İyun ayında Milli Məclisdə dövlət büdcəsinə əlavə və dəyişikliklərin müzakirəsi gözlənilir. Bu zaman əsas müzakirə mövzüsü dövlət büdcəsindən maliyyələşən qurumlarla bağlı olacaq. Büdcəyə ediləcək dəyişikliklər nəticəsində Azərbaycanın 2011-ci ilin dövlət büdcəsinin xərclər hissəsi təqribən 1 mlrd. manata qədər artırılacaq.
Bunu hakim partiyanın rəsmi saytına açıqlamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, dəyişikliklər əsasən sosial istiqamətli olacaq: “Vəsaitlərin böyük hissəsi maaş və pensiyaların artırılmasına yönələcək”-deyə deputat vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyev bir neçə gün öncə Astara rayonunun ictimaiyyəti ilə görüşdə son illərdə maaşlar və pensiyaların bir neçə dəfə qaldırıldığını xatırladaraq “növbəti artım bir neçə aydan sonra gözlənilir” deyib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-la söhbətdə bildirib ki, dövlət büdcəsindən maliyyələşən, qurumlarda çalışanların, xüsusilə də həkimlərin və müəllimlərin əmək haqlarının artırılması müzakirələrin gündəmində olacaq.
“Əmək haqları bir neçə dəfə artırılıb. Bu respublika rəhbərinin sosial yönümlü siyasətidir. Dövlət büdcəsindən maliyyələşən, xüsusilə də aylıq orta əmək haqqı aşağı olan işçilərin, müəllimlərin və tibb sahəsində çalışanların maaşlarının artırılması gündəmdə ola bilər. Dövlətin sosial siyasəti davamlıdır və davam etməlidir”.
Modern.az