Modern.az

“Kəssə hər kim tökülən qan izini...” –  Hüseyn Cavid anıldı  

“Kəssə hər kim tökülən qan izini...” –  Hüseyn Cavid anıldı  

Aktual

25 Oktyabr 2017, 22:10

Prezident İlham Əliyevin Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tədbir keçirilib.

AYB-nin Hüseyn Cavid irsi komissiyasının sədr müavini İlqar Fəhmi tədbiri açaraq Cavid ömrünün xalqın yaddaşında ölməzliyini, əbədiliyini vurğulayıb, Hüseyn Cavid adının milli təfəkkürümüzdə böyük bir obraza çevrildiyini söyləyib.

Daha sonra çıxış edən AYB-nin Hüseyn Cavid irsi komissiyasının sədri Kəmaləddin Qədim Cavidin həyat yollarından geniş söhbət açıb, repressiya illərində şairin keçdiyi həyat yollarını əsl məğrurluq və ziyalılıq yolu adlandırıb. Komissiya sədri ayrı-ayrı dövrlərdə Hüseyn Cavidə olan münasibətdən söhbət açıb, xüsusilə Heydər Əliyevin Cavid şəxsiyyətinə böyük dəyər verdiyini qeyd edib.

Çıxış edən digər natiqlər taleyinə  ağrılı-acılı, məşəqqətli  bir ömür yazılmış Hüseyn Cavidin fəlsəfi-estetik məzmuna malik yaradıcılığından, ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymasından, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərməsindən ətraflı söhbət açıblar.

Tədbirdə Hüseyn Cavidin cənazəsinin qalıqlarını uzaq Sibirdən Azərbaycana gətirənlərdən biri, ehtiyatda olan polkovnik Həmid Cəfərovun çıxışı maraqla qarşılanıb. O, Heydər Əliyevin göstərişindən sonra 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsinin Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul edilməsindən, Sibir səfərindən, Cavidin məzarının tapılmasında qarşıya çıxan çətinliklərdən, problemlərdən, bu qərarın icra olunmasında Heydər Əliyevin qətiyyətindən maraq doğuran faktlar söyləyib. Natiq qeyd edib ki, qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz  onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir  müşküllükdən söhbət  gedə bilməzdi. Əksinə, ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki, bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü  rəhbərlik edirdi. Ədəbiyyatımızın böyük qayğıkeşi olan Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V.Andropova müraciət etmişdir. Bəli, bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Təbii ki, bütün bunları isə millətinə bağlı, qəlbində xalqının tarixi və mədəniyyətinə sonsuz sevgi hissləri olan  şəxsiyyət – Heydər Əliyev edə bilərdi.

Həmid Cəfərov tədbir iştirakçılarına Hüseyn Cavidlə bağlı nadir foto və sənədləri də nümayiş etdirib.

Tədbirin sonunda Hüseyn Cavid yaradıcılığından nümunələr söylənilib.

Qeyd edək ki, tədbir AYB-in Hüseyn Cavid irsi komissiyasının təşkilatçılığı ilə keçirilib.

    

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi