Modern.az

Deputatlara qeyri-adi şikayətlər...

Deputatlara qeyri-adi şikayətlər...

Parlament

27 Aprel 2011, 13:52

“Milli Məclisin deputatının statusunun haqqında” Qanunda göstərildiyi kimi, millət vəkillərinin fəaliyyət formalarından biri də seçicilərlə iş aparmaqdır. Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində müvafiq orqanlar qarşısında məsələlər qaldıra bilər.
Millət vəkillərinin Modern.az saytına bildirdiklərinə görə, seçicilərlə keçirdikləri mütəmadi görüşlər, qəbullar zamanı onlara müxtəlif müraciət və şikayətlər daxil olur. Deputatlar deyirlər ki, seçicilər bəzən elə müraciət və şikayətlər təqdim edirlər ki, onlara baxılması qeyri-mümkündür.

Modern.az saytı deputatlara daxil olan bu cür müraciətlərdən seçmələr təqdim edir. Beləliklə, millət vəkillləri indiyədək onlara daxil olan  ən qeyri-adi şikayətlərdən danışırlar...

Seçicinin deputatdan tələbi...

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev:
- Elə bu yaxınlarda Xətai rayon sakini tərəfindən maraqlı bir məktub almışam.
Vətəndaş bildirir ki, onun Xızı rayonunda 20 sot torpağı var. O,  torpağın sotunu 5 min manata satmaq istəsə də, “makler”lər onu aldadaraq torpağı sotunu 3 min manata almaq istəyirlər. Bununla bağlı vətəndaş məndən kömək istəyir ki, torpağın satılması ilə bağlı rayonun icra başçısına göstəriş verim. Bu göstərişə əsasən rayonun icra başçısı torpağı satmalı və bundan sonra həmin torpağın pulu ilə Bakı şəhərinin ya Xətai, ya da Suraxanı rayonunda ona ev alınmalıdır. Bunun səbəbini də vətəndaş belə izah edib ki, onun 3 övladı var və onların hər birinin ailə qurmaq hüququ var. Bu hüququn təmin edilməsi üçün millət vəkili ona kömək etməli, icra başçısına tapşırıq verməlidir. İcra başçısı da Xizidakı torpağı satıb Bakı şəhərində ona ev almalıdır.

Prezident seçkisinə qatılmaq üçün deputatdan kömək istəyən seçici

Millət vəkili Aqil Abbas:
- Prezident seçkiləri zamanı mənə bir vətəndaş tərəfindən qeyri-adi müraciət edildi. Seçkilər ərəfəsində bir nəfər köməyə ehtiyacı olduğunu bildirirdi. Mən həmin vətəndaşı köməkçimlə əlaqələndirdim və tapşırdım ki, mütləq onakömək etsin.
Sonra mənə məlumat verildi ki, bu vətəndaş prezident seçkilərində iştirak etmək istəyir. Həmin şəxs deputata müraciət etməklə namizədliyinin qeydə alınmasında ona kömək etməyi xahiş edirdi.
Mən o adamı yanıma çağırdım. Məsələhət verdim ki, harada qeydiyyatdadırsa, lazımı sənədlərini toplasın. Məlum oldu ki, onun nə qeydiyyatı var, nə də ali təhsili. Çox gülməli məqam idi. Mən dedim ki, “bəs sənin heç bir təhsilin yoxdur, niyə prezident olmaq istəyirsən?” .
Bildirdi ki, məşhur olmaq, ölkədə hamı tərəfindən tanınmaq istəyir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!