovski, eləcə də, V.Qrossruk ATƏT PA-nın vitse-prezidentləridir və hər üç vitse-prezident ölkəmizdə keçirilən parlament seçkilərinin demokratik keçirildiyini və eyni zamanda, tam plürüalist cəmiyyətin qurulması üçün lazım olan bəzi addımların atılmasının da vacibliyini vurğuladılar. Əlbəttə, biz də öz tərəfimizdən bildirdik ki, seçkidə baş verən hər bir real nöqsanları aradan qaldırmaq üçün ölkəmiz siyasi iradəyə malikdir. Amma o məsələlərin ki, ümumiyyətlə, Azərbaycanla heç bir əlaqəsi yoxdur, kiminsə maraqlarına xidmət edir, bizim onu yerinə yetirmək fikrimiz yoxdur. Bunu ATƏT regionunda bir sıra ölkələrdə baş verən hadisələr də sübut edir ki, qurumun öz daxili institutları bir araya gəlib ümumi mövqe göstərə bilmirlər. Mən iclasdakı çıxışımda qurumun institutları arasında olan problemlərin ATƏT-in nüfuzuna ziyan vurduğunu və DTİHB-nin direktoru vəzifəsinə hər bir ölkənin nümayəndə təqdim etmək imkanının yaradılmasını təklif etdim. Bu təklifi Daimi Komitənin iclasında iştirak edən hər bir kəs alqışla qarşıladı. Hesab edirəm ki, bu yalnız Azərbaycandakı seçkiyə münasibət deyil, eyni zamanda, ATƏT-in özünün-özünə münasibətidir. Vəziyyət o yerə gəlib çatıb ki, ATƏT daxilində bir institut özünü bütövlükdə bu quruma qarşı qoyur. Fikrimcə, Daimi Komitənin iclasındakı müzakirələri səmərəli saymaq olar. O baxımdan yox ki, burada Azərbaycan müsbət mənada görünürdü. O mənada ki, ölkəmizin timsalında nəhayət, ATƏT-də bir çoxları anlamağa və səsləndirməyə başladılar ki, belə neqativ hallara yol vermək olmaz. Müzakirələr zamanı ABŞ-ın nümayəndəsi Kristofer Smit belə bir təklif irəli sürdü ki, DTİHB-nin fəaliyyəti ilə bağlı işçi qrupu yaradılsın və hər bir üzv bu institutun fəaliyyəti ilə bağlı hesabat təqdim etsin. Hesab edirəm ki, bu, çox ciddi bir təklifdir. Bu istiqamətdə çox adam çıxış etmək istəyirdi, amma görəndə ki, müzakirələr tamam başqa istiqamətdə inkişaf edir və kimlərinsə Azərbaycandakı seçkiləri mənfi istiqamətdə qiymətləndirmək istəyi alınmır, onda müzakirələr kəsildi. Şəxsən mən bu dəfə ATƏT-in məsələlərə münasibətindən ona görə razı qaldım ki, bir təşkilat olaraq özünə tənqidi yanaşmaq cəsarəti tapa bildi. Düşünürəm ki, bu müzakirələr gələcəkdə ATƏT daxilində struktur islahatlarına başlanması üçün bir təkan oldu. Ümumiyyətlə, ATƏT-in strukturlarının əhəmiyyətinin, faydalılığının artırılması üçün müəyyən islahatların aparılması haqda vaxtaşırı olaraq fikirlər səslənməkdədir. Bu dəyişikliklərin nə olacağını qarşıdakı dövr göstərəcək.

- ATƏT PA-nın bu sessiyasında da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ gündəliyə daxil edilmədi. Azərbaycan nümayəndə heyəti bu məsələni sessiya zamanı qaldırdımı? 

 - Qeyd etdiyiniz kimi sessiya zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müzakirə olmadı. Ən azı o səbəbdən ki, Dağlıq Qarabağla bağlı xüsusi məruzəçi Qoran Lenmarkerin artıq səlahiyyət müddəti başa çatıb və o iclasda iştirak etmirdi. Onu əvəz edəcək yeni məruzəçi də təyin olunmayıb. Amma deyim ki, ATƏT rəsmiləri plenar sessiyalarda məruzələrlə çıxış etdilər. ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri öz çıxışında konfliktlər məsələsinə geniş yer ayırdı və Dağlıq Qarabağ məsələsinin üzərində daha geniş dayandı. O, Qarabağla bağlı ciddi narahatlığını ifadə etdi və ərazidə gərginləşmənin hiss olunduğunu bildirdi. O dedi ki, səylər konkret əmələ çevrilməlidir. Bunun üçün də ATƏT ciddi şəkildə işləməlidir. Digər məruzəçilər də, çıxışlarında bu məsələyə toxundu. Azərbaycan nümayəndələrinin çıxışlarında isə bu məsələ qırmızı bir xətlə keçirdi. Biz bütün çıxışlarmızda mütləq bu problemə toxunurduq. Ayrıca olaraq məruzələr əitrafında müzakirlər aparılarkən, xüsusilə miqrasiyalarla bağlı məsələ müzakirə olunarkən həm Rəbiyyət Aslanova, həm də Azay Quliyev çıxışlar etdilər. Onlar miqrasiya məsələlərini Dağlıq Qarabağla əlaqələndirərək bugünki dünyada insanların nəinki öz ölkəsində, hətta bütün dünyada sərbəst miqrasiya etdiklərini nəzərə çatdıraraq bunun müqabilində Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz yurdlarında yaşamaq hüququndan məhrum olduqlarını vurğuladılar. Qeyd olundu ki, Ermənistan bu gün monoetnik bir dövlətdir. Monoetnikliyin özü isə Avropa məkanı üçün həddindən artıq böyük bir təhlükədir. Eləcə də, insan alverinə qarşı mübarizə ilə bağlı İqtisadi Komitədə müzakirə gedərkən millət vəkili Eldar İbrahimov bu məsələyə öz çıxışında xüsusi yer ayırdı. Yəni, elə bir məsələ olmadı ki, biz orada Dağlıq Qarabağ məsələsini gündəmə gətirməyək.
Onu da bildirim ki, Daimi Komitənin iclasında Azərbaycandakı parlament seçkiləri müzakirə olunarkən ATƏT PA-nın vitse-prezidenti cənab Qrossruk çıxışında Azərbaycanın öz demokratik dövlətini, demokratik cəmiyyətini çox çətin bir şəraitdə qurduğunu unutmamağı tövsiyə etdi. Eyni zamanda o, vurğuladı ki, bu məsələdə qaçqın və köçkünlərin öz yurdlarına qayıtması və humanitar problemlərin həlli prioritet olmalıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!