Modern.az

Yardımlı rayonu yaddaşlarda nə ilə qalıb? (Tanınmışların cavabı)

Yardımlı rayonu yaddaşlarda nə ilə qalıb? (Tanınmışların cavabı)

25 Mart 2011, 16:08


Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir.
Bu dəfə də müsahiblərimizdən Yardımlı rayonunun nə ilə yaddaşlarda qaldığını öyrəndik...

“Yardımlıların təbiəti Yardımlının təbiətinə uyğundur”

Yardımlı ilk növbədə dinə qarşı böyük məhəbbəti, ikincisi saf təbiəti və suyu, üçünçü isə dağ vüqarlı insanları ilə se,ilir. Bu sözləri xalq artisti, xanəndə Canəli Əkbərov deyib. O, hesab edir ki, Yardımlı rayonunun insanları milli müsiqimizə daha çox dəyər verir.
“Yardımlıda toylarda olmuşam. Burda müşahidə etmişəm ki, onlar bizim müğamlara, milli musiqimizə çox dəyər verirlər”.
C.Əkbərovun sözlərinə görə, dağ rayonlarında yaşayan insanlar vüqarlı, mərd olur. “Mən Yardımlını iqliminin saflığına, vətənpərvər oğullarına, milli mənəvi dəyərlərimizə hörmət edən  insanlarına görə tanıyıram və hörmət edirəm”.
Müsahibimizin sözlərinə görə, suyu saf olan yerlərin insanları da saf olur. “Yardımlı rayonunun insanlarında da bu xüsusiyyət öz əksini tapıb. Yəni, yardımlıların təbiəti Yardımlının təbiətinə uyğundur”. 

“Yardımlının insanları olduqca səmimidir”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Famil Cəfərli bildirdi ki, Yardımlı rayonu onun yaddında daha çox gözəl təbiəti ilə qalıb. Onun sözlərinə görə, bu rayon füsunkar təbiətə malikdir.
Müsahibimiz bildirdi ki, Yardımlı rayonu ikinci növbədə onun yaddaşında ziyalıları ilə qalıb. “Millət vəkili, böyük ziyalı Sabir Rüstəmxanlı yadıma düşür. Bundan əlavə, tibb elmləri doktoru, professor Şakir İbrahimlinı də xatırlayıram. Şakir İbrahimli həqiqətən çox gözəl həkimdir. Onun  bütün MDB-də adı hallanır”.
Bu rayonun insanlarının digər rayonların insanlarından hansı xüsusiyyətinə görə fərqləndiyinə gəlincə, F.Cəfərli bildirdi ki, ümumilikdə rayon insanları səmimi olur. Eləcə də, Yardımlıda.  “Bu bütün tarix boyu belə olub. Bütün dünyada da belədir ki, rayon insanları şəhər insanları ilə müqayisədə səmimi olur. Yardımlı rayonunun insanları olduqca zəhmətkeş insanlardır”.

“Yardımlının çox gözəl şəlaləsi var”

Xalq artisti, rejissor Vaqif Behbudov bildirdi ki, Yardımlı rayonunu daha çox şəlaləsinə görə tanıyır. “Yardımlıda çox gözəl şəlalə var. Onun ətrafı da çox səfalı yerdir. Mən o şəlaləni çəkdiyim bir filmə - Kamil Cəlilovun filminə də salmışam. Hər dəfə o kadrları görəndə Yardımlını xatırlayıram. Çoxları həmin o şəlaləni görməyib, görüb gələn insanlar isə oranı çox tərifləyir ki, nə qədər gözəl yerdir”.
”Bu rayonun insanları digər bölgələrin insanlarından hansısa xüsusiyyətinə görə fərqlənirmi” sualına V.Behbudov belə cavab verdi: “Demək olar respublikanın bütün rayonlarını gəzmişəm. Və hara getmişəmsə, ağıllı insanlarla qarşılaşmışam, ümumilikdə Azərbaycan xalqının gözəl xüsusiyyətləri var, eləcə yardımlıların da. Yardımlı rayonunun insanları tərbiyəli, ağıllı, dəqiq insanlardır”.

“Yardımlı rayonu haqqında təsəvürüm yoxdur”

Millət vəkili Gövhər Baxşəliyeva bildirdi ki, onun atası bu rayonun deputatı olub. Və Yardımlı onun yaddaşında belə qalıb.
G.Baxşəliyeva bildirdi ki, Yardımlıda olmayıb və bu rayon, eləcə də buranın insanları haqqında onun çox təsəvvürü yoxdur.
“Bunu deyə bilmərəm, çünki bu rayonda heç vaxt olmamışam, təsəvvürüm yoxdur”. 

“Buranın gözəl şəlaləsi var”

AMİP-in sədri Yusif Bağırzadə hesab edir ki, Yardımlı gözəl təbiəti və kənd təsərrüfatı məhsulları ilə tanınır. “Düşünürəm ki, bu rayon ilk olaraq havası, təbiəti, meyvələri, şəlaləsi, kənd təsərrüfatı məhsulları və gözəl insanları ilə yaddaşımdadır”.
Y.Bağırzadə bildirdi ki, bütün bunlarla yanaşı, Yardımlı rayonu onun yaddaşında daha çox şəlaləsi ilə qalıb.
Bu rayonun insanlarının fərqlənməsinə gəlincə,  müsahibimiz bildirdi ki, Yardımlının insanlarını digər bölgələrin insanlarından fərqləndirən xüsusi fərqli cəhət yoxdur. Onun sözlərinə görə, təbiəti gözəl olan yerin insanlarının da təbiəti gözəl və təbii olur.
”Yardımlı insanlarına da ümumilikdə Azərbaycan xalqına xas qonaqpərvərlik, alicənəblıq, səmimilik xüsusiyyətləri xasdır”.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!